Stalinin “qanundankənar” nəvəsi – Yevgeni babasını hamıdan artıq müdafiə edib

Stalinin “qanundankənar” nəvəsi – Yevgeni babasını hamıdan artıq müdafiə edib

23 Aprel 2023 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın qohumlar onun Stalinin nəvəsi olduğunu qəbul etməyiblər. Yevgeni Cuqaşvilidə bu faktı təsdiq edən Tbilisi şəhər məhkəməsinin rəsmi sənədi olsa da, nəvə Stalini qohumlar öz ətraflarına buraxmayıblar. Stalinin qızı Svetlana Alliluyeva Yevgeni Cuqaşvilini fırıldaqçı adlandırıb. Stalinin nəvəsi Qalina Cuqavili (Yakovun qızı) isə mətbuata açıqlamalarında məsələyə aşağıdakı kimi aydınlıq gətirib:

“Mən Yevgenini qardaşım kimi qəbul etmirəm və bu məsələnin tarixçəsini də yaxşı bilirəm. 1936-cı ildə anam tanımadığı bir qadından məktub alıb. Həmin məktub Uryupinsk (Volqoqrad vilayəti) şəhərindən yazılıb. Qadın məktubda bildirib ki, onun dünyaya gətirdiyi körpənin atası Yakovdur, yəni mənim atam. Anam səs-küy yaranmasın, babamın (Stalinin) adı hallanmasın deyə bu hadisəni dərindən araşdırmayıb. Amma hər ay ona müəyyən məbləğdə pul göndərib. Atam bu məsələdən xəbər tutanda əsəbləşib və anama deyib ki, mənim başqa bir yerdə oğlum yoxdur və ola da bilməz. Bir neçə aydan sonra həmin qadın poçtla ona göndərilən pulları aliment kimi təqdim edərək Yevgeniyə atamın soyadını ala bilib. Yevgeni Cuqaşvili Stalin in nəslində belə peyda olub...”

djuga34212121.jpg (63 KB)

Bəs, həqiqət necədir? Yevgeni Cuqaşvili həqiqətənmi Stalinin nəvəsidir?

1930-cu illərin əvvələrində Olqa Qolışeva adlı bir qız aviasiya texnikumuna qəbul olunmaq üçün Uryupinskdən Moskava gedib. Bu ərəfədə o, Yakovla tanış olub və aralarında ciddi münasibət yaranıb. Yakovun seçimi Stalinin də ürəyincə olub. Cütlük ailə qurub. Amma bilinməyən səbəblərdən onlar rəsmi nikaha girməyiblər. Qərara alıblar ki, bu məsələni toy mərasimindən sonraya saxlasınlar. Stalinin göstərişi ilə cütlüyə Moskvanın mərkəzində kiçik bir mənzil də verilib. Bir il keçməmiş Yakovla Olqanın münasibətləri pozulub. Olqa Moskavadan Uryupinskə qayıdıb. 1936-cı ildə onun oğlu Yevgeni dünyaya gəlib. Əvvəlcə Yevgeni anasının soyadını, Qolışev soyadını daşıyıb. Olqa ilə Yakovun aralarındakı iki illik yazışmalardan sonra Yakov öz soyadını Yevgeniyə verməyə razılıq verib. Beləliklə, Yevgeni 1938-ci ildən Cuqaşvili soyadını daşıyıb.

_93093168_rian_00023403.hr.ru.jpg (134 KB)

Yevgeni orta təhsilini Uryupinskdə alıb. Müharibədən sonra onun anası Moskvaya köçüb, Moskva hərbi dairəsinin maliyyə hissəsində inkassator vəzifəsində işləyib. 1947-ci ildə Yevgeni Tverdə hərbi məktəbə qəbul olunub. Daha sonra təhsilini Jukovski adına hərbi akademiyada davam etdirib. Akademiyada təhsilini başa vurduqdan sonra Yevgeni Cuqaşvili hərbi sənaye təyinatlı zavodlarda hərbi nümayəndə vəzifəsində çalışıb.

