Suriyanın prezidenti Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib
Suriyanın prezidenti Əhməd əş-Şaraa ABŞ lideri Donald Trampa zarafatla Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Dövlət başçıları işğal altındakı Qolan yüksəklikləri ətrafındakı vəziyyəti müzakirə edərkən Suriya prezidenti bu təklifi səsləndirib.
Oxuməni. az TASS-a istinadən xəbər verir ki, bunu Suriya lideri Nyu-Yorkda Atlantik Şurasının təşkil etdiyi tədbirdə çıxışı zamanı özü danışıb.
“Tramp ilə tamamilə unikal münasibətlərimiz formalaşıb. Lakin bir dəfə onun yanına Ağ Evə getmişdim və zarafat etdim. O, Qolan yüksəkliklərindən danışarkən onların İsrailin suverenliyi altında olduğunu deyirdi. Mən ondan soruşdum: “Niyə Nyu-Cersini israillilərə vermirsiniz? Qolan yüksəklikləri sizə məxsus deyil ki, onları kiməsə verəsiniz. Amma Nyu-Cersi sizindir. Bildiyimə görə, orada Trampa səs verməyən çoxlu demokrat var. Ona görə də onu israillilərə vermək yaxşı olardı. Ən azı bu, sizə məxsusdur. Qolan yüksəklikləri isə prezident Trampa məxsus deyil”, — deyə əş-Şaraa bildirib.
O, Qolan yüksəkliklərinin Suriyaya məxsus olduğunu da vurğulayıb.
«Beləliklə, bu zarafatı nəzərə almasaq, Qolan yüksəklikləri onların öz xalqına məxsusdur. Buna görə də nə Suriya prezidenti, nə ABŞ prezidenti, nə də başqa biri onlardan imtina etmək və ya onları başqasına vermək hüququna malikdir», — deyə Suriya lideri fikrini yekunlaşdırıb.
Almaz Həsənli




















































































