Türkiyə və Rusiya İstanbulda qaz ticarət mərkəzi açır
Türkiyənin “Botas” və Rusiyanın “Qazprom” şirkətlərinin iştirakı ilə beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində qaz ticarət mərkəzi 2025-ci ildə yaradılacaq. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Milliyet” qəzetinə məlumat verib.
"Biz Botas və Qazprom ilə birgə 2025-ci ildə İstanbul maliyyə mərkəzində ticarət platforması işlədəcək güclü bir infrastruktur yaratdıq. Biz onlara anlaşma memorandumu göndərdik", - Bayraktar bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana bu istiqamətdə “Qazprom”a göstəriş verəcəyini təsdiqləyib. Qazın qiyməti İstanbulda müəyyənləşəcək. Nazir bildirib ki, indi Rusiya qazını satanda deyəcək: “Mən bu qazı İstanbul qaz indeksi düsturu ilə satıram”.
Türkiyədə qovşağın yaradılması ideyası 2022-ci ildə Rusiya qazının Avropaya boru kəməri ixracının azalması fonunda irəli sürülüb. Ərdoğan beynəlxalq qaz qovşağının yaradılması məsələsi üzərində işləmək barədə göstəriş verib. O, bu barədə 2022-ci il oktyabrın 14-də Putinlə danışıqlardan sonra məlumat verib. İlkin olaraq Moskvada keçirilən Rusiya Enerji Həftəsi (REW-2022) forumunda Türkiyədə mərkəzin yaradılmasının zəruriliyinə diqqət çəkən Rusiya prezidenti olub.
Almaz Həsənli