Tramp İran nümayəndə heyəti ilə məhsuldar danışıqlar apardığını bəyan edib

Tramp İran nümayəndə heyəti ilə məhsuldar danışıqlar apardığını bəyan edib

12:15
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran rəsmiləri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda bir neçə ay ərzində ilk dəfə görüşüblər. Onun sözlərinə görə, təxminən üç saat davam edən görüş "çox məhsuldar" olub.

Danışıqlarda ABŞ tərəfindən Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner, İran tərəfindən isə xarici işlər naziri Abbas Araqçı iştirak ediblər. Oxuməni.az xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, görüş Qətər və Pakistanın vasitəçiliyi ilə baş tutub.

"Bu gün BMT Baş Assambleyası çərçivəsində gün boyu tərəflər arasında vasitəçilik edən nümayəndələrin iştirakı ilə İran nümayəndə heyəti ilə uzunmüddətli danışıqlar apardıq. Konstruktiv və perspektivli olacağına ümid etdiyimiz müzakirələr raundu uğurla başa çatdı. Vasitəçilər öz işlərini davam etdirəcəklər", - deyə Uitkoff daha sonra "X" sosial şəbəkəsində bildirib.

AFP agentliyinin məlumatına görə, BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi ölkələrinin liderləri ilə görüşü zamanı Tramp İranla razılığın əldə olunması üçün "böyük təkan" olduğunu bəyan edib.

İranın dövlət mediasının məlumatına görə, Tehran danışıqlar zamanı Vaşinqtonu Hörmüz boğazından gəmiçiliyin bərpası üçün öz şərtləri barədə məlumatlandırıb. Bu şərtlərə, xüsusilə, ABŞ tərəfindən dəniz blokadasına dərhal son qoyulması, sanksiyalar səbəbindən dondurulmuş bütün İran aktivlərinin blokdan çıxarılması və hər hansı hərbi əməliyyatların dayandırılması daxildir.

Danışıqlardan əvvəl BMT-də dövlət və hökumət başçıları qarşısında çıxışı zamanı Donald Tramp İslam Respublikasını "cəhənnəmə" göndərməklə və onu "məhv etməklə" hədələyib.

Almaz Həsənli