Məlum oldu ki, Ayda su necə yaranıb
Beynəlxalq alimlər qrupu Ayda suyun bir böyük hadisə nəticəsində deyil, milyard illər ərzində tədricən toplandığı qənaətinə gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalında dərc olunan məqalədə məlumat verilir.
Ayda buz uzun müddətdir ki, əsas sirlərdən biri hesab olunur: onun izləri cənub qütbündəki kraterlərdə aşkar edilib, lakin mənşəyi aydın deyildi.
Yeni tədqiqat göstərir ki, su, ehtimal ki, 3-3,5 milyard il ərzində tədricən yığılıb. Tədqiqatın həmmüəllifi Pol Heyn qeyd edib ki, "Görünür, ən qədim kraterlərdə ən çox buz var. Bu o deməkdir ki, proses demək olar ki, fasiləsiz davam edib".
Alimlər suyu birdən-birə, məsələn, böyük bir kometin düşməsindən sonra əmələ gəlməsi hipotezini istisna ediblər. Bunun əvəzinə bir neçə mənbə nəzərdən keçirilir: Ayın daxili hissəsindən suyu çıxara bilən qədim vulkanizm, kometlər və asteroidlər, həmçinin günəş küləyi, zamanı hidrogen Ayın səthi ilə qarşılıqlı təsir edərək su əmələ gətirir. Buz "soyuq tələlər" adlanan yerlərdə saxlanılır - bu, daimi kölgədə olan və milyard illərdir Günəş tərəfindən işıqlandırılmayan kraterlərdir.
NASA missiyasının məlumatları və modelləşdirmə vasitəsilə alimlər ən qədim və ən uzun müddət kölgədə qalan kraterlərdə ən çox buzun olduğunu müəyyən ediblər. Məsələn, Ayın cənub qütbündəki Havort krateri, 3 milyard ildən çoxdur kölgədədir və suyun əsas "rezervuarlarından" biri ola bilər. Buzun paylanması qeyri-bərabər olub - bu, bəzi kraterlərdə çox, digərlərində isə demək olar ki, heç olmamasını izah edir.
Əsas müəllif Oded Aharonsonun sözlərinə görə, Ayda suyun mənşəyini anlamaq təkcə elm üçün deyil, həm də gələcək missiyalar üçün vacibdir. Buzu içməli su və hətta yanacaq mənbəyi kimi istifadə etmək olar - hidrogen və oksigenə ayırmaqla.
Suyun mənşəyi sualına tam cavabı yalnız birbaşa tədqiqatlar verə bilər - Ayın səthindən nümunələrin analizi və ya onların Yerə gətirilməsi.
Almaz Həsənli





























































































