Baş dəmiryolçunun ömür yolu – Stalinin kadrı Beşevin beş evi olmayıb, böyük hörməti olub

Baş dəmiryolçunun ömür yolu – Stalinin kadrı Beşevin beş evi olmayıb, böyük hörməti olub

5 Mart 2023 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

O, nazirlər arasında vəzifədə olma müddətinə görə rekorda imza atıb. Boris Beşev düz 29 il SSRİ Dəmir Yolları Nazirliyinə rəhbərlik edib. İosif Stalinin hakimiyyəti dövründən Leonid Brejnevin baş katibliyi dövrünə qədər işlədiyi illər ərzində Beşev məmurlar arasında ən uğurlu və nümunəvi kadr kimi tanınıb. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin nazirlərlə keçirdiyi iclaslarda həmişə onun xidmətlərini yüksək qiymətləndirib, Beşevi uğurun düsturu kimi digrlərinə nümunə göstərib.

619d0d78b626f3252a6ddcc180b26848.jpg (85 KB)

Boris Beşev 1903-cü ildə Yaroslavlda anadan olub. 5 yaşı olanda atasını, 8 yaşı olanda anasını itirib. Böyük qardaşının himayəsində yaşayan Beşev valideyn qayğısından və tərbiyəsindən məhrum olmasına baxmayaraq, orta məktəbdə ən nümunəvi və ən yaxşı oxuyan şagirdlərdən biri olub. Orta təhsilini başa vurduqdan sonra Beşev ilk əmək fəaliyyətinə dəmiryol stansiyasında sıravi teleqrafçı kimi başlayıb. Gün ərzində qatarların hərəkəti ilə bağlı məlumatların ötürülməsi, hərəkət qrafikinin tənzimlənməsi Beşevdə bu sahəyə böyük maraq yaradıb. Bu maraq onu Leninqrad Dəmiryol Mühəndisləri İnstitutuna aparıb. Qəbul imtahanlarını müvəffəqiyyətlə verən Beşev tələbə adını qazanıb və bu təhsil ocağını qırmızı diplomla bitirib.

0118e00405c964ac6738f03fa0bb86b1-1000-192x300.jpg (50 KB)

Gənclik illərindən ictimai fəallığı ilə fərqlənən Beşev yerli komsomol təşkilatlarının keçirdiyi tədbirlərin əsas təşkilatçılarından biri olub. Bir neçə il komsomol və həmkarlar orqanlarında işləyən Beşev 1930-cu ildə dəmiryol mütəxəssisi kimi fəaliyyətə başlayıb. O, Moskvanın Oktybar rayonundakı Xovrino dəmiryol stansiyasına mühəndis təyin edilib. Beşev çox qısa bir müddətdə bacarıqlı mütəxəssis kimi tanınıb.

Onun qatarların hərəkət qrafiklərinin təkmilləşdirilməsi ilə bağlı təklifləri həmin dövrdə SSRİ dəmir yolları komissarı (naziri) Andrey Andreyevin masasının üstünə qoyulanda o, Beşevi qəbuluna dəvət edib. Nazirlə görüş zamanı Beşev SSRİ Dəmir Yolları Komissarlığının mərkəzi aparatına işə qəbul edilib.

c0a0895900985b6a32e9171ecf0e1b8b.jpg (150 KB)

1937-ci ildə Beşev Orconikidze dəmiryol stansiyasına təyinat alıb. Şimali Qafqazda yerləşən bu stansiya yüklərin, xüsusilə də neft daşınmalarının əsas nəqliyyat qovşaqlarından biri sayılıb. Məhz bu stansiyada möcvud olan problemləri aradan qaldırmaq Beşevə həvalə edilib. O, ən qısa bir zamanda stansiyadakı problemləri həll etməyə nail olub, bununla yanaşı, özünün müəllifi olduğu sistemlə yük daşıyan qatarların intensivliyini daha da sürətləndirib. Bu xidmətlərinə görə Beşev “Lenin” ordeni ilə təltif edilib.

