General rütbəsi daşıdığından xəbərsiz alim – nüvə fiziki Xariton sovet liderlərinin sevimlisi olub

General rütbəsi daşıdığından xəbərsiz alim – nüvə fiziki Xariton sovet liderlərinin sevimlisi olub

4 Mart 2023 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

O, arıq və cılız xarici görnüşü ilə kənardan çox zəif bir adam təəssüratı bağışlayıb, həm də olduqca darıxdırıcı adam kimi görünüb. Akademik Yuli Xariton özü də bunu dəfələrlə etiraf edib. Əslində isə o, güclü yumor hissinə malik olub, SSRİ-nin digər nüvə alimləri kimi incə zarafatlarından qalmayıb. Yuli Xariton həyatda çox sadə, mehriban, ünsiyyətcil, mərhəmətli, səliqə-sahmanı həmişə yerində olan, köməyini heç kimdən əsirgəməyən, istər xidməti işlə, istərsə də şəxsi məsələ ilə bağlı ona müraciət edənləri sonadək dinləyən bir şəxs kimi yadda qalıb. O, heç vaxt atom fizikasında, nüvə sahəsində qazandığı nailiyyətləri dilə gətirməyib, heç vaxt “mən” deyə özünü öyməyib, şöhrət arxasınca qaçmayıb.

SSRİ-nin atom layihəsində İqor Kurçatovdan sonra ikinci şəxs sayılan və sovet atom bombasının əsas konstruktoru olan Xaritonun fəaliyyəti tam məxfi saxlanılıb. Hətta ona dövlət mükafatları veriləndə də mətbuatda təltif olunanların siyahısı dərc ediləndə onun adı siyahıdan çıxarılıb. Atom layihəsi ilə məşğul olan qurumlar hərblişədirildiyindən Xariton həm də hərbi rütbə daşıyıb. Akademik həddən ziyadə məşğul olduğundan rütbələrinin necə yüksəldiyinin belə fərqinə varmayıb.

загружено.png (69 KB)

1970-ci ildə SSRİ-də əhalinin siyahıya alınması aparılanda icraçılar akademikin xidməti iş yerində ona da anket təqdim ediblər. Akademik vaxtının çox getməməsi üçün gənc xanımdan anketdəki sualları tez-tez səsləndərmiyi xahiş edib. Ad, soyad, ata adı, doğulduğu yer və tarix, təhsil suallarını Xariton saniyələr ərzində cavablandırıb. Hərbi qeydiyyat və hərbi rütbə ilə bağlı sual isə Xaritonu çaşdırıb:

- Sözsüz ki, yaşadığım rayonun hərbi komissarlığında hərbi qeydiyyatdayam, amma hərbi rütbəmi dəqiq bilmirəm. Mən sabah bunu aydınlaşdıraram, siz iki gündən sonra gələrsiniz.

Qeydiyyatçı gənc xanım getdikdən sonra Xariton özünü qınamağa başlayıb, mən necə adamam ki, hərbi mükələfiyyətimdən xəbərsizəm. Adətən, sənəd işlərinə çox məsuliyyət və səliqə ilə yanaşan akademik qərara gəlib ki, hərbi komissarlığa getsin. Həm də yaşayış ünvanını dəyişdiyindən hərbi komissarlıqda yeni qeydiyyatın aparılmasını da vacib sayıb. Xariton sonralar hərbi komissarlığa getməyini aşağıdakı kimi xatırlayıb:

“Sənədlərimi qaydaya salmaq üçün hərbi komissarlığa getdim. Bu işi mənim üçün başqaları da görə bilərdi. Amma hərbi məsələ olduğundan özüm bu işə vaxt ayırdım. İçəri daxil olub növbətçi hissəyə yaxınlaşdım. Şüşənin arxasında cüssəli bir kapitan əyləşməşdi. Başını aşağı salıb xidməti jurnalda nə isə qeyd edirdi. Mən çox sakit bir səslə ona müraciət etdim:

91eb7bcc2e61dfb5fbb640f424efdd9d.jpg (120 KB)

- Yoldaş kapitan, mən bir məsələ ilə bağlı sizə mütraciət etmək istəyirəm.

