ABŞ Suriyaya ümumi dəyəri 5 milyon dollardan çox olan 36 qədim artefaktı qaytarıb
ABŞ hakimiyyəti Suriyaya ümumi dəyəri 5 milyon dollardan çox olan oğurlanmış 36 qədim artefaktı qaytarıb. Qaytarılan əşyalar arasında qədim Palmiranın monumental daş barelyefi, Roma villasından oğurlanmış 14 nadir mozaika və yaşı üç min ildən çox olan artefaktlar var. Əşyaların təhvil-təslim mərasimi Nyu-Yorkda keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Manhetten dairə prokuroru Elvin Breqqin ofisi məlumat yayıb.
Onun sözlərinə görə, əməliyyat beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan və qədim əşyaların qanunsuz dövriyyəsinin araşdırıldığı uzunmüddətli və mürəkkəb istintaqın nəticəsi olub.
Ən qiymətli əşyalardan biri II əsrin sonlarına aid Palmira dəfn barelyefidir. Əhəngdaşından hazırlanmış heykəldə qadın və üç uşağın əhatəsində uzanmış kişi təsvir olunub. Barelyef əvvəllər qədim Palmiranın dəfn kamerasının divarında yerləşib və çəkisi 450 kiloqramdan çoxdur.
Manhetten prokurorluğunun məlumatına görə, barelyef terror təşkilatı DAEŞ-in Suriyadakı arxeoloji abidələrin sistemli şəkildə talan edilməsini təşkil etdiyi dövrdə Palmira ərazisindən çıxarılıb.
Suriyaya həmçinin qədim Roma villasından oğurlanmış 14 mozaika qaytarılıb. Onların arasında eramızdan əvvəl III əsrə aid olan və mifoloji toy səhnəsini təsvir edən iri ölçülü “Teleth və Eros” mozaikası da var.
Kolleksiyaya eramızdan əvvəl II minilliyə aid, Suriyanın şimal-qərb bölgəsindən gətirilmiş üç qadın Suriya-Hett heykəlciyi də daxil edilib.
Qaytarılan əşyaların əhəmiyyətli hissəsi qədim əşyaların qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən şəxslərin və iri özəl kolleksiyaçıların fəaliyyətinin araşdırılması çərçivəsində aşkar edilib. Dörd artefakt əvvəllər amerikalı milyarder Maykl Steynhardın kolleksiyasında olub. Prokurorluq ondan ümumilikdə təxminən 70 milyon dollar dəyərində 180 qədim əşya müsadirə edib.
Təhvil-təslim mərasimində ABŞ dövlət katibinin müavini Kristofer Landa, ABŞ-ın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barak, Suriyanın Vaşinqtondakı müvəqqəti işlər vəkili Məhəmməd Nasir Kanatri və Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Olagi iştirak ediblər.
Suriya tərəfi relikviyaların qaytarılmasını Dəməşq və Vaşinqtonun mədəni irsin qorunması sahəsində əməkdaşlığının nəticəsi kimi qiymətləndirib.
“Suriyalı-Amerika əməkdaşlığı sayəsində Suriyanın tarixinin bir hissəsi nəhayət öz vətəninə qayıdır”, – deyə Kanatri bildirib.
Elvin Breqq vurğulayıb ki, mədəni sərvətlərin qaytarılması tarixi irsin qorunmasının dövlət sərhədlərindən və milli mənsubiyyətdən kənara çıxdığını göstərir.
Almaz Həsənli




















































