1938-ci ildə SSRİ dəmir yolları komissarı təyin olunan Lazar Kaqanoviç Beşevin xidmətlərini daha yüksək qiymətləndirib. Stalinin iştirak etdiyi müşavirələrin birində dəmiryol sahəsindəki problemlər müzakirə olunanda Kaqanoviç tribunaya qalxaraq nitqində Beşev haqqında aşağıdakı fikirləri söyləyib:
“Beşev elə bir mütəxəssidir ki, onu istifadəsiz saxlamaq partiyaya xəyanət kimi bir şeydir. Beşev olan yerdə inkişaf, yenilik var. Qovşaqlarda ən mürəkkəb problemlər Beşevin sayəsində aradan qalxıb. Biz onun talant və bacarığından maksimum istifadə etməliyik və ona maksimum şərait yaratmalıyıq...”
Kaqanoviçin bu fikirlərini Stalin başını yelləməklə təsdiqləyib.

2VfemJpaBec.jpg (128 KB)

Sovet-alman müharibəsi başlananda Beşev Dəmir Yolları Komissarlığının əməliyyat-təxliyə idarəsinə rəhbərlik edib. 1944-cü ildə isə komissar müavini təyin edilib. Məhz onun rəhbərliyi sayəsində milyonlarla insanın, on minlərlə müəssisənin, minlərlə hərbi hissənin təxliyəsi uğurla başa çatıb.
1946-cı ildə Beşev SSRİ dəmir yolları komissarının birinci müavini təyin edilib. Bu dövr müharibədən sonra dağılmış dəmiryol xəttlərinin bərpası dövrü olub. 1948-ci ildə Beşev Stalinin qəbuluna dəvət olunub. Sovet lideri onu mehribanlıqla qarşılayıb, görülmüş işlər haqqında soruşub və sonda dəvətinin məqsədini açıqlayıb:
- Boris Pavloviç, dəmiryol nəqliyyatının vacibliyini siz bizdən də yaxşı bilirsiniz. Bu sahədə bərpa işlərinin və yenilənmələrin sürəti qənaətbəxşdir. Amma biz dəmiryol xətti ilə daha sürətlə “getmək” istəyirik.
Beşev elə düşünüb ki, Stalin ondan yeni təkliflər gözləyir. O, əvvəlcədən hazırladığı təklifləri dilə gətirmək istəyəndə Stalin onun sözünü kəsib:
- Siz müharibə dövründə öz təkliflərinizi vermisiniz və həmin təkliflər müsbət nəticə verib. İndi bizim sizə bir təklifimiz var. Bu təklif mənim təklifim deyil, partiyamızın təklifidir. İşlərin daha sürətlə getməsi üçün təklif olunur ki, siz dəmir yolları komissarı kürsüsünə əyləşəsiniz.

Boris_522741fb52ec2.jpeg (41 KB)
Beləliklə, 1948-ci ildə Beşev Stalinin təşəbbüsü ilə nazir vəzifəsinə təyinat alıb.
Beşev həm Stalinin dövründə, həm Xruşovun və həm də Brejnevin hakimiyyəti illərində nazir kimi üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edib. Məhz onun nazir olduğu illərdə dəmiryolla yükdaşıma səkkiz dəfə artıb, 40 min kilometrə yaxın yeni dəmiryol xətləri çəkilib, 50-dən artıq yeni dəmiryol qovşağı fəaliyyətə başlayıb.

Beşev həyatda çox sadə, ünsiyyətcil, sıravilərin arasında özünü daha rahat hiss edən bir insan olub. Onun əsas şakərlərindən biri futbol olub ki, nazir “Lokomotiv” klubuna azarkeşlik edib. Bu komandanın təlim-məşq bazasının yaxşılaşdırılmasında, futbolçuların sosial rifahının gücləndərilməsində Beşev köməkliyini əsirgəməyib.

Boris Beşev 1977-ci ildə Brejnevə müraciət edərək səhhətinə görə vəzifədən getmək istədiyini xahiş edib. Nazir vəzifəsindən böyük təntənə ilə yola salınıb.

beschev_bp.jpg (315 KB)


Sabiq nazir 1981-ci ildə, 77 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.Musavat.com