2026-cı il Formula 1 Azərbaycan Qran-prisi: Ön baxış
"BWT Alpine" Formula 1 komandası bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi ilə Asiya boyunca davam edəcək üç yarışlı seriyanın ilk mərhələsinə hazırlaşır.
Bakı Şəhər Halqası, gərgin keçən "Avropa yay mövsümü"ndən sonra Formula 1-in may ayından bəri ilk uzaq məsafəli ("flyaway") yarışına ev sahibliyi edəcək. Bu tras Pyer Qasli və Franko Kolapinto üçün xoş xatirələrlə zəngindir: Pyer 2021-ci ildə burada podiuma yüksəlmiş, Franko isə 2024-cü ildə Formula 1-dəki ilk xallarını məhz bu trasda qazanmışdı. Komanda yay fasiləsindən bəri davam edən xal qazanma seriyasını qoruyub saxlamağa çalışarkən, hər iki pilot bu əfsanəvi trasda yenidən uğurlu nəticələr əldə etməyi hədəfləyir.
Şəhərdə ilk yarışın keçirilməsindən ötən 10 il ərzində Bakı Formula 1-in ən həyəcanverici traslarından biri kimi güclü nüfuz qazanıb. Uzun düzlüklər – xüsusilə 16-cı döngədən 1-ci döngəyə qədər uzanan 2,2 km-lik hissə – daim ötmə imkanları yaradır, dar "qala hissəsi" isə tamamilə fərqli bir sınaq təqdim edir. Trasın tarixi İçərişəhər ərazisindən keçdiyi hissədə, 8-ci döngədə yolun minimal eni cəmi 7,6 metr təşkil edir ki, bu da səhvə yol vermək üçün heç bir imkan saxlamır. Bu il Bakıda yarış günü şənbə gününə təsadüf edir.
Azərbaycanda Formula 1 ilə yanaşı, təqvimə əlavə olunmuş "Feature Race" (əsas yarış) ilə FIA Formula 2 yarışları da keçiriləcək; bu isə "Alpine" Akademiyasının pilotları üçün gərgin bir həftəsonu deməkdir. Cümə günü Qabriele Mini, Kuş Maini və Aleks Dann səhər saatlarında keçiriləcək "Sprint" yarışında mübarizə aparacaq, daha sonra isə günortadan sonra həftəsonunun ilk əsas yarışı öncəsi yenidən hazırlıqlara başlayacaqlar. İkinci əsas yarış isə ənənəvi olaraq Qran-pri yarış günündə baş tutacaq. Pierre Gasly: “Ard-arda keçiriləcək üç çətin yarışa hazırlaşdığımız üçün həqiqətən də gərgin keçəcək bir neçə həftənin başlanğıcındayıq. Bakı həmişə maraqlı bir sınaqdır və mən bu trasda sürməkdən həmişə zövq almışam. Yüksək sürətli hissələri və dolanbaclı küçə sektorlarını çox sevirəm; burada yarışlar adətən yaxşı alınır və bir sıra ötmə nöqtələri mövcuddur. İndiki nəsil bolidlərin necə nəticə verəcəyini görəcəyik, lakin əminəm ki, bu, yaxşı bir sınaq olacaq və ümid edirəm ki, rəqabətədavamlılığımızı qoruya biləcəyik. Komanda olaraq hazırda yaxşı çıxış edirik və bu üç yarışlıq seriyaya girərkən həmin tempi davam etdirməyimiz vacibdir. 2021-ci ildə Bakıda podiuma yüksəlsəm də, son illərdə bura komanda olaraq bizim üçün ən uğurlu tras olmayıb. Cümə axşamı günü möhkəm və məhsuldar işləməyə, sıralanma turu öncəsi bolidi optimal tənzimləmə səviyyəsinə çatdırmağa çalışacağıq. Ümid edirəm ki, yenidən start düzülüşündə daha ön sıralarda yer ala və xallar uğrunda mübarizə apara biləcəyik.”
Franco Colapinto: “Yenə rəqabətli keçəcəyinə ümid etdiyimiz yarış həftəsonu üçün Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Madriddə nəticəni maksimuma çatdırdıq və Avropanı növbəti dəfə xal qazandığımız uğurlu yarışla tərk etməkdən çox məmnun qaldım. Bakı trası da yüksək sürətli hissələri və divarlara yaxın keçən küçə sektorları ilə seçilən bir trasdır; biz İspaniyadakı performans səviyyəmizi bu həftəsonuna da daşımağa çalışacağıq. Qarşıdakı həftələrdə gərgin yarış dövrünə qədəm qoyuruq, buna görə də yaranan bütün imkanlardan maksimum yararlanmağımız çox vacibdir – Bakı isə tarixən çoxlu həyəcanlı anlara səhnə olub. Çempionatda rəqiblərimizi təqib etməyə davam edərkən, bu anlardan yararlanmaq üçün ən yaxşı mövqedə olmağa və növbəti dəfə ilk onluqda yer almağa çalışacağıq.”
Emin Axundov

























































































