Ermənistanın Federasiya prezidenti Azərbaycana görə FİS-ə təzyiq edir
Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti Qaqik Sargsyan sosial şəbəkələrdə canlı yayım zamanı bəyan edib ki, federasiya İtaliyada keçirilən xizək sürmə üzrə Dünya Kuboku mərhələsində baş vermiş insidentdən sonra milli komandanın üzvü Mikael Mikaelyana tətbiq edilən cəriməni tamamilə ödəyəcək. Bu barədə Oxuməni.az “sportaran.com”-a istinadən xəbər verir.
Söhbət dekabrın 31-də baş tutan yarışlardan gedir. Bu zaman erməni idmançı start zonasına daxil olarkən yarış formasındakı "Azərbaycan" sözünü yapışqanla örtmüşdü. Mərhələnin təşkilatçıları rəsmi sponsor nişanının belə dəyişdirilməsinin qaydaların pozulması olduğunu bildirib və idmançıya cərimə tətbiq ediblər. Bununla belə, Mikaelyana yarışda iştirak etməyə icazə verilib və o, diskvalifikasiya olunmayıb.
"Mikael Mikaelyanın hərəkətlərini alqışlayıram. Federasiya cəriməni tam məbləğdə ödəyəcək", - deyə Qaqik Sargsyan Facebook-da canlı yayım zamanı bildirib və federasiyanın idmançının mövqeyini tam dəstəklədiyini vurğulayıb.
Sargsyanın sözlərinə görə, insident Beynəlxalq Xizək və Snoubord Federasiyası (FİS) ilə 2025-ci ilin may ayında bağlanmış mübahisəli sponsorluq müqaviləsinin nəticəsidir. Bu müqavilə çərçivəsində Azərbaycan Dövlət Turizm Agentliyi federasiyanın əsas sponsorlarından biri olub, bundan sonra "Azərbaycan" adı Dünya Kuboku mərhələləri və dünya çempionatları daxil olmaqla, böyük beynəlxalq yarışlarda idmançıların formasının məcburi elementi halına gəlib.
Onun sözlərinə görə, Azərbaycanda inkişaf etmiş xizək idmanı faktiki olaraq mövcud deyil – fəaliyyətdə olan klublar, peşəkar idmançılar və mütəmadi yarışlar yoxdur, ölkənin FİS-ə üzvlüyü isə nisbətən yaxın zamanda rəsmiləşdirilib.
Sargsyan həmçinin xatırladıb ki, FİS konqresi zamanı Azərbaycanın federasiyanın tələblərinə uyğunluğu məsələsini qaldırıb.
"Qanuna görə, milli federasiyanın idmançıları və klubları olmalıdır. Mən birbaşa sual verdim – onlar varmı? Mənə cavab verdilər ki, bu istiqamətdə işlər aparılır", - deyə o bildirib.
Ermənistanın etirazlarına baxmayaraq, Azərbaycan federasiyanın tamhüquqlu üzvü kimi qəbul edilib və sonradan onun əsas sponsorlarından biri olub. Bu fonda Sargsyan, Azərbaycanda xizək növlərində aktiv idmançıların olmamasına baxmayaraq, artıq Dünya Kuboku mərhələlərinə ev sahibliyi etdiyini və bu sahənin inkişafına əhəmiyyətli vəsait yatırdığını diqqətə çatdırıb.
Almaz Həsənli






























.jpg)


.jpg-1-1.jpg)

.jpg)





















































