“Kreml qocaları”nın uzunömürlülük sirri – ŞOK DETALLAR

“Kreml qocaları”nın uzunömürlülük sirri – ŞOK DETALLAR

6 Avqust 2023 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Mövcud olduğu 70 il ərzində sovet rəhbərləri dünyanın siyasi müstəvisində, istər sosialist düşərgəsində, istərsə də əks qütbdə siyasi fəallıq nümayiş etdiriblər. Xüsusilə II Dünya müharibəsindən sonra güc dövlətlərindən birinə çevrilən SSRİ-nin rəhbərləri planetin siyasi proseslərində əsas söz sahiblərindən biri kimi tanınıblar.

Siyasi fəallıqları ilə yanaşı, Kreml məmurları həm də uzunömürlü olmaqları ilə yadda qalıblar. Ağır müharibə illəri, gərgin iş rejimi onların səhhətinə çox da mənfi təsir göstərməyib. Bu faktı rəqəmlər də təsdiq edir. SSRİ-nin siyasi elitasının nüfuzlu simalarından biri olan, gərgin Stalin rejimində yüksək vəzifələr tutan Vyaçeslav Molotov 96, bütün fəaliyyətini sovet quruculuğuna həsr edən Lazar Kaqanoviç 97, Kremldə əsas fiqurlardan biri olan Georgi Malenkov 86, həm Leninin, həm Stalinin, həm də Xruşov dövründə siyasi elitada özünə yer etməyi bacaran Anastas Mikoyan 82 il yaşayıb. Uzunömürlülük “ənənə”si Brejnevin hakimiyyəti illərində davam edib. Hətta xalq arasında Siyasi Büro üzvləri “Kreml qocaları” ifadəsi ilə əvəzlənib.

stalin.jpg (98 KB)

Maraqlıdır, siyasi birincilərin uzunömürlü olmalarının sirri nədə olub?

Əvvəlcə qeyd edək ki, Siyasi Büro üzvlərinin təhlükəsizliyi, səhhəti, sosial rifahı ilə bağlı Mərkəzi Komitənin xüsusi qərarı olub. Bu qərarı bir neçə qurum icra edib. SSRİ Səhiyyə Nazirliyinin 4-cü İdarəsi Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyıb, Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu İdarəsi siyasilərin təhlükəsizlik və mühafizəsini təşkil edib, Mərkəzi Komitənin İşlər İdarəsində büro üzvlərinin təminatı ilə bağlı xüsusi şöbə fəaliyyət göstərib. Mərkəzi Komitənin müvafiq qərarındakı bəndlərin icrası Siyasi Büro üzvləri üçün mütləq və məcburi şərt sayılıb.

Səhiyyə Nazirliyinin 4-cü İdarəsinin həkimləri tərəfindən Kreml məmurları ilə həftədə bir dəfə söhbət, ayda bir dəfə müayinə aparılıb. Bu tədbirlər katiblik tərəfindən büro üzvlərinin konkret saatlarda iş qrafikinə salınıb. Müayinə zamanı ən kiçik bir problem aşkar olunduğu halda, həmin məmur ciddi həkim nəzarətinə götürülüb.

Büro üzvlərinin uzunömürlüyünün sirlərindən biri qida rasionu ilə bağlı olub. İstifadə olunan meyvə və tərəvəzlər xüsusi təsərrüfatlarda yetişdirilib. Bu məhsulların yetişdirilməsində gübrədən, əlavə minerallardan istifadə olunmayıb. Qida rasionuna əsasən qaynadılmış ət və balıq, sıyıqlar, tərəvəz salatları, yerli meyvələr, süd və süd məhsulları daxil edilib. Şirniyyatların hazırlanmasında meyvə şirəsi və təmiz baldan istifadə olunub. Büro üzvləri üçün su dağlardan, xüsusilə də Qafqazdan aparılıb. Ərzaq məhsullarının təbiiliyini yoxlamaq üçün xüsusi laboratoriyalar fəaliyyət göstərib.

