BOK Olimpiya Xartiyasına bitərəfliklə bağlı düzəlişlər etdi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) siyasi bitərəflik prinsipini əhatə edən Olimpiya Xartiyasına düzəlişləri təsdiqləyib. Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, BOK-un İcraiyyə Komitəsi tərəfindən təklif olunan dəyişikliklər iyunun 24-də Cenevrədə keçirilən iclasda qəbul edilib.
Edilən düzəlişlər Olimpiya Xartiyasının idmanın siyasi müdaxilədən azad olması barədə müddəalarını gücləndirir. Digər məsələlərlə yanaşı, BOK -un "dövlət, mədəni, ictimai və ya iqtisadi qurumların hər hansı bir təzyiqi olmadan, istənilən vaxt" bitərəfliyi təmin etməkdə rolu vurğulanır.
Bundan əlavə, Olimpiya Xartiyasının 5-ci bəndində "Olimpiya hərəkatına daxil olan idman təşkilatları istənilən vaxt bitərəfliliyə riayət etməlidirlər" qeyd olunur.
BOK-dan bildirilib ki, bu islahat idmançıları və yarışları kənar müdaxilədən qorumaq və Olimpiya Oyunlarının siyasi məqsədlər üçün istifadəsinin qarşısını almaq məqsədi daşıyır. BOK -un sədri Kirsti Koventri bildirib ki, bitərəfliklə bağlı düzəlişlər "Olimpiya Oyunlarını unikal edən şeyi - bütün dünyanın idman vasitəsilə birliyini və sülhsevər rəqabəti qorumaq" məqsədi daşıyır.
"Biz Olimpiya Oyunlarının ən unikal cəhətlərindən birini qorumağa çalışırıq - dünyanın hər bir guşəsindən olan idmançıların sülh yolu ilə yarışlarda iştirak etmək imkanını. Bu yalnız idmanın bitərəf bir məkan olaraq qalması, hər bir idmançının qarşılandığı, hamıya eyni hörmətin göstərildiyi, insanların fikir ayrılıqlarına baxmayaraq bir araya gələ bildiyi zaman mümkündür. İştirak siyasi deyil, idman nailiyyətləri ilə müəyyən edilməlidir", - deyə o vurğulayıb.
Bu qərarın rusiyalı idmançıların beynəlxalq yarışlara tam qayıtmasının yolunu açırmı sualına cavab verən Koventri qeyd edib ki, BOK-un bu dəyişikliklərin idmançılara münasibətdə praktikada necə tətbiq olunacağını anlamaq üçün vaxt lazımdır.
BOK-un iclasından əvvəl də idmançıların siyasi bitərəfliyi ilə bağlı düzəlişlərin edilməsinin rusiyalı idmançıların beynəlxalq idmana tam qayıtmasının qarşısındakı maneələri zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar ifadə olunmuşdu.
Hüquq müdafiə təşkilatı Global Athlete-in baş direktoru Rob Kehler hesab edir ki, BOK-un qərarı Olimpiya hərəkatına xələl gətirə bilər. "Mesaj çox aydın olacaq: müharibə, sistematik dopinq və Olimpiya Xartiyasının təkrarlanan pozulması artıq tam iştiraka maneə deyil", - deyə o bildirib.
Almaz Həsənli























































































