Stalinin düşmənlərini zarıdan general – Zaryanov ən çox ölüm hökmü çıxaran hakim olub

Stalinin düşmənlərini zarıdan general – Zaryanov ən çox ölüm hökmü çıxaran hakim olub

19 Mart 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Onun ən ağır cəzalara məhkum etdiyi minlərlə insan 1950-ci ilin ortalarından sonra bəraət alıb. Amma İvan Zaryanov özü iyirmi il çalışsa da, itirdiyi general rütbəsini bərpa edə, əlindən alınan partiya biletini geri ala bilməyib, sabiq generala bəraət verilməyib...

İvan Zaryanov 1894-cü ildə Vyatka şəhərində (sonralar Kirov) anadan olub. O, Moskvada ali hüquq təhsili aldıqdan sonra 1920-ci ildən hərbi ədliyyə orqanlarında xidmətə başlayıb. Artıq 1923-cü ildə Zaryanov Volqa hərbi dairəsinin hərbi tribunalına sədr vəzifəsinə təyinat alıb. Xarakter baxımından olduqca sərt, ən kiçik məsələlərdə belə güzəştə getməyən Zaryanovla həmin ərəfədə SSRİ hərbi və dəniz işləri üzrə xalq komissarı (naziri) Lev Trotski arasında dəfələrlə ciddi qarşıdurma yaranıb.

trotsky_office.jpg (109 KB)

Mübahisələr o həddə çatıb ki, Trotski Zaryanovu nəinki vəzifəsində saxlamaq, onu sürgünə göndərmək haqqında məsələ qaldırıb. Amma Trotskinin özündən qat-qat aşağı ranqda olan Zaryanova gücü çatmayıb. Çünki tribunal sədrini Stalin açıq şəkildə müdafiə edib və Trotskinin ona münasibətini qərəz adlandırıb.

Qısa müddət ərzində Stalinin sevimlisinə çevrilən Zaryanov 1936-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının üzvü olub. Stalin onu kollegiyaya şəxsən özü təqdim edib. Bu həmin dövr üçün nadir hadisə sayılıb. Sovet lideri Zaryanov haqqında çox böyük “səxavətlə” yüksək fikirlər də söyləyib:

“Yoldaş Zaryanov öz işində məsuliyyətli olmaqla yanaşı, həm də prinsipial bir hüquqşünasdır. Məndə onun haqqında dəqiq məlumatlar var. Onu öz mövqeyindən çəkindirməyə çəhd edənlər olub (Trotski nəzərdə tutulub). Amma Zaryanov vicdanlı və təmiz bir kommunist kimi öz düzgün mövqeyindən dönməyib. Partiyamız bu xarakterdə olan insanlara həmişə etimad göstərəcək...”

NL-HaNA_2.21.273_1_0099_15.jpg (126 KB)

Ölkənin birinci şəxsi tərəfindən bu cür təqdimat Zaryanovu xidməti fəaliyyətində daha da “ilhamlandırıb”. 1937-1938-ci illərdə “Böyük terror” zamanı “NKVD” başçısı Nikolay Yejovun sağ əlinə çevrilən Zaryanov ölüm hökmlərinə imza atmaqda rekord göstəriciyə nail olub.

Bir çox proseslərdə Zaryanov birbaşa Stalinin göstərişlərini icra edib. Çox-çox sonralar, 1970-ci illərin əvvəllərində o, özü də bunu etiraf edib: “Biz proseslərə əvvəlcədən hazır olurduq və nəticəni də əvvəlcədən bilirdik. Elə proseslər olurdu ki, Stalin əvvəlcədən ölüm hökmü çıxarılması barədə göstəriş verirdi. Belə proseslərdəki özünümüdafiə, səs-küy, şahid dindirmələri və s. bu kimi vaxt aparan məsələlər mənim üçün formal xarakter daşıyırdı. Çünki bilirdim, heç nədən asılı olmayaraq sonda ölüm hökmü oxuyacağam. Başqa bir variant da yox idi. Stalinin göstərişi mütləq şəkildə icra edilməliyidi...”

