Adı Qaraçuxura verilən bolşevik – Serebrovskini axırda casusluq üstündə güllələyiblər

Adı Qaraçuxura verilən bolşevik – Serebrovskini axırda casusluq üstündə güllələyiblər

31 Avqust 2022 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Onun adı Bakı sakinlərinə də yaxşı tanışdır. Şəhərin mərkəzindən çox da uzaq olmayan Qaraçuxur qəsəbəsi uzun illər (1964-1992-ci illər) məhz onun - Aleksandr Serebrovskinin adını daşıyıb. Bakı Serebrovskinin həyatında və gələcək kareyarasında mühüm rol oynayıb. O, Azərbaycanın paytaxtına birbaşa Leninin təşəbbüsü ilə gəlib...

Aleksandr Serebrovski 1884-cü ildə Ufa şəhərində anadan olub. Bu şəhərdə gimnaziyanı bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna qəbul olunub, amma o, bu təhsil ocağını bitirə bilməyib. Belə ki, tələbə hərəkatına qoşulduğundan yerli inzibati orqanlar onun haqqında şəhəri məcburi tərk etmək qərarını çıxarıb. Bu hadisə Serebrovskini ruhdan salmayıb, onun siyasi baxışlarını dəyişməyib və bu hadisədən sonra o, özünü bütövlükdə bolşevik hərəkatına həsr edib, siyasi proseslərin ən fəal üzvünə çevrilib, hətta Leninlə yaxından tanış olmağa da nail olub.

Haqqında Peterburqu tərk etməsi barədə qərar çıxarılsa da, Serebrovski bu şəhərdə siyasi fəaliyyətini davam etdirib, təbliğat işləri aparıb, mitinqlərin təşkil olunmasında böyük fəallıq göstərib, bolşevik rəhbərlərinin məxfi tapşırıqlarına icra edib və bütün bu işlərin öhdəsindən yüksək səviyyədə gəlib. Məhz bu siyasi fəaliyyətinə görə o, bir neçə dəfə həbs edilib.

hgf.jpg (74 KB)

1908-ci ildə Serebrovski Belçikaya mühacirət edib. O, bu ölkədə ali texniki məktəbdə təhsil alıb və 1912-ci ildə yenidən Rusiyaya qayıdıb.

Serebrovski Leninlə ilk dəfə 1905-ci ildə tanış olub. Proletarların rəhbəri Serebrovskinin fəaliyyətini, siyasi çevikliyini, təşkilatçılıq bacarığını yüksək qiymətləndirib. Hətta bir dəfə Peterburqda keçirilən mitinqdə Lenin böyük bir publika qarşısında Serebrovski haqqında yüksək fikirlər də söyləyib, onun gələcəyin böyük siyasətçisi adlandırıb.

Onlar daha sonra 1909-cu ildə Parisdə görüşüblər. Bu görüş zamanı Serebrovski Leninin məxfi tapşırıqlarını yerinə yetirib.

Oktyabr inqilabının ən fəal iştirakçılarından biri olan Serebrovski inqilabdadan sonra Xalq Ticarət Komissarlığının kollegiyasının üzvü seçilib, qırmızı ordunun təchizatı üzrə fövqəladə komissiyanın sədr müavini vəzifəsində çalışıb, yeni yaradılmış hökumətdə ən nüfuzlu simalardan biri sayılıb. Hökumət rəhbərləri Serebrovskiyə böyük etimad göstəriblər.

800px-Alexander_Serebrovsky.jpg (63 KB)

Azərbaycanda sovet hökuməti qurulduqadan sonra Serebrovski Leninin təşəbbüsü ilə Bakıya göndərilib. O, Azərbaycan Neft Komitəsinə (Azneft) sədr təyin edilib. Məhz bu ərəfədə Serebrovski Azərbaycanda yığılıb qalmış 5 milyon ton nefti Rusiyaya göndərib. Bolşeviklər Azərbaycanı ilk olaraq neftlə talamağa başlayıblar ki, bu işdə də Serebrovskinin “əvəzsiz” xidmətləri olub. Onun bu “bacarığını” Lenin yüksək dəyərləndirib.

Serebrovski öz qeydlərində həmin günləri belə xatırlayıb:
“İliç məni yanına çağırmışdı. Bilirdim ki, bu dəvət vacib bir məsələ ilə bağlı olacaq. Həmin ərəfədə yeni qurulmuş SSRİ-də neft və yanacaq qıtlığı yaşanırdı. Lenin bu problem haqqında mənə ətraflı danışdı və bildirdi ki, Bakıda nə qədər neft ehtiyatı varsa təcili və itkisiz Rusiyaya daşınmalıdır və bu missiyanı mənə həvalə etdi...”

1927-ci ildə Serebrovski SSRİ Xalq Təsərrüfatı Ali Sovetinin sədr müavini vəzifəsinə təyinat alıb, o cümlədən o, əlvan metal, qızıl və platin üzrə baş idarənin rəisi vəzifəsini də daşıyıb.

RIAN_archive_156582_1930s_documents_at_exposition,_Russian_Oil_and_Gas_-_19th-20th_Centuries.jpg (113 KB)

Serebrovski eyni zamanda Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyət də göstərib. Bundan əvvəl o, Azərbaycan Politexnik İnstitutunda da mühazirələr oxuyub.

1937-ci ilin repressiya dalğaları Serebrovskidən də yan keçməyib. Ancaq o, digərlərindən fərqli olaraq təkcə antisovet fəaliyyətdə deyil, daha bir neçə cinayətdə ittiham olunub.

Serebrovski 23 sentyabr 1937-ci ildə həbs edilib. Onu hakimiyyətə qarşı terror-diversiya təşkilatçılığında, xarici kəşfiyyat orqanlarına işləməkdə, dövlət sirrlərinin xaricə ötürülməsində, qızıl və platin maxinasiyalarında, “NKVD” rəhbəri Nikolay Yejova sui-qəsdə cəhddə, vəzifə səlahiyyətlərini aşmaqda, əks-inqilabi fəaliyyətdə ittiham ediblər.

1851717.jpg (79 KB)

Beş aylıq istintaq dövründə Serebrovski haqqında açılan cinayət işi bir neçə cilddən ibarət olub. 1938-ci ildə onlar SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasına təqdim edilib. Fevralın 8-də hərbi kollegiya Serebrovski haqqında hökm çıxarıb: Şəxsi əmlakı müsadirə olunmaqla güllələnmə hökmü. Hökm 10 fevral 1938-ci ildə icra edilib.

19 may 1956-cı ildə Serebrovski (ölümündən sonra) tam bəraət alıb. Bəraətindən sonra onun adının əbədiləşdirilməsi üçün küçələrə, xiyabanlara, qəsəbələrə, təhsil ocaqlarına onun adı verilib. O, cümlədən 1964-cü ildən Bakıdkı Qaraçuxur qəsəbəsi də 1992-ci ilə qdər Serebrovskinin adını daşıyıb.

7890.jpg (139 KB)

Qeyd edək ki, Serebrovskinin qeyri-rus millərlərinə qarşı çox sərt antipatiyası olub. O cümlədən Serebrovski azərbaycanlıları da sevməyib və Bakıda fəaliyyət göstərdiyi illərdə o, xüsusilə də neft sahəsində çalışan azərbaycanlı mütəxəssislərin işinə yetərncə əngəl yaradıb. /Musavat.com/