Mannadan yadigar qalan şəhərimiz-Mərənd

Mannadan yadigar qalan şəhərimiz-Mərənd

7 May 2023 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

Şərqi Azərbaycan əyalətinin Təbriz və Marağadan sonra üçüncü böyük şəhəri olan Mərənd əyalətin şimal hissəsində yerləşir. 3286 kvadrat kilometr sahəsi olan Mərənd şəhəri (əyalət ərazisinin 7,2%-i) təbii gözəllikləri, münbit və məhsuldar torpaqları ilə məşhurdur. Mərənd cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Qaradağ mahalı ilə qonşudur.

2016-cı ildə əhalinin siyahıya alınmasına görə Mərəndin ətrafla birlikdə əhalisinin sayı 260.592 nəfərdir. Onların təxminən 150 nəfəri rayon mərkəzində yaşayır.

Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi dağlıq və təpəlikdir. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdə yerləşir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (Naxçıvan) ilə isə 60 km-dir. Şəhər tranzit yolu üzərində yerləşdiyinə görə Təbriz-Culfa dəmir yolu, eləcə də Təbrizdən Avropaya gedən yollar Mərənddən keçir.

Mərəndi əhatə edən böyüklü-kiçikli dağ silsilələri arasında 3200 metr hündürlüyü olan Mişov dağı coğrafi mövqeyi, zənginliyi və təbiətinin rəngarəngliyi ilə fərqlənir.

Mişov dağının ətəyində yerləşən Yam gədiyi, yaylağı və xizək mərkəzi bölgənin ən tanınmış istirahət və gəzməli yerlərindəndir.

Mərəndin ərazisini əhatə edən başlıca çaylar Sellisu, Zilbir, Zunuzçay, Sınıqçay, Qaraçay və Ələmdar çaydır.

Adının etimologiyası

Azərbaycanın ən qədim şəhərlərindən olan Mərəndin adı eramızdan əvvəlki dövrlərə aid tarixi mənbələrdə “Mandqarna” kimi çəkilir. Bu, qədim Azərbaycan dövləti Mannanın adı ilə əlaqələndirilir. Mərənd sözü qədim türk dilində basdırılmış, örtülmüş, dəfinə kimi şərh edilir. Bu adla bağlı əhali arasında belə bir əfsanə də vardır ki, guya Nuh peyğəmbər və anası Mərənddə dəfn edilib. Lakin Nuh Peyğəmbər türbəsi Naxçıvan şəhərində yerləşir.

Mərəndin adı yunan mənbələrində eramızdan əvvəl II əsrdə çəkilir və burada yaşayış məntəqəsi olduğu qeyd edilir. Tarixi mənbələrin verdiyi məlumata görə, Mərənd şəhəri madayların hakimiyyəti dövründə bir müddət mühüm inzibati mərkəz kimi istifadə edilib.

Tarixdə rolu

Mərənd Azərbaycanın milli qəhrəmanı Babəkin başçılığı altında ərəb işğalına qarşı hərəkatda da mühüm mövqe tutub, mübarizənin mühüm ocaqlarından biri olub. Mahal çoxlu hücum və talanlara məruz qalıb. Əvvəlki şöhrətini itirdiyindən mənbələrdə şəhərin adı çox gec-gec çəkilib.

Səfəvilərin hakimiyyəti dövründə şəhərə xüsusi fikir verilib, abadlaşdırılmasına və böyüməsinə diqqət yetirildiyi üçün bölgədə yenidən canlanma baş verib.

Mərənd həm də Səfəvi-Osmanlı arasında baş verən müharibələrə şahidlik edib, həmçinin, iki imperiya arasında bağlanan sülh müqaviləsinin mərkəzi olub.

1618-ci ildə Mərənddə Səfəvi-Osmanlı dövlətləri arasında yeni sülh müqaviləsi imzalanıb. Bu sülhə görə, 1612-ci ildə İstanbulda bağlanmış sülh müqaviləsində müəyyən edilmiş sərhədlər bərpa edilib.

Eyni zamanda, 1747–1828-cı illər ərzində mövcud olan Mərənd xanlığı Azərbaycan tarixində özünəməxsus yeri ilə seçilir. Bu xanlıq şimaldan Gərgər mahalı, şərqdən Qaradağ xanlığı, cənubdan Təbriz xanlığı, qərbdən Xoy xanlığı ilə həmsərhəd idi. Xanlığın yaradıcısı Məhəmməd Rza xandır. Məhəmmədrza xan Nadir şah Əvşarın ölümündən sonra Mərəndin hakimi olub. Mərənd xanlığına hakim olmaq uğrunda əslən Yekan mahalından olan Mir Qılınc Baba xanın törəmələri ilə Xoydan olan Dünbili elinin nümayəndələri mübarizə aparırdılar.