IMTFE.jpg (185 KB)

Stalinə bu cür sədaqəti ilə Zaryanov vəzifə pillələrində sürətlə irəliləyib, general rütbəsinə sahib olub.

1941-1942-ci illərdə Zaryanov bir neçə cəbhədə hərbi tribunallara sədrlik edib. 1942-ci ilin may ayında isə o, daha rahat bir kabinetdə xidmətini davam etdirib. Zaryanov SSRİ silahlı qüvvələrinin hərbi hüquq akademiyasına rəis vəzifəsinə təyin olunub. Bu vəzifədə də o, bütün məsələləri birbaşa Stalinlə həll edib.

Zaryanov istər rəsmi tədbirlərdəki çıxışlarını, istərsə də qeyri-rəsmi ziyafətlərdəki nitqlərini “Mən böyük Stalinin məktəbinin yetişdirməsiyəm” ifadəsi ilə yekunlaşdırıb. Sözsüz ki, bu ifadə açıq və gizli şəkildə Stalinə müxalif olan qüvvələrin qıcığına səbəb olub. Xüsusilə də Nikita Xruşovun.

1945-ci ildə Zaryanov yeni vəzifəyə, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının daxili qoşunlar hərbi tribunalları idarəsinə rəis təyin olunub.

160193.jpg (173 KB)

1946-cı ildə Zaryanov “Tokio prosesi” kimi tarixə düşən Uzaq Şərq üzrə beynəlxalq hərbi tribunalda SSRİ tərəfindən hakim qismində iştirak edib. Prosesdə yapon hərbi cinayətkarları mühakimə olunublar. Araşdırmaçıların qənaətinə görə, Zaryanov hərbi ədliyyə orqanlarında xidmət etdiyi bütün illər ərzində ilk dəfə Tokio prosesində humanistlik nümayiş etdirib. Məhkəmə zamanı o, yapon hərbi cinayətkarların ölüm cəzasına məhkum edilməsinə qarşı çıxıb. Amma prosesdə üstünlük ABŞ tərəfində olduğundan Zaryanovun təklifi qəbul edilməyib.

Stalinin vəfatından sonra Zaryanovun vəzifə karyerası da sona çatıb. Vyaçeslav Molotov və Georgi Malenkovla yaxın münasibətlər də onu xilas edə bilməyib. Çünki Stalinin bu silahdaşları da vəzifə süqutunun astanasında olublar.

1649574228_230956.jpg (96 KB)

Nikita Xruşovla Zaryanovun ilk mübahisəsi 1955-cü ilin yanvarında açıq müstəviyə keçib. Xruşov müşavirələrin birində hərbi kollegiyanın çıxardığı qərarların ədalətsizliyi ilə bağlı faktları səsləndirəndə Zaryanov ittihamları cavabsız qoymayıb, bu məsələdə Xruşovun özünün də iştirak etdiyini bildirib.

Həmin müşavirədən sonra Zaryanova könüllü ərizə yazaraq bütün tutduğu vəzifələrdən getməyi təklif olunub. General bu təklifdən qəti şəkildə imtina edib. Bu imtinadan sonra Xruşov konkret addımlar atıb. 1955-ci ilin iyununda “SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında işləyərkən sosialist qanunçuluğunu kobud şəkildə pozduğuna görə” Zaryanov partiyadan xaric olunub, general rütbəsindən məhrum edilib.

Ömrünün son günlərinə qədər Zaryanov Mərkəzi Komitəyə partiyaya bərpa olunması, rütbəsinin geri qaytarılması ilə bağlı dəfələrlə müraciət edib. Bu müraciətlərin heç birinə müsbət cavab verilməyib.

İvan Zaryanov 1975-ci ildə, 80 yaşında heç bir partiya mənsubiyyəti və heç bir rütbəsi olmadan vəfat edib. Musavat.com