kuxna.jpg (147 KB)

Büro üzvləri ölkənin sahibləri olsalar da, onlara da qadağalar tətbiq edilib. Siyasilərin tütün məmulatlarından istifadəsi tam qadağan olunub. Alkoqollu içkilərə isə məhdudiyyət qoyulub. Bu yasaqlar siyasi liderlər tərəfindən ciddi pozulub. Lenin istədiyi qədər pivə, Stalin istədiyi qədər şərab, Xruşov istədiyi qədər araq, Brejnev isə istədiyi qədər bütün alkoqollardan içib.

brejnev son.jpg (107 KB)

Siqaret məsələsində isə Brejnevin öhdəsindən heç kim gələ bilməyib. Ona üstündə siqaret gəzdirməyi qadağan edəndə baş katib sürücüsündən, köməkçisindən acizanə siqaret istəyib. Ziyafətlərin birində isə Brejnev kürəkəni Yuri Çurbanovdan siqaret xahiş edib. Çurbanov ona “Kent” siqareti təklif edəndə baş katib ona iradını da bildirib: “Belə siqaretlər mənim sinəmə düşmür...” Həmin ziyafətdən sonra Çurbanov cibində iki qutu siqaret saxlayıb. “Kent”i özü üçün, Brejnevin üstünlük verdiyi “Novost” siqaretini isə baş katib üçün.

Ümumiyyətlə, məmurlar arasında mühafizəçilərin, təhlükəsizlik əməkdaşlarının, həkimlərin tələblərini ən çox pozan Brejnev olub. İstirahət günlərinin birində baş katib nahar zamanı araq içmək istəyəndə həkim qəti şəkildə buna imkan verməyib. Şam yeməyində baş katib həmin həkimi süfrəyə dəvət edib:

- Siz bilirsiniz mən kiməm?

- Əlbəttə, Leonid İliç, Mərkəzi Komitənin baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri.

- Uzatmayın, demək mən bu ölkənin sahibiyəm, mən deyirimsə, o da olmalıdır. İndi dur, soyuducudan “Zubrovka”nı (araq) süfrəyə gətir.

Digər məmurlar Brejnevdən fərqli olaraq “qadağa”lara riayət etməyə çalışıblar.

icki son.jpeg (133 KB)

Kreml məmurlarının uzunömürlülüyünün daha bir sirri ildə ən azı bir dəfə, əsasən yay aylarında məzuniyyətə çıxıb dağlıq ərazilərdə yerləşən və yalnız onlar üçün nəzərdə tutulmuş müalicə-istirahət mərkəzlərində dincəlmələri ilə bağlı olub. İstirahət qrafikinə əməl etmək mütləq sayılıb.

Fiziki cəhətdən Siyasi Büro üzvlərinə zərər yetirmək demək olar ki, mümkünsüz sayılıb. Bir neçə dəfə sovet liderlərinə sui-qəsd cəhdi olsa da, onların qarşısı dərhal alınıb. Sovet dövründə SSRİ rəhbərlərinin mühafizəsi dünyanın ən mükəmməl mühafizə sistemlərindən biri sayılıb.

Birincilərin və ailə üzvlərinin təminat məsələsi də yüksək səviyyədə təşkil olunub ki, bu da onların tam rahatlığını təmin edib. Mənzil, bağ evi, şəxsi və xidməti avtomobil, ev avadanlıqları, geyim və s. dövlət büdcəsi tərəfindən ödənilib.

Bu təminata, təhlükəsizliyə, qorunmaya baxmayaraq, kommunistlər öz ölkələrini qoruya bilməyiblər. Təbii ki, demokratik ölkə kimi dünyaya təqdim olunan diktatura rejimli SSRİ-nin ömrü uzun ola bilməzdi. Musavat.com