Şişman generalın müharibə şəraiti – Qolubev səhrada iqamətgaha, xüsusi mətbəxə və fermer təsərrüfatına sahib olub

Şişman generalın müharibə şəraiti – Qolubev səhrada iqamətgaha, xüsusi mətbəxə və fermer təsərrüfatına sahib olub

11 Mart 2023 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Sovet-alman müharibəsi dövründə İosif Stalinin rəsmi göstərişi ilə hərbçilərə gündəlik yazmaq qadağan edilib. Belə düşünülüb ki, hərbçilər gündəliklərdə hərbi sirləri də, məkanla, silah-sursatla, şəxsi heyətin sayı ilə bağlı qeydlər də edə bilərlər ki, bu da onların əsir düşəcəkləri halda düşmən tərəfinin əlinə keçə və kəşfiyyat məlumatları kimi istifadə edilə bilər. Bu məsələyə hərbi birləşmələrdə özləri də riayət etməklə birbaşa komandanlıq nəzarət edib. Amma istisnalar da olub. Ordu generalı (1955-ci ildən marşal) Andrey Yeremenko müharibə illərində hər gün baş verənləri bütün təfərrüatları ilə qeydə alıb. General bu gündəlikdə ali rütbəli hərbçilər, sərkərdələr haqqında da ətraflı qeydlər aparıb ki, sonralar bu gündəlik bir neçə kitaba çevrilib.

Yeremenkonun gündəliyində ən “maraqlı” qeydlərdən biri də general-leytenant Konstantin Qolubevlə bağlı olub.

Maraqlıdır, həmkarının hansı fəaliyyəti ordu generalının diqqətini cəlb edib, onu gündəliyinin qəhrəmanına çevirib?

Qeyd edək ki, 1896-cı ildə Saratovda anadan olan Qolubev hərbi xidmətə hələ Rus İmperator ordusunun dövründən başlayıb. 1918-ci ildə qırmızı orduya keçən Qolubev vətəndaş müharibəsinin iştirakçısı olub.

Qolubev gələcək həyatını hərb işinə bağlamaq haqqında qərar verəndə hərbi təhsil almağı vacib sayıb və Frenze adına Hərbi Akademiyada təhsil alıb.

Sovet-alman müharibəsi başlanana qədər Qolubevin hərbi karyerası uğurlarla müşayiət olunub. Alay və diviziya komandiri, Moskva Piyadalar Məktəbinin rəisi vəzifələrində xidmət edən Qolubev 1939-cu ildə fəaliyyətini Frunze adına Hərbi Akademiyada baş müəllim kimi davam etdirib, dissertasiya işi müdafiə edərək hərb elmləri namizədi alimlik dərəcəsini alıb. Eyni zamanda o, 1940-cı ildən general-mayor rütbəsi daşıyıb.

Dinc şəraitdən fərqli olaraq müharibə dövrü generalın xarakterinin digər tərəflərini də büruzə verib. Həmişə rahat kabinetlərdə əyləşən, hərbi təhsil ocaqlarında yazı-pozu, sənədlərlə işləyən Qolubev üçün müharibə dövründə səhra şəraitində xidmət etmək problem və çətinliklər yaradıb. Müasirlərinin söylədikləri kimi, Qolubev səngər generalı kimi özünü təsdiq edə bilməyib.

Müharibə başlananda Qolubev əvvəlcə 13-cü orduya komandan təyin edilib. Smolensk ətrafında gedən döyüşlərdə digər hərbi birləşmələrlə koordinasiyanı düzgün qura bilmədiyinə görə Qolubevin komandanı olduğu ordu böyük itkilərə məruz qalıb və Baş Qərargahın hazırladığı hərbi əməliyyat uğursuzluqla nəticələnib.