O, sözümü yarımçıq qoydu:

- Görmürsünüz məşğulam? Gözləyin.

Daha bir neçə dəqiqə gözlədikdən sonra növbəti dəfə müraciət etdim. Bu dəfə kapitan daha kobud şəkildə sözümü kəsdi:

- Sizə aydın şəkildə deyildi ki, gözləyin. Siz mən danışdığım dili anlamırsınız? Axı, görürsünüz ki, məşğulam.

Mən yenə təmkin nümayiş etdirdim, gözləməyimi davam etdim. Nəhayət 15-20 dəqiqədən sonra kapitan narazı səslə soruşdu:

- Nə lazımdır?

- Mən yaşayış yerimi dəyişmişəm, istəyirəm şəxsi işimdə düzəliş edilsin. Bir də hansı rütbədə olduğum məni maraqlandırır. Bilirsiniz, işim elədir ki, xidməti illərimiz artdıqca rütbələrimiz də artır, bəzən bundan heç özümüzün də xəbəri olmur.

H_25.jpg (122 KB)

Həmin vaxt mənim artıq 66 yaşım var idi. Yəqin ki, kapitan da özlüyündə mənə gülərək düşünürdü ki, bu yaşda adam hərbi rütbə ilə maraqlanır və o, bunu açıq biruzə verdi:

- Olmaya bu yaşda general olmaq fikrinə düşmüsünüz?

Kapitan bu sözləri deyib narazı və ədalı halda şəxsi işimi gətirməyə getdi. 5-10 dəqiqə keçdi. Kapitan əlində qovluq, amma bir az “kiçilmiş” formada geri qayıtdı, əvvəlcə növbətçi otağa keçdi, furajkasını başına qoyub qarşımda farağat vəziyyətdə dayandı:

- Yoldaş general, siz hazırda xidmətdə olan hərbi generalsınız.

Sonra isə o, kobudluğa görə üzr istədi...”

Qeyd edək ki, Yuli Xariton 1904-cü ildə Sank-Peterburq şəhərində yəhudi ailəsində anadan olub. Həmin şəhərdə Politexnik İnstitutunun elektromexanika fakültəsində ali təhsil alıb. 1926-1928-ci illərdə Xariton İngiltərədə Kavendiş laboratoriyasında Ernest Rezorforddan dərs alıb, elmlər doktoru dərəcəsinə sahib olub.

7730189cfe082317a64a231e9ebac47a.jpg (89 KB)

Xariton 1931-1946-cı illərdə Leninqradda Kimya-Fizika İnstitutunda partlayıcı maddələr laboratoriyasının müdiri vəzifəsində çalışıb, detonasiya, yanma nəzəriyyəsi və partlayış dinamikası üzrə elmi işlər aparıb. Eyni zamanda o, Leninqrad Sənaye İnstitutunda ümumi fizika kursundan dərs deyib və “Eksperimental və nəzəri fizika” jurnalının redaktoru olub.

1946-cı ildə Xariton İqor Kurçatovun təşəbbüsü və təkidi ilə SSRİ Elmlər Akademiyasının Sarov şəhərində yerləşən 2 saylı məxfi laboratoriyasına (Arzamas-16) baş konstruktoru və elmi rəhbəri təyin olunub. Onun rəhbərliyi altında nüvə silahı proqramının həyata keçirilməsi işlərinə SSRİ-nin ən yaxşı fizikləri cəlb edilib. O, ən ciddi məxfilik şəraitində Sarovda ilk sovet atom (29 avqust 1949) və hidrogen (12 avqust 1953) bombalarının uğurlu sınağı ilə yekunlaşan işlərə rəhbərlik edənlərdən biri olub.

