
"Barselona" "Real Sosyedad"ı məğlub edərək La Liqanın turnir cədvəlinə başçılıq edib
Kataloniya təmsilçisi "Barselona" "Real Sosyedad"ı məğlub edərək, "Real Madrid"i qabaqlayaraq La Liqanın turnir cədvəlinə başçılıq edib.
Oxuməni.az xəbər verir ki, İspaniya Primerasının 7-ci tur matçında "Barselona" "Real Sosyedad"a 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşma Barselonadakı “Olympic Lluís Companys” stadionunda baş tutub. Alexandro Hernándes hakim funksiyasını yerinə yetirib.
31-ci dəqiqədə Alvaro Odriosola hesabı açaraq, Bask diyarının komandasını önə keçirib. 43-cü dəqiqədə Jül Kunde bərabərlik qolunu vurub. Robert Levandovski 59-cu dəqiqədə katalonları hesabda önə keçirib. Bu oyundan sonra "Barselona" 19 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir, "Real Sosyedad" isə 5 xalla 17-ci yerdədir.
Növbəti mərhələdə katalonlar oktyabrın 5-də səfərdə “Sevilya” ilə qarşılaşacaq, Basklar diyarının təmsilçisi isə həmin gün “Rayo Valyekano”nu qəbul edəcək.
Almaz Həsənli