"Sabah" Çempionlar liqasının ilk pley-off matçında  İsrailin "Hapoel" komandasına məğlub olub

"Sabah" Çempionlar liqasının ilk pley-off matçında İsrailin "Hapoel" komandasına məğlub olub

09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Masazırın "Sabah" futbol klubu Buxarestdə İsrailin "Hapoel" komandası ilə üz-üzə gəlib. İlk dəqiqələrdən meydanda gərgin mübarizə gedib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab erkən açılıb. Oyunun 6-cı dəqiqəsində Veljko Simiç Timoteuş Puçaçın ötürməsindən sonra topu başla qapıya göndərərək "Sabah"ı oyunda irəli çıxarıb: 1-0. Bundan sonra "Hapoel" hesabı bərabərləşdirmək üçün irəli atılıb. "Sabah" yaxşı müdafiə olunaraq əks-hücum taktikasına üstünlük verib. Bununla belə komandamız qapısının toxunulmazlığını qoruyub saxlaya bilməyib. Oyunun 43-cü dəqiqəsində meydan sahiblərinin oyunçusu Javon East müdafiəçilərimizin səhvindən istifadə edərək sərrast zərbə ilə hesabı bərabərləşdirib: 1-1.

Birinci hissə bu hesabla başa çatıb. İkinci hissə də komandaların qarşılıqlı hücumları ilə başlayıb. Komandamız yenə də daha çox əks-hücum taktikasından istifadə edərək hesabı öz xeyrinə dəyişməyə cəhd edib. Rəqib komandanın hücumlarının qarşısını almaq üçün "Sabah"ın baş məşqçisi Dombrauskas ilk əvəzetməyə əl atıb. 56-cı dəqiqədə Dombrauskas Xander Severinanı Orfeh Mbina ilə əvəz edib. 74-cü dəqiqədə "Sabah" daha bir dəyişiklik edib. Aleksey İsayevin yerinə Kristian Nvaçukvu meydana daxil olub. Bununla belə komandamız oyunda dönüş yaratmaqda çətinlik çəkib. Bunun da nəticəsi olaraq qapısında daha bir qol görüb. Oyunun 79-cu dəqiqəsində künc zərbəsindən sonra İqor Zlatanoviç başla topu komandamızın qapısına göndərərək hesabda komandasını irəri çıxarıb: 2-1

Komandamızın səylərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmayıb və oyun 2-1 hesabı ilə "Hapoel"in xeyrinə başa çatıb. Oyundan sonra keçiirlən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib:

"Hapoel"i qələbələsi münasibəti ilə təbrik edirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Oyun ritmini qorumağa çalışırdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

Sürüşkən hesab olduğu üçün şansımız var. "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik".

Bu komandalar arasında növbəti oyun avqustun 25-dı Bakıda keçiirləcək.

Əziz MUSTAFA