Azərbaycanın mini-futbol üzrə yığması Avropa Çempionatının finalına yüksəldi

Azərbaycanın mini-futbol üzrə yığması Avropa Çempionatının finalına yüksəldi

10:17
Bəyəndim (1) Bəyənmədim (0)


Azərbaycanın mini-futbol üzrə yığması Avropa çempionatının yarımfinal matçını keçirərək, Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa Çempionatının finalına vəsiqə qazanıb.
Oxuməni.az-ın məlumatına görə, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Avropanın hazırkı çempionu Serbiya üzərində qələbə qazanıb.
“Tipos Arena”da keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı 12-ci dəqiqədə Xətai Bağirov açıb. Serblər yeddi dəqiqə sonra hesabı bərabərləşdiriblər - Marko Vujoviç fərqlənib.
Qalib penaltilər seriyasında müəyyənləşib, burada azərbaycanlı futbolçular daha dəqiq olublar - 3:1.
Matçdan sonrakı seriyada Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarov dəqiq zərbələr endiriblər.
Beləliklə, finalda Azərbaycan Macarıstanı 5:1 hesabı ilə məğlub edən Ukrayna ilə qarşılaşacaq.
Final bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Daha əvvəl "millimiz" Avstriyanı (1:0), İtaliyanı (3:0), Fransanı (3:2), Qazaxıstanı (3:2) və Çexiyanı (5:2) məğlub edib.
Xatırladaq ki, Azərbaycan yığması 2022-ci ilin Avropa Çempionudur.
Almaz Həsənli