Ukrayna Beynəlxalq Mülki Aviasiya Assosiasiyasına Rusiyanın hava məkanının «təhlükəli olması» barədə rəsmi xəbərdarlıq edib

Ukrayna Beynəlxalq Mülki Aviasiya Assosiasiyasına Rusiyanın hava məkanının «təhlükəli olması» barədə rəsmi xəbərdarlıq edib

12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın infrastruktur naziri Nikolay Kalaşnik Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibi Xuan Karlos Salazar Qomesə Rusiya üzərində uçuşların təhlükəli olduğu barədə xəbərdarlıq edib. Oxuməni.az xəbər verir ki, bu barədə «Zerkalo nedeli» nəşri məlumat yayıb.

Kalaşnikin ICAO-nun baş katibinə ünvanladığı məktubda bildirilir ki, Ukrayna hələ 2022-ci ilin fevralında öz hava məkanını bağlayıb, Rusiya isə risklərə məhəl qoymayıb və bu, bir sıra aviasiya qəzalarına səbəb olub.

Kalaşnikin sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə ilə bağlı ayrılmaz hüququnu həyata keçirərək «Rusiyanın terror xarakterli hava hücumlarına lazımi qaydada cavab verməyə məcburdur».

«Biz belə bir anlayışdan çıxış edirik ki, Rusiya Federasiyasının təhrik etdiyi eskalasiya fonunda mülki hava gəmilərinin Rusiya Federasiyasının hava məkanında olması xüsusilə yüksək risklər yarada bilər. Buna görə də biz yuxarıda qeyd olunan təhlükə barədə bu qərəzsiz xəbərdarlığı etməyi özümüzün hüquqi və humanitar borcumuz hesab edirik».

Kalaşnik Rusiyada fəaliyyət göstərən «aviasiya orqanlarını, aeronaviqasiya xidmətlərinin təminatçılarını və aviaşirkətləri» mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə çağırıb. Söhbət, o cümlədən ICAO-ya üzv ölkələrin Rusiya üzərində uçuşlarını tamamilə qadağan etməsindən gedir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da Ukraynanın Rusiyanın hava məkanının təhlükəsiz olmadığı barədə ICAO-ya rəsmi məlumat verdiyini təsdiqləyib və həmin hava məkanından çəkinməyə çağırıb.

«Bu, bizim məsuliyyətli qərarımızdır — ICAO-ya, bütün aviaşirkətlərə və hökumətlərə xəbərdarlıq etmək ki, Rusiya onları məlumatlandırmaq öhdəliyini yerinə yetirməkdən imtina etsə belə, ehtiyatlı davransınlar. Biz gözlənilmədən baş verə biləcək insidentlərin qarşısını almaq istəyirik», — Sibiqa yazıb.

Bundan əvvəl Vladimir Zelenski axşam müraciətində xəbərdarlıq edib ki, Rusiya hava məkanı «təhlükəli hala gəlir», çünki «Rusiyanın səmasında dronlar elə peyda olacaq ki, bununla hesablaşmaq lazım gələcək».

«Tərəfdaşlara xəbərdarlıq edirik: Rusiyanın səmasında təhlükəsiz anlar başa çatıb», — deyə o bildirib.

Almaz Həsənli