“PSJ” və “Aston Villa” UEFA Super Kuboku uğrunda mübarizə aparacaq
Bu gün UEFA Super Kuboku uğrunda həlledici qarşılaşma keçiriləcək.
Oxuməni.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının qalibi “Paris Sen-Jermen” UEFA Avropa Liqasının qalibi “Aston Villa” ilə Super Kubok matçında qarşılaşacaq. Oyun Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena” stadionunda keçiriləcək və yeni Avropa futbol mövsümünə rəsmi start verəcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi 34 yaşlı somalili Ömər Artaandır.
Paris təmsilçisi üçün qarşıdakı görüş nüfuzlu kuboku ardıcıl ikinci il qazanmaq imkanı olacaq. Ötən mövsüm Fransa klubu İtaliyanın Udine şəhərində keçirilən Super Kubok finalında dramatik penaltilər seriyasında Londonun “Tottenhem” klubunu məğlub edib.
Luis Enrikenin komandası turnirin müasir tarixində yalnız Madrid “Real”ının əldə etdiyi nailiyyəti təkrarlamağa iddialıdır. İspaniya nəhəngi 2016 və 2017-ci illərdə iki il ardıcıl UEFA Super Kubokunun qalibi olub.
“Aston Villa” isə matça Avropa Liqasının qalibi statusunda çıxacaq. Birmingem təmsilçisi may ayında İstanbulda keçirilən möhtəşəm finalda “Frayburq”u məğlub edərək nüfuzlu avrokuboku qazanıb.
İngiltərə klubunun UEFA Super Kubokunda qələbə təcrübəsi də var. 1982/83 mövsümündə “Aston Villa” iki oyunun nəticəsinə əsasən “Barselona”nı 3:1 hesabı ilə məğlub edib.
PSJ ilə “Aston Villa”nın şəxsi görüşlərinin tarixi isə cəmi iki matçdan ibarətdir. Hər iki qarşılaşma 2024/25 mövsümündə Çempionlar Liqasının 1/4 finalında baş tutub. Həmin vaxt Paris klubu iki oyunun nəticəsinə əsasən 5:4 hesabı ilə üstün olub. İlk görüşdə 5:1 hesabı ilə inamlı qələbə qazanan fransızlar cavab matçında birmingemlilərin güclü hücumu ilə üzləşib və “Aston Villa” inanılmaz geridönüşə çox yaxın olub.
Növbəti qollu qarşılaşmanın Zalsburqda da təkrarlanması mümkündür. Hər iki komandaya ispan mütəxəssislər — Luis Enrike və Unay Emeri rəhbərlik edir. Onların komandaları ənənəvi olaraq hücumameyilli, kombinasiyalı və baxımlı futbola üstünlük verirlər.
Almaz Həsənli























































































