ABŞ və Çin Si Cinpinin səfərinin statusu ilə bağlı mübahisə edib

ABŞ və Çin Si Cinpinin səfərinin statusu ilə bağlı mübahisə edib

16:21
Bəyəndim (1) Bəyənmədim (0)

Vaşinqton və Pekin bir neçə həftə ərzində Çin Xalq Respublikasının sədri Si Cinpinin qarşıdakı səfərinin dövlət səfəri hesab edilib-edilməməsi ilə bağlı mübahisə aparıblar. Nəticədə ABŞ tərəfi səfərə ən yüksək diplomatik statusun verilməsinə razılıq verib. Oxuməni az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) səfərin hazırlanmasında iştirak edən şəxslərə istinadən yazır.

Si Cinpinin ABŞ-a səfəri Çin liderinin on ildən artıq müddətdə Birləşmiş Ştatlara ilk dövlət səfəri olacaq. Proqrama Ağ Evdə rəsmi qarşılanma mərasimi, hərbi şərəf, 21 topdan yaylım atəşi və dövlət ziyafəti daxildir.

WSJ-nin məlumatına görə, Pekin Si Cinpinin qarşılanmasının miqyasının Donald Trampın may ayında Çinə səfəri zamanı təşkil olunan mərasimlərə uyğun olmasına çalışıb. Çin tərəfi, xüsusilə, iki günlük proqramın və dövlət ziyafətinin keçirilməsində israr edib. Qəzetin qeyd etdiyi kimi, Si Cinpin üçün ABŞ-ın Çinə bərabər gücə malik dövlət kimi yanaşdığını nümayiş etdirmək vacibdir.

Ağ Ev nümayəndəsi nəşrə bildirib ki, Tramp isə Çin liderini heyran etməyə və Konqresə aralıq seçkilər ərəfəsində ikitərəfli münasibətlərdə sabitliyi qorumağa ümid edir.

Bununla yanaşı, WSJ qeyd edir ki, tərəflər görüşün mərasim hissəsinə mümkün razılaşmalardan daha çox diqqət yetirirlər. Vaşinqton və Pekin texnologiyalar, süni intellekt və geosiyasi təsir məsələlərində hələlik ciddi güzəştlərə getməyə hazır deyil.

Danışıqlarda tərəflərin tariflər üzrə atəşkəsin uzadılması, ticarət, kritik əhəmiyyətli mineralların tədarükü və süni intellektdən istifadə məsələlərini müzakirə etməsi nəzərdə tutulur. ABŞ-ın maliyyə naziri Skott Bessent həmçinin süni intellektlə bağlı fövqəladə əlaqə kanalının yaradılmasını təklif edib. Tramp Çini İrana təzyiq göstərməyə inandırmağa çalışacaq, Si Cinpin isə Tayvan məsələsini və ABŞ-ın adaya silah tədarükünü gündəmə gətirməyi planlaşdırır.

Si Cinpinin ABŞ-a üçgünlük dövlət səfəri sentyabrın 23-də başlayır. Tramp Çin liderini Vaşinqton yaxınlığındakı Endryus birgə aviabazasında şəxsən qarşılayacaq. Əsas danışıqlar sentyabrın 24-də keçiriləcək, ertəsi gün isə Çin lideri Milli Arxivə baş çəkəcək.

Tramp və Si Cinpin sonuncu dəfə mayın 14–15-də Pekində görüşüblər. İlk söhbət iki saatdan çox davam edib, daha sonra liderlər işgüzar nahar və çay süfrəsi arxasında qeyri-rəsmi görüş keçiriblər.

Almaz Həsənli