Bu uğursuzluqdan sonra Qolubev komandan vəzifəsindən azad edilib və Müdafiə Komissarlığının (nazirliyini) sərəncamına göndərilib. O, tanınmış yüksək ranqlı hərbçilər, Georgi Jukov, İvan Konyev, Aleksandr Vasilevski tərəfindən sərt tənqid olunub. Məhz bu yarıtmazlığa görə Qolubevi ağır cəza da gözləyib. Amma Stalin tələskənliyə yol verməyib. Qolubevi marşal Semyon Timoşenko xilas edib. Stalinlə görüşdə o, müharibənin ən ağır dövründə generalları “sıradan” çıxarmağı məqsədəuyğun saymadığını bildirib və bu görüş Qolubevin xeyrinə yekunlaşıb. Belə ki, Timoşenkonun təklif və təşəbbüsü ilə Qolubevə özünü doğrultmaq üçün yeni şans verilib, o, 43-cü orduya komandan vəzifəsinə təyinat alıb.

1941-ci ilin oktyabr ayından 1944-cü ildə Qolubev bu vəzifədə xidmət edib, döyüş yolları Baltikyanı, Qərb, Stalinqrad, Belarusiya cəbhələrindən keçib. Onun komandanı olduğu ordu yüksək göstəricilər əldə etməsə də, uğursuzluqları da olmayıb. Qolubev bu vəzifədə olarkən özünü tam fərqli bir tərəfdən tanıdıb ki, bunu da yuxarıda adını qeyd etdiyimiz Yeremenko öz gündəliyində geniş və ətraflı yazıb:

“Mən 43-cü orduda nələri müşahidə etdim? Ordu komandanı general-leytenant Qolubev şəxsi heyətin qayğısına qalmaq əvəzinə yalnız özünə diqqət ayırırdı. Bu diqqət nədən ibarət idi? Qolubev öz təminatı, təmiz yağ və südlə özünü təmin etmək üçün iki inək saxlatdırırdı. 5-6 qoyun kabab üçün bəslənirdi. General üçün 3-4 donuz da saxlanılırdı ki, kolbasa hazırlansın. Qolubevin komanda məntəqəsi döyüş bölgəsindən 30-35 kilometr aralıda yerləşirdi. O, bu məntəqə üçün təxminən 2 hektara qədər yer ayırmışdı və ərazi tikanlı məftillərlə əhatəyə alınmışdı. Əraziyə yalnız onun xüsusi icazəsi ilə kimsə buraxıla bilərdi. Komanda məntəqəsi adlandırılan bu ərazidə general üçün müasir dəbdə bir iqamətgah da tikilmişdi. Həmin iqamətgahın tikintisində mühəndis qoşunlarının şəxsi heyətindən 200 nəfər cəlb edilmişdi. Hansı ki, həmin ərəfədə döyüş bölgələrində canlı qüvvə çatışmırdı. Ərazidə Qolubev üçün xüsusi mətbəx də tikilmişdi. Öz iqamətganımım altında isə bunker də var idi. O, təmas xəttindən çox uzaqda olsa da, gününü həmin bütün şəraiti olan bunkerdə keçirirdi. Bütün günü yeyib-içməklə keçirdi. Generalın çəkisi 160 kiloqramı keçmişdi. Mən bir şeyi anlaya bilmirdim ki, özünü hamıdan ağıllı sayan Müdafiə Komissarlığının rəhbərliyi bu qorxaq və ancaq özünü bəsləməklə məşğul olan şəxsi hansı kriteriyalarına görə ordu komandanı təyin ediblər...”

Qolubev 1944-cü ilin oktyabr ayına qədər komandan vəzifəsini belə bir şəraitdə icra edib.

Müharibədən sonrakı illərdə Qolubev xidmətini Voroşilov adına Ali Hərbi Akademiyada elmi katib vəzifəsində davam etdirib.

Qeyri-sağlam həyat tərzi, düzgün qidalanmama Qolubevin sağlamlığına müharibədən daha çox ziyan vurub. O, 1956-cı ildə, 60 yaşında vəfat edib. General Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub. Musavat.com