UEFA Çempionlar Liqası: "Sabah" "Orhus"u darmadağın edərək pley-off mərhələsinə yüksəldi
"Sabah" dünən UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Danimarkanın "Orhus" komandası ilə qarşılaşıb.
Matç Masazırda, "Bank Respublika Arena"da keçirilib.
Oxuməni.az-ın məlumatına görə, "Sabah" cavab matçında inamlı geri dönüş edib. İlk görüşdə 1:2 hesabı ilə məğlub olan meydan sahibləri "Orhus"u 4:0 hesabı ilə darmadağın ediblər. İki oyunun cəmi — 5:2!
İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyi ikinci yarıda həll olunub. 59-cu dəqiqədə Velko Simiç hesabı açıb, 67-ci dəqiqədə isə Stiv Solved ikinci qolu vurub. 78-ci dəqiqədə Coy-Lens Mikels Azərbaycan təmsilçisinin üstünlüyünü böyük hesaba çatdırıb. Oyunun sonlarında, 89-cu dəqiqədə fərqlənən Ksander Severina matçın yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, Çempionlar Liqasının təsnifat mərhələsində ilk dəfə iştirak edən "Sabah" pley-off mərhələsinə vəsiqə qazanıb. Ötən mövsüm "Qarabağ"ın yüksəldiyi əsas mərhələyə çatmaq üçün cəmi bir addım qalıb.
Çempionlar Liqasının pley-off mərhələsində Valdas Dambrauskasın komandası İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq. İsrail təmsilçisi iki oyunun cəmində Serbiyanın "Srvena Zvezda"sını mübarizədən kənarlaşdırıb (1:0, 2:0).
UEFA-nın saytının məlumatına görə, komandalar avqustun 19-da Buxarestdə, avqustun 25-də isə Bakıda qarşılaşacaqlar. "Hapoel" ev oyunlarını neytral meydanda keçirir. Buxarestdəki oyun Bakı vaxtı ilə saat 23:00-da, Bakıdakı matç isə saat 20:45-də başlayacaq.
Almaz Həsənli
https://youtu.be/k5oOHazMX94?


























































































