UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"ə qarşı

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"ə qarşı

10:20
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın "Sabah" klubu futbol üzrə UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off oyununda ilk matçına çıxacaq.

Oxuməni az-ın məlumatına görə, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda neytral meydanda İsrailin "Hapoel Beer-Şeva" klubu ilə qarşılaşacaq.

Görüş Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi Davide Massa (İtaliya) olacaq.

Formal olaraq ilk oyunun meydan sahibi "Hapoel" sayılsa da, bu axşamın Beer-Şeva şəhəri ilə əlaqəsi şərti xarakter daşıyır. UEFA-nın təhlükəsizlik vəziyyəti ilə bağlı İsraildə beynəlxalq oyunların keçirilməsini qadağan edən qərarı qüvvədə qalır. İsrail təmsilçisi əvvəlki təsnifat mərhələlərinin oyunlarını Macarıstanın Sombatxey şəhərində keçirmişdi, pley-off mərhələsindən isə Rumıniyaya köçüb.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 25-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.

Bu cütün qalibi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Pley-off mərhələsində məğlub olan tərəf isə mübarizəni UEFA Avropa Liqasının ümumi mərhələsində davam etdirəcək.

Almaz Həsənli