Hakerlər FTB-nin saytını sındırıb və əməkdaşlarının məlumatlarını oğurlayıblar
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) saytı və onunla əlaqəli bir neçə xidmət sındırılıb. Bu barədə resurslara qanunsuz girişə görə məsuliyyəti öz üzərinə götürən beynəlxalq "ShinyHunters" haker qruplaşması iddia edir.
Oxuməni.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi "ShinyHunters" nümayəndələrinə istinadən xəbər verib.
"404 Media" portalı qruplaşma nümayəndəsinin sözlərindən sitat gətirir: "Biz FTB-ni sındırdıq. FTB-nin bütün əməkdaşları və qurumda işə düzəlmək üçün müraciət edən namizədlər haqqında məlumatlar bizim əlimizdədir".
Haker öz sözlərini sübut etmək üçün portala beş min FTB əməkdaşının konfidensial məlumatlarını ehtiva etdiyi güman edilən nümunələr təqdim edib: onların yaşayış ünvanları, telefon nömrələri və doğum tarixləri. Bəzi hallarda məlumatlar FTB agentlərinin həyat yoldaşları haqqında da bilgiləri əhatə edib.
Portalın əməkdaşları haker qruplaşmasının təqdim etdiyi məlumatların həqiqiliyini yoxlayıb və onların ən azı bir hissəsinin real olduğunu təsdiqləyiblər. Belə ki, bəzi telefon nömrələri faylda adları olan şəxslərin məlumatları ilə üst-üstə düşüb. Telefon nömrələrinin bir qismi ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarının adına qeydiyyatdadır.
Əsas saytdan əlavə, "ShinyHunters" FTB-nin vakansiya saytını da sındırıb. Sayta daxil olduqda resursun ələ keçirildiyinə dair mesaj görünür. Qruplaşma nümayəndələri FTB-nin hazırkı və keçmiş agentlərinin şəxsi və tibbi məlumatlarını ələ keçirdiklərini iddia edirlər.
Bundan əlavə, hakerlər FTB-dəki vakant vəzifələrə müraciət edənlər haqqında bütün konfidensial məlumatları əldə ediblər. FTB-nin müraciət portalı hazırda əlçatmazdır.
Almaz Həsənli




















































































