“Dəhşətlər atası”nın açılmayan sirri: İnsanları xoşbəxtliyə aparan keçid...

“Dəhşətlər atası”nın açılmayan sirri: İnsanları xoşbəxtliyə aparan keçid...

25 Sentyabr 2021 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ərəb dünyasında “Dəhşətlər atası” adlandırılan Misir Sfinksin yaşı təxminən 4.5 min ildir. Ancaq onun daha yaşlı olduğuna dair bir nəzəriyyə də var. Eyni zamanda, Misirin “Sasapost” nəşri yaş məsələsinin Sfinksin yeganə sirri olmadığını yazır.

Maraqlıdır ki, Misirdə demək olar hər qədim tikili və abidədə memarın adı, tikilmə tarixi və onların adları yazılıb. Amma Böyük Sfinks bu qaydanın istisnalarından biridir. Onun yalnız adı var: “Sfinsk” və ya “Dəhşətin atası”. Bunlar isə onun müasir adlarıdır.

“Planet-today”a görə, araşdırmaçılar hələ də bu monumental heykəlin necə adlandırıldığını bilmirlər.

Sirli Sfinks

Sfinksin yaşı da bir sirdir. Firon Xeops və ya Xafranın sifarişi ilə oyulduğuna inanılır və təxminən 4500 yaşındadır. Amma müasir texnologiya bu versiyaya şübhə etməyə imkan verir. Məsələn, 1990-cı ildə Sfinksi geoloji baxımdan araşdıran amerikalı professor Robert Şox əldə etdiyi məlumatların rəsmi versiyadan təəccüblü şəkildə fərqli olduğunu iddia edib. O, Sfinskin dibində güclü su axınlarının səbəb olduğu şiddətli eroziya izlərinin olduğunu bildirib. Ancaq maraqlıdır ki, Sfinksin yerləşdiyi bölgə 5 min ildir quraqdır və orada bu qədər suyun olması sadəcə möcüzədir. Eyni zamanda heykəlin yuxarı hissəsində külək və qumun təsiri nəticəsində əmələ gəlmiş eroziya izləri var.

Belə güclü su eroziyasına yalnız Buz dövrünün sonunda uzunmüddətli güclü su axınları səbəb ola biləcəyi, yəni Sfinksin ən az 12 min yaşında olması lazım olduğu iddia edilir. Ancaq bu, Sfinksin başının Buz dövründə mövcud olmayan Misir fironlarının təsvirləri ilə eyni olması ehtimalıyla ziddiyyət təşkil edir.

Bu uyğunsuzluğun bir izahı da var - hazırda məlum olan Sfinks orijinal deyil, böyük ehtimalla dəyişdirilib. Əvvəlcə, məsələn, bir aslan təsvir edə biləcəyi güman edilir, amma uzun illər eroziyaya məruz qalıb. Buna görə də, fironlar dövründə misirlilər onu bir qədər bərpa ediblər. Nəticədə öz original görünüşünü dəyişərək fironlara bənzəyib.

Sfinksin yaşının 36 min il və hətta 75 min il olduğu iddia edilən başqa nəzəriyyələr də var, amma bunları əsaslandırmaq üçün heç bir əhəmiyyətli dəlil təqdim edilməyib. Ancaq təkzib də olunmayıb.

“Ulduz qapısı”nın gözətçisi

Yaşına əlavə olaraq, Sfinks bir çox başqa sirr və əfsanələrlə əhatə olunub. Bu əfsanədən birinə görə, Sfinks göylə yer arasındakı “Ulduz qapısı” və ya “Aslan qapısı”nın gözətçisidir. Bu qapı gövdəsi aslan, başı insan olan bir varlıq - Sfinks tərəfindən qorunur. Xoşbəxt həyat arzusunda olan insanlar gözətçiləri Sfinksdən icazə istəyərək bu qapılardan keçməlidirlər.

Sfinksin başqa bir sirri astronomiya ilə bağlıdır. İldə iki dəfə - yaz və payızda günün bərabərləşdiyi vaxt Günəş birbaşa onun çiynindən qürub edir.

Açılmamış bir sirr isə Sfinksin içərisində gizli otağın olduğu versiyası ilə bağlıdır. Alimlər dəfələrlə mümkün keçidin kəşf edildiyini bildiriblər, amma bu yöndə ciddi araşdırma aparılmadığı üçün nə təsdiq, nə də təkzib olunur. Misir hakimiyyəti bu cür araşdırmalara icazə vermir və bu qədər açıq istəksizliyin səbəbi başqa bir sirdir. Ancaq bu, Sfinksə marağı daha da artırır. Teleqraf.com