UEFA Çempionlar Liqası: "Sabah" səfərdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacaq
Bu gün Azərbaycanın "Sabah" klubu futbol üzrə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Oxuməni az-ın məlumatına görə, Valdas Dambrauskasın yetirmələri səfərdə Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcək.
Kuopio şəhərindəki "Savon Sanomat Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı israilli hakim Qal Leyboviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bakıdakı ilk görüş Azərbaycan klubunun 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə qalib gələn tərəf nüfuzlu avrokubokun üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın "Orhus" və Polşanın "Lex" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq (ilk oyun – 1:4). Məğlub olan tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) – "Universitatya" (Krayova, Rumıniya) cütünün məğlubu ilə mübarizə aparacaq (ilk oyun – 1:0).
Almaz Həsənli























































