Yevgeni Cuqaşvili 1973-cü ildə Lenin adına Hərbi Siyasi Akademiyada xüsusi kurslar keçərək “Hərbi incəsənət” kafedrasında dissertasiya müdafiə edib, hərb elmləri namizədi alimlik dərəcəsini alıb.
Sonrakı fəaliyyətini pedaqoji sahə ilə bağlayan Cuqaşvili baş qərargahın hərbi akademiyasında və Malinovski adına hərbi akademiyada müəllim kimi işləyib.

227809w540zc0.jpg (89 KB)

SSRİ-nin süqutundan sonra Çuqaşvili Rusiya və Gürcüstanın siyasi həyatında kommunist hərəkatının fəallarından birinə çevrilib. O, Gürcüstan Yeni Kommunist Partiyasının baş katibi seçilib.
Cuqaşvili Stalinin nəvəsi kimi SSRİ-dən daha çox, xarici ölkələrədə tanınıb. Beynəlxalq təşkilatların XX əsrin nəhəng siyasətçiləri ilə bağlı keçirdikləri tədbirlərdə Cuqaşvili fəxri qonaq kimi iştirak edib.
Beynəlxalq müstəvidə II dünya müharibəsi ilə bağlı müzakirələr açılanda, Stalin hansısa bir məsələdə ittiham olunanda Yevgeni Cuqaşvili bu cür hadisələrə dərhal reaksiya verib. O, dəfələrlə babasının ünvanına deyilən ifadələrlə bağlı rəsmi olaraq məhkəmələrə müraciət edib və əksər hallarda Stalini müdafiə etməyi, təmizə çıxarmağı bacarıb.

Yevgeni Cuqaşvili Stalinin digər nəvələri tərəfindən qəbul edilməsə də, o, baba Stalinin ən ən yaxşı təbliğatçısı olub. “Yakov – Stalinin oğlu” filmində Yevgeni Cuqaşvili Stalinin obrazını canlandırıb.
Cuqaşvilinin müəllifi olduğu “Stalin mənim babamdır. O, müqəddəsdir” kitabı isə geniş oxucu auditoriyası toplayaraq populyar nəşrlərdən birinə çevrilib.

umer-vnuk-stalina-evgeniy-dzhugashvili.jpg (148 KB)

Cuqaşvili siyasi fəaliyyətində cəsarətli olmağı, açıq fikir söyləməyi ilə də yadda qalıb. Jurnalistlərin ona babası ilə bağlı suallarına isə o, fərqli cavab verib:

“Mən Stalinə baba deyə bilmərəm. Mənim yaddaşımda Stalin nəhəng bir dövlətin nəhəng bir rəhbəri kimi yadda qalıb. Onun rəhbərlikdə olduğu illər SSRİ-nin qızıl dövrüdür...”

Vladimir Putinin siyasi fəaliyyəti ilə bağlı suala isə Cuqaşvili daha sərt cavab verib:

de-1200x900.jpg (190 KB)


“Putin düşməndir. O, qəbuledilməz siyasətçidir. Putini Stalinə bənzətmək isə qəti yolverilməzdir. Məhz Xruşov, Qorbaçov, Yeltsin kimi dövlət başçıları ölkəni bu vəziyyətə salıb. Əgər Stalnin ömrü bir az da uzun olsaydı, biz bu acınacaqlı vəziyyətə düşməzdik...”

Yevgeni Cuqaşvili həm Moskvada, həm də Tbilisidə yaşayıb. Moskvadakı mənzili ona Leonid Brejnev, Tbilisidə isə Eduard Şevardnadze bağışlayıb.

Cuqaşvili 2016-cı ildə vəfat edib. O, evlərinin yaxınlığındakı avtobus dayanacağında huşunu itirib. Təcili tibbi yardım gələnə qədər 80 yaşlı Yevgeni Cuqaşvili həyatını itirib. /Musavat.com/