3 prezidentlə işləyən kəşfiyyatçı – "İrangeyt"lə tanınan Qeyts yalnız SSRİ-yə münasibətdə yanılıb

3 prezidentlə işləyən kəşfiyyatçı – "İrangeyt"lə tanınan Qeyts yalnız SSRİ-yə münasibətdə yanılıb

26 Dekabr 2021 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

1992-ci ilin oktyabrın 21-də Moskvada, Qırmızı meydanda heç bir hərbi düzülüş və orkestr müşayiəti olmadan bir nəfərin nizami addımlarla marşı ətrafdakılarının təəccübünə səbəb olub. Kifayət qədər ciddi görkəmi olan bu şəxs ona dikilmiş baxışların fərqinə varmadan peşəkar hərbçilərə məxsus addımlarla meydanda təxminən 200 metr məsafə qət edib. Çoxsaylı kameraların meydanda olması sıravi vətəndaşlarda elə təəssürat yaradıb ki, hansısa bir filmin çəkilişləri gedir. Amma heç bir filmdən söhbət getməyib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Qetys özü əvvəlcədən televiziya jurnalistlərini meydana dəvət edib. Marş sona çatdıqdan sonra o, bir cümlə ilə keçirdiyi “tədbir” haqqında jurnalistləri məlumatlandırıb:

“Mən burada, Qırmızı meydanda, Kremlin və Mavzoleyin qarşısında təklikdə soyuq müharibənin qələbə paradını keçirtdim...”

110066_original.jpg (72 KB)

Süjet yerli kanallarda verilməsə də, qərb televiziyasında günün əsas xəbərinə çevrilib.

Qeyd edək ki, Robert Qeyts MKİ-nin başçıları arasında Kremlə ayaq basan ilk direktor olub.
Robert Qeyts 1943-cü ildə Kanzas ştatının Uiçita şəhərində anadan olub. Avtomobillər üçün ehtiyat hissələrin satışı ilə məşğul olan atası ailəni maddi cəhətdən tam təyin etdiyindən Robert Qeyts təhsilinə daha çox diqqət yetirib. O, məktəb illərindən həkim olmaq arzusunda olub. Amma orta təhsilini başa vurduqdan sonra tamam fərqli bir sahəyə üz tutub, dünya ölkələrinin tarixi, müharibələr, siyasi proseslər onun diqqətini daha çox cəlb edib və Qeyts Virciniyada kollecin tarix fakültəsinə qəbul olunub. Kollecdə oxuyarkən o, Pespublikaçılar psrtiyasının gənclər təşkilatına üzv olub. Qeyts valideynlərindən maddi cəhətdən asılı olmamaq üçün tələbə vaxtı dərsdən sonra sərnişin avtobuslarında sürücülük edərək öz tələbatını ödəyib.

1390427959_1.jpg (41 KB)

Gənclik illərindən siyasi prosesləri maraqla izləyən Qeyts üçün SSRİ daha “maraqlı” görünüb. Elə bu ərəfədə də o, rus dilini öyrənməyə başlayıb.

Kollecdən sonra Robert Qeyts təhsilini İndiana universitetində davam etdirib. Daha sonra həmin universitetdə elmi iş müdafiə edib.

Robert Qeyts 1966-ci ildə MKİ-yə ekspert-analitik kimi işə qəbul olunub. O, uzun illər bu qurumda müxtəlif vəzifələr tutaraq ən çətin və mürəkkəb əməliyyatlarda iştirak edib. Qeyts peşəkar kəşfiyyatçı sayılaraq ABŞ prezidentlərinin də diqqətindən yayınmayıb. 1987-ci ildə o, MKİ-nin direktoru vəzifəsini icra edib.

Ronald Reyqan onun direktor vəzifəsinə təyin edilməsini təklif edəndə və prosedur qaydalarına uyğun bu təklif Konqresdə müzakirəyə çıxarılanda Qeyts könüllü olaraq öz namizədliyini geri götürüb. Əslində, Qeyts namizədliyini geri götürərək Konqresi “qabaqlayıb”, imkan verməyib ki, adı müzakirələrə çıxarılsın və yaxşı anlayıb ki, namizədliyi təsdiq olunmayacaq.

Bu inamsızlığa səsəb nə olub?

20-ci əsr ABŞ tarixində ən qalmaqallı siyasi hadisələrdən biri sayılan “İranqeyt” olayları zamanı Qeyts MKİ-də yüksək vəzifə tutub və bu hadisələrdə onun adı da icraçılardan biri kimi hallanıb. Belə ki, 1980-ci illərdə ABŞ prezidenti adminstrasiyasının bir neçə üzvü embarqoya məhəl qoymayaraq İrana gizli silah ötürməyə nail olublar. Prezident və Konqreslə hesablaşmadan bu addımı atmaq böyük səs-küyə səbəb olub. Bu hadisə Qeytsin imicinə də ciddi zərbə vurub və o, yaxşı bilib ki, Konqresdə onun namizədliyi müzakirə olunanda bu məsələ yenidən ortaya çıxacaq.

1989-cu ildə Corc Buş Qeytsi öz adminstarasiyasına gətirib və özünə köməkçi təyin edib. İki ildən sonra, 1991-ci ildə isə o, MKİ-nin direktoru təyin edilib.

Bill Klintonun hakimiyyətə gəlişindən sonra Qeyts MKİ-nin direktoru vəzifəsindən və tutduğu digət dövlət işlərindən çıxarılıb. Qeyts fəaliyyətini universitetlərdə mühahizərə oxumaqla davam etdirib.
2006-cı ildə Corc Buş prezident seçkilərində qələbə çaldıqdan sonra o, atasının kadrı olmuş Robert Qeytsə ABŞ-da ən yüksək vəzifələrdən birini həvalə edib. Konqres Robert Qeytsin namizədliyini təsdiq edib və o, müdafiə naziri təyin olunub.

Barak Obama prezident seçildikdən sonra Qeyts haqqında müsbət fikirlər bildirib və onun nazir vəzifəsində qalmasını məqbul sayıb. Qeyts üç il Obama adminstrasiyasında vəzifəsini davam etdirib, 2011-ci ildə istefaya çıxıb.

Robert Qeyts SSRİ üzrə ən mükəmməl mütəxəssis sayılsa da, bu ölkə ilə bağlı proqnozlarında dəfələrlə yanılıb. O, 1980-ci illərdə SSRİ-ni real olduğundan daha güclü sayıb, SSRİ-nin süqutununun tez bir zamanda baş verməyəcəyini söyləyib. Sonralar özü də bəzi məsələlərdə yanıldığını etiraf edib.

Hazırda 78 yaşlı sabiq nazir yenə də unversitetlərdə mühazirələr oxuyur, elmi yaradıcılıqla məşğul olur, beynəlxalq miqyaslı tədbirlərdə siyasi ekspert kimi iştirak edir. Musavat.com