
Azərbaycanda III MDB Oyunlarına yekun vurulub
Oktyabrın 8-də axşam Gəncə şəhər stadionunda III MDB Oyunlarının rəsmi bağlanış mərasimi olub. 23 idman növü üzrə medalların təqdim olunduğu yarış 13 gün davam edib.
MDB Oyunlarında Müstəqil Dövlətlər Birliyinin səkkiz ölkəsindən, həmçinin Türkiyə, Kuba, Küveyt, Oman və Pakistandan idmançılar iştirak ediblər.
“Onlar 235 medal uğrunda mübarizə apararaq, milyonlarla azarkeşə və idman həvəskarına unudulmaz sevinc, həyəcan və qürur anları yaşatdılar”, - deyə III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov bağlanış mərasimində bildirib. "Biz III MDB Oyunlarında iştirak edən bütün idmançılara bu anlara və doğurduğu qürur hissi üçün təşəkkür edirik. İdmançıların mübarizəsi, fədakarlığı, iradəsi bizi ruhlandırır və gələcək uğurlarının əsasını qoyur".
Sonra rəsmi Oyunlar mahnısının sədaları altında 2025-ci il Oyunlarının çempionu olan doqquz Azərbaycan idmançısı MDB bayrağını endirdi. Bayraq növbəti Oyunların keçiriləcəyi ölkəyə təqdim edilmək üçün MDB İcraiyyə Komitəsinə təhvil veriləcək. “TASS”-ın daha əvvəl xəbər verdiyi kimi, 2027-ci ildə MDB Oyunlarının keçiriləcəyi yer hələ müəyyən edilməyib. Qazaxıstan və Qırğızıstan bu çoxnövlü yarışlara ev sahibliyi etmək təklifindən imtina ediblər.
Bağlanış mərasimi bayram konserti ilə davam edib və yekunlaşdıqdan sonra rəngarəng atəşfəşanlıq stadionun səmasını işıqlandırıb.
Rusiya 130 qızıl, 61 gümüş və 40 bürünc medal qazanaraq, medalların hesabında qalib gəliblər. Azərbaycan ikinci (184 medal: 33 qızıl, 56 gümüş və 95 bürünc), ilk üçlüyü isə Belarus idmançıları (122; 32, 38 və 52) tamamlayıb.
Birinci MDB Oyunları 2021-ci ilin sentyabrında Kazanda, ikincisi isə 2023-cü ilin avqustunda Belarusda keçirilib. Oyunlara ev sahibliyi etmək ideyası Rusiya tərəfindən irəli sürülüb və təklif MDB Dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci ildə Düşənbədə keçirilən iclasında dəstəklənib.
Almaz Həsənli