Həmin gərgin günləri akademik belə xatırlayıb:

“29 avqust 1949-cu ildə atom bombasının sınağı keçirilirdi. Paliqona ali rütbəli hərbçi və tanınmış fiziklərlə yanaşı atom layihəsinin kuratoru Lavrenti Beriya da gəlmişdi. Həyəcanlı dəqiqələr yaşanırdı. İosif Stalin məruzə gözləyirdi. Hər şey uğurlu alındı. Beriya əvvəlcə Kurçatovu qucaqlayıb öpdü. Sonra məni qucağına alaraq alnımdan öpməyə başladı. Bəli, o, dəqiqələr sonra Stalinə zəng vurub SSRİ-nin nüvə silahına sahib olduğunu deyəcəkdi və bununla da özünün əvəzolunmaz kadr olduğunu sübut edəcəkdi...”

be19222984a9f21d79cfb85a3bfdf862.jpg (115 KB)

Beriyanın Xaritonu qucağına götürüb alnından öpməsi sonralar fiziklər arasında böyük zarafata çevrilib. 1953-cü ildə Beriya həbs olunanada, məhkəmə prosesində onun qadınlara qarşı münasibəti aşkar ediləndə, nüvə alimləri Xariton haqqında “Xaritonla ehtiyatlı davranın, o, Beriya ilə öpüşüb” deyə akademiki qıcıqlandırıblar.

Xariton SSRİ-nin nüvə alimləri arasında xüsusi çəkiyə malik akademiklərdən biri sayılıb. Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov, SSRİ-nin süqutundan sonra isə Yeltsin ona böyük hörmətlə yanaşıblar, atom sahəsindəki bütün məsələlər məhz onunla razılaşdırılıb. Akademik bu münasibətdən heç də böyük zövq almayıb, siyasilərlə yaxın münasibətlər bu elm fədaisi üçün çox da önəmli olmayıb. Hətta Xariton ona xüsusi münasibət bəsləyən Stalinlə də çox yaxınlaşmaq istəməyib. O, Stalinlə ilk görüşünü və sovet liderinin bu görüşdə ona verdiyi suala necə soyuq cavab verdiyinə də xatirələrində yer ayırıb:

“Əvvəllər atom layihəsi ilə bağlı alimlər arasında Stalinlə yalnız Kurçatov görüşürdü. Sonralar mən də bir neçə dəfə dəvət olundum. Birinci dəfə Stalinlə artıq nüvə silahına sahib olduqdan sonra görüşmüşəm. Məni Kremlə çağırdılar, qəbul otağına qədər ötürdülər. Kabinetə keçdim, içəridə tanıdığım və tanımadığım çoxlu adam var idi. Stalin bu adamların arasında gəzişirdi. O, birbaşa suala keçdi:

- Yuli Borisoviç, bir böyük atom bombasının əvəzinə, bir neçə kiçik atom bombası hazırlamaq olarmı?

Mən heç bir izah vermədən, aydınlıq gətirmədən qısa və konkret cavab verdim:

- Xeyr.

Bəlkə də belə qısa cavab Stalin üçün gözlənilməz idi. O, bir neçə saniyə mənə baxdı və sakit səslə dedi:

- Gedə bilərsininz...”

Akademik Yuli Xariton sovet alimləri arasında ən çox dövlət mükafatları ilə təltif olunanlardan biri olub. O, elmi nailiyyətlərinə görə üç dəfə Sosialist Əməyi Qəhrəmanı adı, altı dəfə “Lenin” ordeni, üç dəfə Stalin, bir dəfə Lenin mükafatı alıb, çoxsaylı medallarla təltif olunub.

800px-Hariton-mogila-novodevichye.jpg (198 KB)

Xariton elmi fəaliyyəti dövründə normadan qat-qat artıq şüalanmaya məruz qalsa da, uzun ömür yaşayıb. Akademik 1996-cı ildə, 92 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub. /Musavat.com/