DÇ-2026: Norveç, Fransa və Meksika komandaları 1/8 finalda oynayacaqlar

DÇ-2026: Norveç, Fransa və Meksika komandaları 1/8 finalda oynayacaqlar

10:36
Bəyəndim (1) Bəyənmədim (0)

Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.

Dünən axşam və bu gün səhər 2026-cı il futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirildi.

Oxuməni.az xəbər verir ki, Norveç millisi Kot-d’İvuar komandasını 2:1 hesabı ilə məğlub edib. 39-cu dəqiqədə Antonio Nusa hesabı açaraq norveçliləri irəli çıxarıb. 74-cü dəqiqədə Amad Diallo hesabı bərabərləşdirib. Qələbə qolunu 86-cı dəqiqədə Erlinq Haaland vurub.

1/8 finalda norveçlilər braziliyalılarla qarşılaşacaqlar. Görüş iyulun 6-da Nyu-Cersidə (ABŞ) Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Fransa millisi İsveç komandası üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Kilian Mbappe dubl edib, daha bir qolu Bredli Barkola vurub. Maykl Olise iki məhsuldar ötürmə ilə yadda qalıb.

Didye Deşamın komandasının növbəti rəqibi Paraqvay millisi olacaq. Matç iyulun 5-də Filadelfiyada keçiriləcək və saat 01:00-da başlayacaq.

Meksika millisi dünya çempionatında dörd oyunda dördüncü qələbəsini qazanıb. Mexikoda, pis hava şəraiti səbəbindən bir saat gec başlayan oyunda turnirin ev sahibləri Ekvadoru (2:0) məğlub edərək 1/8 finala yüksəliblər.

Meksika millisi 22-ci dəqiqədə Xulian Kinyonesin qolu ilə irəli çıxıb. 31-ci dəqiqədə Raul Ximenes komandasının üstünlüyünü ikiqat artıraraq yekun hesabı müəyyənləşdirib. 90+5-ci dəqiqədə maraqlı epizod yaşanıb: Ekvador müdafiəçisi Pyero İnkapie əlləri ilə ağzını örtməsi səbəbindən qırmızı vərəqə alıb. O, rəqibi ilə sözlü mübahisə zamanı ağzını əlləri ilə örtüb – yeni qaydalara görə bu, meydandan qovulma ilə cəzalandırılır.

Meksikalılar 1/4 finala çıxmaq uğrunda İngiltərə – Konqo DR görüşünün qalibi ilə oynayacaqlar. İngiltərə – Konqo DR oyunu bu gün Atlantada (ABŞ) Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar Ictimai TV kanalında canlı yayımlanır) :

01 iyul 2026-cı il

1/16 final: İngiltərə - Konqo Demokratik Respublikası, saat 20:00

02 iyul 2026-cı il

1/16 final: Belçika - Seneqal, saat 00:00

1/16 final: ABŞ - Bosniya və Herseqovina, saat 04:00

2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.

Almaz Həsənli