1905-1911-ci illər arası Məşrutə hərəkatında Səttarxanın başçılıq etdiyi mücahid dəstələrinə qoşulan və ona yardım göstərən mərəndlilərə irticaçı Şüca Nizam xan mane olurdu. Təbrizdən məşhur inqilabçı Heydər Əmoğlunun göndərdiyi sovqat bağlamasında yerləşdirilən bombanın partlaması nəticəsində Şüca Nizam həlak olur. Bundan sonra Mərənd məşrutəçilərin əsas dayaqlarından birinə çevrilir. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani üsyanında, 1945-46-cı il 21 Azər hərəkatında, 1978-ci il Təbriz üsyanı və 1978-79-cu illər inqlabında Mərənd əhalisinin əhəmiyyətli rolu olub.

İqtisadiyyatı, məşğulluğu

Mərənd mahalı, özəlliklə, rayon mərkəzində müxtəlif irili-xırdalı sənaye müəssisələri, fabriklər və sexlərin olmasına baxmayaraq, bölgənin iqlimi və münbit, məhsuldar torpaqlarına görə, əhalinin iqtisadi gəlir və məşğulluğu daha çox kənd təsərrüfatı sahəsi ilə bağlıdır.

Burada Şərqi Azərbaycan əyalətində mövcud olan bağ sahələrinin 11 faizi yerləşir. Bağlardan əldə edilən çeşidli məhsullar əyalətlə birgə İranın başqa bölgələrinə və xarici ölkələrə ixrac edilir.

Həmçinin, əkinçilik, arıçılıq, heyvandarlıq, quşçuluq mərəndlilərin əsas gəlir qaynaqlarından biridir. Mərənddə 9 aktiv mədənin olması, qeyri-metal mineral məhsulların istehsalındakı nisbi üstünlüyü, ölkənin Avropa, Qafqaz və Mərkəzi Asiyaya gedən dəmiryolu marşrutunda yerləşməsi, sənaye, mədənçıxarma və kənd təsərrüfatının emalı sənayesinə investisiyalar üçün böyük potensiala malikdir.

Son illər Mərənddə su qıtlığı probleminin yaranması az su ilə yetişdirilməsi mümkün olan, bahalı və “qızıl bitki” adlandırılan zəfəran sahələrinin genişlənməsinə səbəb olub. Bu, mərəndlilərin məşğulluq və iqtisadi səviyyələrində dəyişikliklə nəticələnib.

Güney Azərbaycanın başqa yerlərində olduğu kimi, Mərəndə də əl işləri əhalinin bir qisminin əsas məşğulluğuna daxildir. Evlərdə və sexlərdə çeşidli naxışlarda xalça, kilim, cecim və vərni toxunur. Xüsusilə kənd yerlərində adı çəkilən əl işləri qadınların əsas məşğuliyyətlərindən sayılır.

Bölgədə dulusçuluq və keramika sənayesi isə Mərəndin başqa yerlərə aparılan əsas hədiyyəlik məhsullarından sayılır.

Bunlarla yanaşı, Mərənd Şərqi Azərbaycanın əsas ticari və turizm bölgələrindən biri kimi çox sayda daxili və xarici qonaqları qəbul edir. Bu səbəbdən turizm sektoru və biznes sahəsi də mərəndlilərin iqtisadiyyatında əhəmiyyətli rol oynayır.

Tarixi abidələri və gəzməli-görməli yerləri

Mərənd mahalı çoxsaylı tarixi və təbii abidələri ilə Güney Azərbaycanın ən zəngin bölgələrindən biri sayılır.

Pirbala məscidi, Huvans kilsəsi, Mandaqarana atəşgahı, Mərənd cümə məscidi, Sənsarud qalası, Hülakü qalası, Şah Abbas karvansarayı, Mərəndin tarixi üstüörtülü bazarı, Qazi hamamı, Hacı Musa hamamı, tarixi Duzlax qəbiristanlığı, Pir Xamuş türbəsi və b. Mərəndin tarixi abidələrindən bir neçəsidir.

Pirbala şəlaləsi, Dogican mağarası, Eyşabad şəlaləsi, Yam gədiyi və yaylağı, Yamxizək xizək yamacı, Yekanat qoruğu, Ələmdar dağı qoruğu, Zunuz kəndi, Oyandın kəndi, müxtəlif istisu və müalicəvi xarakterli bulaqlar bölgənin əsas gəzməli və görməli yerlərini təşkil edir.

Kult.az