Azərbaycanlı pilot "Maklaren"dən təklif alıb

Azərbaycanlı pilot "Maklaren"dən təklif alıb

10:38
Bəyəndim (1) Bəyənmədim (0)


Azərbaycanlı pilot Davin Cəfərov mövsümün son mərhələsində Portuqaliyanın Bombarral beynəlxalq trasında uğurlu nəticə göstərib.
Oxuməni.az-ın “Azerisport.com”-a istinadla verdiyi məlumata görə, BMB mühərrikli EK125 kartinq kateqoriyasındakı yarışda Cəfərov lider kimi start verib, yarımfinalda isə mühərrik nasazlığı səbəbindən finişə çata bilməyib. Buna baxmayaraq, finalda o, əla performans nümayiş etdirərək bir neçə rəqibini qabaqlayıb və 2-ci yeri tutub. Mükafatlandırma mərasimində Cəfərov EK125 kateqoriyasında Portuqaliyanın ən sürətli pilotu kubokunu qazanıb.
Bir qədər əvvəl İtaliyada keçirilən Dünya Kubokunda Cəfərov rekord sayda (24) ötüşmə həyata keçirərək əvvəlki rekordu (12) yenib və bir neçə dəfə ən yaxşı dövrə nəticəsini göstərib. Təmsilçimizin beynəlxalq arenada uğurlu çıxışı Portuqaliyanın "Maklaren GT4" komandasının rəhbərliyinin diqqətini cəlb edib. Yarışdan sonra Davin Eştoril şəhərindəki məşhur "Autódromo Fernanda Pires da Silva" trasında keçiriləcək test yürüşlərinə dəvət olunub. Cəfərovun yüksək potensialı və dünya səviyyəli yarışlarda uğur qazanma ehtimalı "Renault" komandasını da maraqlandırıb. Komanda nümayəndələri 16 yaşlı gənc pilotu "Formula-4" testlərinə dəvət ediblər.
Daha əvvəl Cəfərov "Formula 4 Aston Martin junior development" komandasından təklif alıb. Gənc azərbaycanlı pilotun qarşısında yeni imkanlar açılıb və o, dekabrın sonuna qədər qərar qəbul etməlidir.
Oxuməni.az