Özbəkistan Prezidenti Serbiyaya rəsmi səfər edəcək
Serbiya Prezidenti Aleksandr Vuçiçin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 7-8 sentyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə, prezidentlər arasında Belqradda danışıqlar, eləcə də iki ölkənin rəsmi və biznes icmalarının nümayəndələri ilə biznes forumu planlaşdırılır.
Danışıqlar çoxşaxəli tərəfdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, nəqliyyat, maşınqayırma, yüngül və qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq və informasiya texnologiyaları kimi prioritet sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərini əhatə edəcək.
Bundan əlavə, mütəşəkkil əmək miqrasiyası sahəsində əməkdaşlıq və regionlararası, mədəni və humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunacaq.
Danışıqlardan sonra hökumətlərarası və idarələrarası sazişlər paketinin qəbul edilməsi gözlənilir.
Aleksandar Vuçiç 2025-ci ilin oktyabr ayında Özbəkistana rəsmi səfər edib. O, həmçinin Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında iştirak edib.
Əziz Mustafa




















































































