“Sabah” “Hapoel”i darmadağın edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı

“Sabah” “Hapoel”i darmadağın edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı

10:20
Bəyəndim (1) Bəyənmədim (0)

Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başa çatıb.

Oxuməni.az xəbər verir ki, “Sabah” və “Hapoel” arasında keçirilən gərgin qarşılaşma 5:2 hesabı ilə “Sabah”ın xeyrinə başa çatıb. İki oyunun cəmi nəticəsinə görə isə hesab 6:4 olub!

Səfərdə bir top fərqi ilə məğlub olmasına baxmayaraq, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə çıxmaq üçün yaxşı şansları qalırdı. Lakin israillilər vətənlərindəki müharibə səbəbindən səfərdə oynamağa öyrəşmişdilər, buna görə də meydan amili onlar üçün xüsusi əhəmiyyət kəsb etmirdi.

Doqquz illik tarixində bəlkə də ən vacib oyununu keçirən “Sabah” doğma Masazırda deyil, paytaxtın əsas arenası olan Tofiq Bəhramov adına stadionda çıxış edirdi. Bu, azarkeş sayını və tribunaların dəstəyini əhəmiyyətli dərəcədə artırsa da, hamı üçün həyəcanlı anlar tez başladı.

Oyunun əvvəlində Zlatanoviç “Hapoel”i hesabda önə keçirsə də, qol ofsayd səbəbindən qeydə alınmadı. Çox keçmədən serbiyalı hücumçu ikinci dəfə fərqləndi və bu dəfə hakim tərəfindən heç bir etiraz olmadı – “Sabah”ın müdafiəçisinin səhvi ölümcül oldu. Qeyd etmək lazımdır ki, qoldan bir an əvvəl komandamız hesabı aça bilərdi, lakin Simiçin zərbəsindən sonra top dirəyə dəyərək meydanı tərk etdi.

Oyunun ortalarında Rəhmonəliyev hesabı bərabərləşdirə bilərdi, lakin “Hapoel”in qapıçısı reaksiya göstərdi. Fasiləyə isə komandalar bərabər hesabla yollandılar – Nvaçukvu mərkəzə doğru zərbə ilə Marsianonu məyus etdi.

İkinci hissədən sonra şans yenidən “Sabah”dan üz döndərdi: Mikelsin zərbəsi tirə dəydi, lakin az sonra Nvaçukvu başla topu dirəyin dibindən qapıya göndərdi. İkinci hissənin ortalarında komandalar sanki açıldı: Mizrahi “Sabah”ın müdafiə səhvindən yararlandı, Rəhmonəliyev isə buna cavab olaraq cərimə meydançasının xəttindən ustalıqla sol dirəyin dibinə zərbə endirdi – 2:2.

Valdas Dambrauskasın yetirmələri sona qədər mübarizə apardılar və əzmkarlıqlarının mükafatını aldılar – oyunun sonuncu əlavə dəqiqəsində Mütəllimov künc zərbəsindən sonra oyunu əlavə vaxta daşıdı. 101-ci dəqiqədə Mbina bütün Azərbaycanı sevincə qərq etdi, qısa müddət sonra isə Mikels rəqibi məğlub edərək, “Sabah”ı tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxardı.

Ötən mövsüm Azərbaycanı turnirdə «Qarabağ» təmsil edirdisə, bu mövsüm bu missiyanı «Sabah» yerinə yetirəcək.

Xatırladaq ki, 2026/2027 UEFA Çempionlar Liqasının seçmə mərhələsinin açılış oyununda Sabah Uelsin "The New Saints" komandasını, daha sonra Finlandiyanın "KuPS" komandasını, seçmə mərhələsinin yarımfinalında isə Danimarkanın "Orhus" komandasını məğlub edərək İsrailin "Hapoel Beer Şeva" komandası ilə qarşılaşdı.

2026/2027 UEFA Çempionlar Liqasının ümumi mərhələsinin püşkatması avqustun 27-də, turnir mərhələsinin isə sentyabrın 8-də başlaması planlaşdırılır. 2026/2027 UEFA Çempionlar Liqasının finalı iyunun 5-də Madriddəki "Estadio Metropolitano" stadionunda keçiriləcək.

Almaz Həsənli