Brejnevin ölümcül Daşkənd səfəri: Baş katibin üstünə “təyyarə” necə düşdü?

Brejnevin ölümcül Daşkənd səfəri: Baş katibin üstünə “təyyarə” necə düşdü?

18 Fevral 2022 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Məlumdur ki, Leonid Brejnev 1982-ci ilin noyabrında ürək tutmasından vəfat edib. Baş katib ölümündən bir müddət əvvəl ölkə daxilində bir neçə səfər həyata keçirib.

Oxuməni.az Teleqraf.com-a istinadən bildirir ki, Leonid İliç Daşkəndə də olub. Məhz orada Brejnevin başına xoşagəlməz hadisə gəlib və “Yaşasın “Durğunluq!”” kitabının müəllifi Andrey Burovskinin yazdığına inansaq, bunun nəticəsində Leonid İliç heç vaxt özünə gələ bilməyib.

İnsult və kliniki ölüm

L.Brejnevin ciddi sağlamlıq problemləri hələ 1960-cı illərin sonu-1970-ci illərin əvvəllərində başlayıb. “Armageddonun qarşısının alınması. Sovet İttifaqının dağılması, 1970-2000” kitabının müəllifi Stiven Kotkin yazır ki, 1974-cü ilin noyabrında baş katib ilk dəfə insult keçirib. Bununla belə, bir çox yüksək vəzifəli məmurları müalicə edən Yevgeni Çazov iddia edir ki, əslində Brejnev yalnız bir dəfə miokard infarktı keçirib. Bu da onun Moldova Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyərkən baş verib. Bu versiyaya Viktor Yeremin də inanmağın tərəfdarıdır. “100 böyük intriqa” nəşrinin müəllifi yazır ki, Leonid İliç sadəcə, həblərin qəbulundan sərxoş olub və sözün hərfi mənasında ağılsız vəziyyətinə düşüb. Bununla əlaqədar olaraq Dövlət Təhlükəsizlik Komitəsi insult haqqında şayiə yaymağa başlayıb.

Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev Daşkənd hava limanında, 22 mart 1982-ci il

Yeremin, həmçinin 1976-cı ildə Brejnevin kliniki ölüm keçirdiyi iddiasını da təkzib edir. Onun fikrincə, həmin an ölkə başçısının varisi olmaq uğrunda mübarizə başlayardı. Bununla belə, bir çox bioqraflar hələ də klinik ölüm hekayəsini qeyd edirlər. Belə ki, “Yetişmiş yemişan diyarı: Rusiyanın danışılmamış tarixi, XX əsr” nəşrinin müəllifləri olan Şvalner qardaşları yazır ki, 1976-cı ildə Brejnev növbəti dəfə insult keçirib və nəticədə kliniki ölüm vəziyyətə düşüb. Bundan sonra Leonid İliçə sağlamlıq arzulamaq qaldı: o, asteniyadan (orqanizmin ümumi zəifliyi), aterosklerozdan əziyyət çəkirdi və işləməyə gündə iki saatdan çox vaxt ayıra bilmirdi.

Leonid Brejnev hadisədən bir neçə saat əvvəl Daşkənddə

Aviasiya zavodunda insident

Bir çox xəstəliklərinin olmasına və dərman preparatlarından asılı olmasına baxmayaraq, Leonid Brejnev həyatının son aylarında da ölkə daxilində səfərlər etməyə davam edirdi. 1982-ci ilin martında Brejnev Daşkəndə səfərə gəlir. Vladimir Medvedyevin “Brejnev və Qorbaçovun günahları. Şəxsi mühafizəçinin xatirələri” kitabında yazdığı kimi onun orada Özbəkistan SSR-ə Lenin ordeninin təqdim edilməsi münasibətilə bayram tədbirlərində iştirakı nəzərdə tutulmuşdu. Qeyd etmək lazımdır ki, Brejnev başına bədbəxt hadisənin gəldiyi aviasiya zavoduna ümumiyyətlə getməməli idi: proqram onsuz da kifayət qədər zəngin idi. Lakin Leonid İliç israr edir və istənilən halda zavoddakı görüş baş tutur.

Aydındır ki, baş katibi görmək istəyən çox idi. Sexə çoxlu adam toplaşmışdı. Onların böyük hissəsi təyyarənin gövdəsi boyunca uzanan inşaat iskələsinin üzərində idi. “Sırf partiya qətli” nəşrinin müəllifi Aleksey Pimenov iddia edir ki, Brejnevin ardınca bütün insan kütləsi iskələdən keçib və hansısa anda konstruksiya buna dözməyib dağılıb, üstəlik, bu dağılma məhz Leonid İliçin dayandığı yerdə baş verib. İskələ tez bir zamanda götürülüb, Brejnev isə qulağı cırılmış, körpücük sümüyü qırılmış halda dağıntılar altından çıxarılıb.

Aviazavodda baş verən hadisədən sonra Leonid Brejnev hətta alqış üçün əllərini qaldıra bilmir. Fotoda Daşkənddə təntənəli yığıncaq, 25 mart 1982-ci il

Daşkənddən sonra

Aleksey Pimenov bildirir ki, baş katibi qırılmış körpücük sümüyünə görə əməliyyat belə etməyiblər: ürəyinin buna dözməyəcəyindən qorxublar. Buna baxmayaraq, Brejnev ictimai tədbirlərdə iştirakını davam etdirirdi. O, 1 May nümayişində də iştirak edib və hətta 7 noyabr 1982-ci ildə məqbərədə dayanıb. Artıq həmin il noyabrın 10-da Brejnev Zareçyedəki dövlət bağ evində ürəktutmasından keçinib.

Qeyd etmək lazımdır ki, Daşkənd insidentindən sonra özünü yumşaq desək, pis hiss edən və şiddətli ağrılar keçirən Brejnev Yuri Andropovdan heç kimi cəzalandırmamağı xahiş edib. Ən azı “Qalina Brejnevanın işi. Şahzadə üçün brilliantlar” kitabının müəllifi Yevgeni Dodolyev bunu iddia edir. O yazır ki, Leonid İliç Andropova zəng edərək deyib: “Yura, orada mənim başıma bədbəxt hadisə gəlib. Ancaq mən səndən xahiş edirəm, sən orada heç kimin başını kəsmə. Günahkar mən özüməm. Xəbərdarlıqsız getmişdim, hərçənd ki, məni fikrimdən daşındırmaq istəyirdilər”.