Məhkəmə Tramp administrasiyasını CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur edib
ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasını CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur edib. Oxuməni. az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hakim Tim Kelli hesab edib ki, Trampın tətbiq etdiyi qadağa böyük ehtimalla ABŞ Konstitusiyasını pozur və onun qüvvəsini 14 gün müddətinə dayandırıb. İş üzrə məhkəmə araşdırması davam edəcək.
Bir həftə əvvəl ABŞ prezidenti bu nəşrlərin jurnalistlərini saxta xəbərlər yaymaqda ittiham edərək onların Ağ Evə girişini qadağan edib. Hər üç media qurumu məhkəməyə birgə iddia ərizəsi təqdim edib. İddiada bildirilir ki, qadağa söz və mətbuat azadlığını təmin edən Konstitusiyanın Birinci Düzəlişini pozur, həmçinin jurnalistləri qanunla nəzərdə tutulmuş qaydada qərardan şikayət etmək imkanından məhrum edir.
ABŞ Ədliyyə Nazirliyi Trampın qərarını milli təhlükəsizlik mülahizələri ilə əsaslandırıb. Lakin məhkəmə bu arqumenti qəbul etməyib. İş materiallarında jurnalistlərin Ağ Evə buraxılmasının belə bir təhlükə yarada biləcəyini təsdiqləyən sübutların olmadığı bildirilib. Bundan əlavə, qadağanın səbəblərini izah edən məktublar yalnız iddia məhkəməyə verildikdən sonra göndərilib. Tramp özü isə qadağanı təhlükəsizlik məsələləri ilə deyil, saxta xəbərlərin dərc olunması ilə əsaslandırıb.
CNN, MS NOW və Politico-nu mətbuat azadlığını müdafiə edən təşkilatlar və onlarla media qurumu dəstəkləyib. Onlar jurnalistlərin redaksiya mövqeyinə görə Ağ Evə girişdən məhrum edilməsinin ABŞ Ali Məhkəməsinin formalaşdırdığı hüquqi praktikaya zidd olduğunu bildirən birgə bəyanat yayıblar. Sənədi, o cümlədən Reuters, The Washington Post və Fox News imzalayıb.
Ağ Evin televiziya hovuzuna CNN ilə birlikdə daxil olan ABŞ-ın dörd ən böyük televiziya şəbəkəsi — ABC, CBS, NBC və Fox News — həmrəylik nümayiş etdirərək Donald Trampın iştirakı ilə keçirilən tədbirləri işıqlandırmaqdan imtina edib.
Almaz Həsənli




















































































