Kremlə silahla girən köməkçi – Andropov Toropenkoya görə Çernenkoya irad tutub

Kremlə silahla girən köməkçi – Andropov Toropenkoya görə Çernenkoya irad tutub

29 Dekabr 2021 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ-də baş katiblərin və yüksək ranqlı dövlət məmurlarının təhlükəsizlik məsələləri son dərəcə ciddi şəkildə həyata keçirilib. İosif Stainin hakimiyyəti dövründən başlayaraq sovet liderlərinin təhlükəsizliyinə paralel olaraq bir neçə qurum cavabdehlik daşıyıb. Zaman-zaman bu qurumlarda şəxsi heyətin sayı artırılıb, maddi-texniki baza gücləndirilib. Nikita Xruşovu və Mixail Qorbaçovu çıxmaq şərtilə digər birincilər, Stalin, Brejnev, Andropov və Çernenko mühafizəçilərinə qarşı daha tələbkar olublar və təhlükəsizlik xidmətinin fəaliyyətinə xüsusi diqqət ayırıblar...

15 il DTK-ya rəhbərlik edən, sonra isə Mərkəzi Komitənin rəhbərliyinə gələn Yuri Andropov isə təhlükəsizlik məsələlərində daha kaprizli olub. 15 aylıq hakimiyyəti dövründə Andropov mühafizəçilərin, Kremlin təhlükəsizlik xidmətinin qarşısına yeni tələblər qoyub. Güc strukturlarının rəhbərlərindən tutmuş, növbədə olmayan mühafizə xidmətinin əməkdaşlarına qədər heç kimin Kremlə tabel silahı ilə daxil olmasına icazə verilməyib. 15 ay ərzində yalnız bir nəfər Kremlə silahla daxil olub ki, bu da həmin şəxsin həbs olunması ilə nəticələnib.

1-103.jpg (94 KB)

Hadisə 1983-cü ilin fevralın 22-də baş verib. Mərkəzi Komitə katibliyinin şöbə müdiri, eyni zamanda Mərkəzi Komitənin katibi Konstantin Çernenkonun köməkçisi Viktor Toropenko həmin gün həm 70 illik yubileyi, həm də 23 fevral ordu günü münasibətilə SSRİ Müharibə Veteranları Şurasına dəvət olunub. Qeyd edək ki, Viktor Toropenko sovet-alman müharibəsinin iştirakçısı olub, Stalinqrad döyüşlərində iştirak edib, göstərdiyi şücaət və qəhrəmanlıqlara görə orden və medallarla təltif edilib. O, Stalinqradda üz nahiyəsindən yaralanıb, əməliyyatdan sonra üzündə böyük çapıq yeri qalıb. İxtisasca tarixçi olan Toropenko müharibədən sonra dissertasiya müdafiə edərək elmi dərəcə alıb. 1956-cı ildə onu Mərkəzi Komitənin ideoloji şöbəsinə işə qəbul ediblər. Sərt xarakterli Toropenko savadı, yazı qabiliyyəti, səliqəli xətti ilə fərqlənib. Həmin illərdən Çernenko ilə onun arasında yaxın dostluq münasibətləri yaranıb. Çernenko Mərkəzi Komitə katibi olanda Toropenkonu şöbə müdiri və özünə köməkçi təyin edib. Birincilərin çıxış və məruzələrinin, demək olar ki, hamısı Toropenkonun əlindən keçib. Çernenkonun bütün ailə tədbirlərində məclisi idarə etmək Toropenkoya həvalə edilib. Amma sonda şəkil çəkidərəndə Toropenko üzündəki problemə görə öbyektivdən kənara durub.

Yuxarıda qeyd etdiyimiz kimi, Toropenko fevralın 22-də veteranlar şurasına təbrik üçün dəvət olunub. Tədbirdə ona 1943-cü ildə adına olan tabel silahı hədiyyə edilib. Daha sonra 70 yaşlı veteranın şərəfinə ziyafət verilib. Bir neçə qədəhdən sonra Toropenko təbrikə görə təşkilatçılara minnətdarlığını bildirirək axşam saat 17 radələrində Mərkəzi Komitəyə, iş yerinə qayıdıb. Mərkəzi Komitənin ikinci girişindən içəri keçmək istəyəndə təhlükəsizlik xidmətinin əməkdaşları onu saxlayıb. Keçiddəki xüsusi qurğular onun üzərində silah olduğunu göstərib. Əhvalı bir az “xoş” olan Toropenko mühafizəçilərə məhəl qoymayanda sərt reaksiya ilə üzləşib. 25-30 yaşlı mühafizəçilərə uşaq kimi baxan veteran onlara hədə-qorxu gəlib, hətta tapançanı çıxararaq onları qorxutmaqdan da çəkinməyib. Belə bir vəziyyətdə Kremldə növbə çəkən xüsusi təyinatlılar məsələyə müdaxilə edib. Toropenko “zərəsizləşdirilərək” DTK-ya aparılıb.

88_main-v1612060379.jpg (117 KB)

Təxminən bir saatdan sonra artıq məsələdən məlumatlı olan Yuri Andropov Konstantin Çernenkonu kabinetinə dəvət edib. Çernenko gəldikdən sonra Andropov anlayıb ki, onun məsələdən xəbəri yoxdur və mətləbə bir az uzaqdan başlayıb:

- Konstantin Konstantinoviç, bu günkü sənədlərin arasına sabah 23 fevralla bağlı keçirilən tədbirdə mənim məruzəm qoyulmayıb.

Heç nədən xəbəri olmayan Çernenko məsələyə aydınlıq gətirib:

- Yuri Vladimiroviç, məruzə axşam təqdim olunan qovluqda olacaq. Dünən Toropenko onu mənə göstərib. Bəzi düzəlişlər etdik. Yəqin ki, indi üstündə işləyib yekunlaşdırıb.

- Harada?

- Necə yəni harada?

- Kostya, hələ bu günə kimi “Lubyanka”da heç kim məruzə yazmayıb.

Çernenko təəccübünü gizlədə bilməyib:

- Toropenko “Lubyanka”dadır?

- Bəli, bu gün Mərkəzi Komitədə Stalinqrad döyüşlərini xatırlayıb.

- Ah Vitya, sən bu yaşında da düzəlmədin.

Elə həmin saatlarda Toropenkonu sərbəst buraxıblar. Səhərisi gün isə Andropovun imzası ilə Viktor Toropenko SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Bu hadisədən sonra Kreml dəhlizlərində Toropenkoya lətifələr qoşulub:
“Tapançanı çıxarmağa görə Viktora fəxri fərman verilib, atəş açsaydı, qızıl ulduz verərdilər, Toropenko bu adı 40 il əvvəl Stalinqradda almalıydı, heç vaxt almamaqdansa, gec almaq yaxşıdır...” Musavat.com