ABŞ Qrenlandiyanın  təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür

ABŞ Qrenlandiyanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür

16:18
Bəyəndim (1) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatları Qrenlandiyanın cənubunda soyuq müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və adanın şərq sahilində daha bir baza yaratmağı planlaşdırır. Oxuməni az xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bununla bağlı Danimarka, Qrenlandiya və ABŞ arasında artıq ilkin razılıq əldə edilib. Tərəflər arasında müvafiq sənədin bu gün Nyu-Yorkda imzalanacağı gözlənilir. Hələlik sənədi təfərrüatları tam şəkildə açıqlanmayıb. Bununla belə Ağ Evin nümayəndəsi bildirib ki, sənəd Qrenlandiyanın və ABŞ-ın təhlükəsizliyini təmin edəcək.

Danimarka da öz növbəsində bildirib ki, saziş Arktikadakı təhlükəsizlik məsələlərini yalnız Vaşinqton və Kopenhagenin öhdəliyində saxlamaq əvəzinə, NATO-nun nəzarətinə verir. Bununla belə sənədin Danimarka və Qrenalndiya ilə ABŞ arasında imzalanması göstərir ki, faktiki olaraq adanın təhlükəsizliyinin təmin edilməsini NATO deyil, Ağ Ev öz üzərinə götürür.

Xatırladaq ki, Soyuq Müharibə dövründə ABŞ-ın Qrenlandiyada 17 hərbi obyekti və 10 mindən çox hərbi qulluqçusu var idi. Hazırda adada yalnız təxminən 150 Amerika hərbçisinin xidmət etdiyi "Pitufik" kosmik bazası fəaliyyət göstərir. Hələlik tərəflər arasında imzalanacaq anlaşmanın ABŞ-ın Qrenalndiyaya qarşı ərazi iddiasınının aradan qaldıra bilib-bilməyəcəyi məlum deyil.

Almaz Həsənli