Mitsubishi və NEC pilotsuz uçuş aparatlarının hazırlanması üzrə birgə əməkdaşlıq edəcək
Yaponiyanın Mitsubishi Heavy Industries və NEC şirkətləri müdafiə sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar. Şirkətlərin bəyanatında bildirilir ki, tərəfdaşlıq çərçivəsində pilotsuz sistemlərin, əməliyyatların planlaşdırılması, eləcə də idarəetmə və nəzarət sistemlərinin hazırlanması istiqamətində birgə fəaliyyət göstəriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə Mitsubishi Heavy Industries şirkətinin rəsmi saytı məlumat yayıb.
Əməkdaşlıq Yaponiyanın müdafiə-sənaye bazasının gücləndirilməsinə, həmçinin məlumatlar və süni intellekt sahəsində ölkənin suverenliyinin təmin edilməsinə yönəlib. Şirkətlər müdafiə sahəsində pilotsuz sistemlərdən və süni intellektdən istifadənin genişlənməsi fonunda əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Mitsubishi Heavy Industries və NEC, həmçinin müdafiə avadanlıqlarının bulud texnologiyaları ilə inteqrasiyası çərçivəsində yeni idarəetmə və nəzarət sistemlərinin hazırlanmasında iştirak etməyi planlaşdırırlar. Şirkətlər Yaponiyanın müdafiə imkanlarının gücləndirilməsinə və transformasiyasına yönəlmiş yüksək etibarlı məhsul və xidmətlər təqdim etmək üçün öz üstünlüklərindən istifadə etmək niyyətindədirlər.
Mitsubishi Heavy Industries şirkətinin prezidenti Eysaku İto bildirib ki, tərəfdaşlıq iki şirkətin texnologiya və təcrübəsini birləşdirən suveren və etibarlı müdafiə sisteminin yaradılması üçün əsas rolunu oynamalıdır.
NEC şirkətinin rəhbəri Takayuki Morita da sazişi Yaponiya texnologiyaları və ekspertizası əsasında belə bir sistemin yaradılması istiqamətində mühüm addım adlandırıb.
Almaz Həsənli




















































































