İran millisi ABŞ-da keçiriləcək futbol üzrə Dünya Çempionatında oynamağa hazır olduğunu bildirib
İran millisi Kanadada, Meksikada və ABŞ-da keçiriləcək futbol üzrə 2026-cı il Dünya Çempionatına yollanacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “AP” Asiya Futbol Konfederasiyasının (AFK) baş katibi Con Vindzora istinadən məlumat yayıb.
"İran oynayacaq. Onlar AFK-nın üzvüdürlər və biz onların oynamasını istəyirik. Nəticədə, onların oynayıb-oynamayacağına İran Futbol Federasiyası qərar verməlidir. Bu günə qədər onlar bizə Dünya Çempionatına gedəcəklərini bildiriblər", - Vindzor deyib.
İran millisi Amerika ərazisində Yeni Zelandiya, Belçika və Misir komandaları ilə oynamalıdır. Daha əvvəl İranın idman naziri Əhməd Dünyamalı komandanın Dünya Çempionatında mümkün çıxışı barədə danışmışdı. "Bizim belə bir şeydə iştirak etmək imkanımız qətiyyən yoxdur", - o qeyd etmişdi. ABŞ prezidenti Donald Tramp iranlıların Dünya Çempionatında iştirakının yersiz olduğunu bəyan etdikdən sonra Dünyamalı əlavə etmişdi ki, planetar forumun iştirakçıları sırasından amerikalıların özləri çıxarılmalıdır, çünki onun fikrincə, onlar təhlükəsizliyi təmin edə bilmirlər.
2026-cı il Dünya Çempionatı ABŞ, Meksika və Kanadada 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək. İran artıq turnirə vəsiqə qazanıb.
Almaz Həsənli

























































































