
Azərbaycan Gürcüstanda ən böyük stadion tikə bilər
Gələn ilin yazında Tbilisidə Gürcüstanın ən böyük stadionunun tikintisinə başlanılacaq. Layihəni Gürcüstan-Azərbaycan birgə şirkəti həyata keçirə bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Gürcüstanın ən böyük idman stadionunun layihələndirilməsi və tikintisi üzrə ölkənin İnfrastruktur Nazirliyinin avqust ayında elan etdiyi tenderə üç şirkət təklif verib.
Bildirilir ki, 70 min yerlik stadionu üç şirkətdən biri tikə bilər: Gürcüstan şirkəti, Gürcüstan-Azərbaycan şirkəti və Türkiyə şirkəti.
Tenderin saytında yer alan məlumata görə, təklifləri Gürcüstanın “Anagi” şirkəti, Gürcüstan-Azərbaycan şirkəti “Makro Construction”, “İnşaatçı” MMC və Türkiyənin “YDA İNŞAAT” şirkətləri təqdim ediblər. Layihənin dəyəri əvvəllər 876 milyon lari (324 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilirdi. Gürcüstan şirkəti layihəni 850 milyon lariyə (313,6 milyon ABŞ dolları), Gürcüstan-Azərbaycan şirkəti 789,4 milyon lariyə (291,2 milyon ABŞ dolları), Türkiyə şirkəti isə 744,9 milyon lariyə (275 milyon ABŞ dolları) stadion tikintisini öhdəsinə götürməyə hazırdır.
Stadionun tikintisinə gələn ilin aprelində başlanılması planlaşdırılır. Stadionun 2028-ci ilə qədər hazır olacağı gözlənilir, çünki Gürcüstan Tbilisidəki yeni stadionda 2028-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün ərizə təqdim etmək niyyətindədir.
Stadion Tbilisi beynəlxalq hava limanının yaxınlığında tikiləcək və təkcə idman tədbirləri üçün deyil, həm də konsertlər üçün istifadə olunacaq.
Almaz Həsənli