
Yaponiya Özbəkistandan 10 min mütəxəssisi işə götürəcək
Özbəkistanın Xarici Əmək Miqrasiyası Agentliyi və “Japan-China-Asia Medical Educational Cultural Exchange General Incorporated Foundation” (JCAEMCE) arasında Özbəkistan vətəndaşlarının Yaponiyada işlə təmin olunması haqqında saziş imzalanıb.
Özbəkistan departamentinin mətbuat xidmətinin məlumatına görə, saziş 5 il ərzində 10 min nəfərin rəsmi işlə təmin olunması imkanını nəzərdə tutur.
Yaponiyada işləmək üçün namizədlər yapon dili və davranış qaydaları üzrə hazırlıq kursları keçməlidirlər. Onlar da imtahan verməlidirlər.
Daşkənd, Səmərqənd və Namanqan vilayətlərində “Yapon Mahorat Nuri” tədris mərkəzləri açılacaq.
Bundan əlavə, iyun ayında “WiseBridge” xüsusi onlayn platforması fəaliyyətə başlayacaq və onun köməyi ilə namizədlər müstəqil olaraq vakansiyalar axtara və yapon işəgötürənləri ilə birbaşa əlaqə saxlaya biləcəklər.
Özbəkistan nümayəndə heyətinin Yaponiyaya səfəri zamanı viza rejiminin sadələşdirilməsi, miqrasiya prosedurlarının rəqəmsallaşdırılması və ölkəyə giriş icazələrinin alınması üçün tələb olunan vaxtın azaldılması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Yaponiyada Özbəkistan vətəndaşlarının hüquqi müdafiəsini təmin etmək və qeyri-qanuni miqrasiyanın qarşısını birgə almaq barədə razılığa gəliblər.
Yaponiyanın ədliyyə naziri Keisuke Suzuki xüsusi ixtisasa malik mütəxəssislər üçün texniki təcrübə proqramı və sadələşdirilmiş viza sisteminin Özbəkistan vətəndaşları üçün yeni imkanlar açdığını vurğulayıb.
"Onlar Yaponiyada qanuni və təhlükəsiz əmək fəaliyyətini həyata keçirə, yüksək mədəniyyətli iş mühitində təcrübə qazana və öz potensiallarını üzə çıxara biləcəklər", - o qeyd edib.
Belə bir saziş üzrə danışıqlar 2017-ci ildən davam edir.Eyni zamanda, Özbəkistandan Yaponiyaya minə yaxın tibb bacısının cəlb edilməsi imkanları müzakirə olunub.
2019-cu ildə Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Takumi Nemoto Daşkəndə səfər edib. O bildirib ki, yeni miqrasiya qanunvericiliyi sayəsində Özbəkistan işçi qüvvəsinin qəbulu üçün prioritet ölkələr siyahısına daxil edilə bilər.
Almaz Həsənli