Azərbaycanın 3x3 qadın basketbol komandası Dünya Çempionatında 4-cü yeri tutdu
Polşanın Varşava şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Çempionatı başa çatıb.
Oxuməni.az xəbər verir ki, tarixində ilk dəfə Dünya Çempionatında iştirak edən Azərbaycanın 3x3 qadın basketbol “milli”si 4-cü yeri tutub.
Əvvəlcə Azərbaycan yığması (Dina Ulyanova, Aleksandra Mollenhauer, Erika Karter və Brianna Freyzer) yarımfinalda ABŞ-a əlavə vaxtda (18:19) məğlub olub.
Bürünc medal uğrunda oyunda zədələnən Brianna Freyzer olmadan çıxış edən komandamız Niderlanda 14:21 hesabı ilə uduzub.
Qeyd edək ki, daha əvvəl "millimiz" A qrupunda 2-ci yeri tutaraq Madagaskarı (21:13), Çexiyanı (14:11), Polşanı (20:13) məğlub edib, Niderlanda (13:19) uduzub, sonra pley-offda Litvanı (14:12) və 1/4 finalda Almaniyanı (18:16) məğlub edib.
Almaz Həsənli
























































































