Kremlin hakimiyyətə gətirdiyi, dayaq durmadığı əfqan lider – axırda Nəcibullanı sürüyüblər

Kremlin hakimiyyətə gətirdiyi, dayaq durmadığı əfqan lider – axırda Nəcibullanı sürüyüblər

6 İyul 2021 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən sonra Kremlin xarici siyasəti yeni kursa keçəndə, Əfqanıstan məsələsi də əsas müzakirə mövzularından birinə çevrilib. Yeni hakimiyyət sovet hərbi kontingentinin Əfqanıstanda saxlanılmasını məqsədəuyğun saymayıb və əfqan mücahidləri ilə kompromis yollar axtarıb.

1979-cu ildə SSRİ-nin əli ilə Əfqanıstanda hakimiyyətə gətirilən Babrək Kamrəl sovet liderləri üçün artıq “müddətini keçmiş” kadr sayılıb. Elə bu səbəbdən də Moskva Babrək Kamrəli hakimiyyətdən uzaqlaşdırılıb. Əfqanıstana yeni lider seçimində Mixail Qorbaçov Məhəmməd Nəcibullanı SSRİ üçün ən sərfəli və ən etibarlı siyasətçi sayıb. Kreml Məhəmməd Nəcibullanın bütün tapşırıqların öhdəsindən lazımınca gələcəyinə, SSRİ-nin nəzarətini Əfqanıstanda təmin edəcəyinə inanıb.

Məhəmməd Nəcibulla Əfqanıstanın ictimai-siyasi həyatında kifayət qədər tanınmış bir şəxs olub. 1978-ci ilin aprelində Əfqanıstanda Saur inqilabından sonra o, inqilab şurasında təmsil olunub. Təraki hakimiyyətində çəkişmələrin və qruplaşmaların fəsadları Məhəmməd Nəcibulladan da yan keçməyib. Böyük siyasi nüfuza malik olan Nəcibulla mövcud hakimiyyət üçün arzuolunmaz şəxs sayılıb və onu Kabuldan uzaqlaşdırmaq üçün İrana səfir göndəriblər. Amma Məhəmməd Nəcibulla bu vəzifədə də çox qala bilməyib. O, hakimiyyətə qarşı çevriliş cəhdində ittiham olunaraq səfir vəzifəsindən də uzaqlaşdırılıb.

Əfqanıstana buraxılmayan və ölkə vətəndaşlığından çıxarılan Məhəmməd Nəcibulla həmin ərəfədə özünə SSRİ-də sığınacaq tapıb.

1979-cu ildə sovet hərbi kontingenti Əfqanıstana yeridildikdən, Babrək Karməl hakimiyyətə gəldikdən sonra Məhəmməd Nəcibulla öz ölkəsinə dönüb. Onu dövlət təhlükəsizliyi xidmətinə rəhbər təyin ediblər. Bu vəzifədə Məhəmməd Nəcibulla təhlükəsizlik xidmətini güclü bir quruma çevirib və xidməti vəzifələrinin icrası zamanı Moskva ilə əlaqələri daha da yaxınlaşıb, SSRİ-nin siyasi elitasında, həmçinin sovet kəşfiyyat orqanları əməkdaşları arasında etibar və inam qazanıb.

Məhz bu səbəblərdən Kreml Nəcibullanı sədaqətli “dost” kimi qəbul edərək Əfqanıstanda hakimiyyətə gətirib.

Hakimiyyətə gəldikdən sonra Məhəmməd Nəcibulla vətəndaş həmrəyliyinə nail olmağa çalışıb, siyasi partiyaların fəaliyyətinə qoyulmuş qadağa və məhdudiyyətləri aradan qaldırıb, əfqan mücahidləri ilə danışıqlara hər an hazır olduğunu bildirib. Sözsüz ki, Nəcibulla atdığı bütün addımlarda, siyasi gedişlərində SSRİ-yə və Əfqanıstandakı sovet hərbi konningentinə arxayın olub. O, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının qəti əleyhinə çıxış edib. Əfqan lideri yaxşı anlayıb ki, əsas dayağı olan sovet hərbçilərinin Əfqanıstanı tərk etməsindən sonra onu hansı aqibət gözləyəcək.

Beləliklə, 1989-cu ildə sovet qoşunları Əfqanıstandan çıxarıldıqdan, SSRİ-dən göndərilən hərbi yardımlar kəsildikdən sonra Nəcibullanın mövqeləri zəifləyib. Artıq 1992-ci ildə Nəcibulla ölkədə bütün dayaqlarını itirib, hakimiyyət daxilindəki nəzarəti sıfır səviyyəsinə düşüb. Belə bir məqamda Nəcibulla hakimiyyəti müvəqqəti hökumətə təhvil verməyə razı olub və qaçmağa cəhd edib.

1913299.jpg (40 KB)

M.Nəcibulla ölkədən BMT-nin təyyarəsi ilə qaçmaq istəyib. Amma buna üsyançıların tərəfinə keçmiş hərbçilər imkan verməyiblər. O, yalnız ailəsini Əfqanıstandan çıxara bilib. Özü və qardaşı isə BMT-nin Kabuldakı missiyasının iqamətgahında sığınacaq tapıblar.

1992-ci ildən 1996-cı ilə qədər Məhəmməd Nəcibulla BMT-nin iqamətgahında yaşayıb. 27 sentyabr 1996-cı ildə “taliblər” Kabulu ələ keçirəndə BMT missiyasının iqamətgahında M.Nəcibullanı və qardaşını həbs ediblər.

M.Nəcibulla gecə saat 1.30-da iqamətgahdan çıxarılıb. Bir neçə saat davam edən işgəncələrdən sonra o, saat 4.30-da edam olunub. Dar ağacında asıldıqdan sonra təhqir etmək məqsədilə onun ayaq və əl barmaqlarının arasına, burnuna siqaret, əfqan pul əskinazları qoyublar. Daha sonra meyitini maşına bağlayaraq küçələrdə sürüyüblər.

на1.jpg (110 KB)

Edam minlərlə insanın gözü qarşısında icra edilib. “Taliban” komandiri Nur Hakmal insan kütlələrinin qarşısında Məhəmməd Nəcibullanın ölümü haqqında aşağıdakı ifadəni söyləyib: “Biz onu öldürdük, çünki o, bizim xalqın qatili idi...”

Məhəmməd Nəcibulla haqqında əfqanların fikri birmənalı deyil. Kimlərsə onun fəaliyyətinə müsbət qiymət verib, digərləri isə ona xalq düşməni kimi baxıblar. Onun dəhşətli və acınacaqlı sonluğunun günahını isə çoxları Mixail Qorbaçovda görüb.

Bəli, Əfqənistan uzun illər dünyanın iki güc dövlətinin, ABŞ-ın və SSRİ-nin əlində siyasi alətə çevrilib və bu proses milyonlarla əfqanın taleyinə qara xətt çəkib. Yəqin ki, bu problemlərin yaşanmasında Əfqanstanda vətəndaş həmrəyliyinin olmaması da böyük rol oynayıb. Qara günlər isə hələ də Əfqanıstanda davam etməkdədir. İndi də ABŞ silahlı qüvvələrinin vasitəsilə hakimiyyətə gətirdiyi Həmid Kərzay və Əşrəf Qənini “Taliban”ın qarşısında qoyaraq ölkədən çəkilir.