İnsanları diri-diri yaran nasist – Hitlerin sevimli həkiminin sümüklərinə “cəza” kəsilib...

İnsanları diri-diri yaran nasist – Hitlerin sevimli həkiminin sümüklərinə “cəza” kəsilib...

20 Avqust 2023 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

XX əsrin əvvəllərində Karl Mengele Almaniyada ən tanınmış və zəngin sahibkarlardan biri olub. Onun sahibi olduğu “Karl Mengele və oğulları” şirkəti böyük torpaq sahələri və kənd təsərrüfatı avadanlıqları istehsal edən müəssisələrlə tanınıb.

Karl Mengele zəngin iş adamı olmaqla yanaşı, həm də siyasi dairələrdə böyük nüfuza sahib olması ilə fərqlənib. Mengelenin ən yaxın dostlarından biri Adolf Hitler olub ki, onlar öz münasibətlərini ailə müstəvisində davam etdiriblər, çox vaxt bayramları, əlamətdar günləri birgə keçiriblər. Onu da qeyd edək ki, Karl Mengele nasist partiyasına böyük məbləğlərdə ianələr edib.

Karl Mengelenin şirkətdəki işlərini iki oğlu davam etdirib. Kiçik oğlu Yozef isə tam fərqli bir sahəyə üz tutub. Bonn, Vyana və Münhen universitetlərində yüksək ali tibbi təhsil alan Yozef özünə həkimlik peşəsini seçib. Yozef atasının biznes mühitindən uzaqlasa da, onun köməyindən imtina etməyib. Belə ki, Karl Mengele Hitlerlə görüşlərinin birində Yozefin iş məsələsi ilə bağlı fürerə müraciət edib. Elə bu görüşdən sonra, 1938-ci ildə Yozef Mengele nasist partiyasına və SS-ə daxil olub, 1940-cı ildə tank diviziyasında hərbi həkim kimi xidmətini davam etdirib.

1942-ci ildə Yozef Mengele şərq cəbhəsində yaralanıb və onu ordudan tərxis ediblər. Bir neçə aylıq müalicədən sonra Hitlerin göstərişi ilə onu yenidən xidmətə qəbul ediblər, Yozef Mengele Osvensim düşərgəsinə həkim təyin edilib. Məlum olduğu kimi, Osvensim ölüm düşərgəsi tarixə əsirlərin kütləvi şəkildə məhv edildiyi yer kimi düşüb. Bu kütləvilik o qədər böyük olub ki, düşərgədə öldürülənlərin sayını tam dəqiqləşdirmək mümkün olmayıb. Bəzi mənbələrdə düşərgədə 4-5 milyon əsirin həyatına son qoyulduğu göstərilib. Məhz bu kütləvi ölümlərdə Yozef Mengelenin “xüsusi” rolu olub. Hitlerin sevimli həkimi Osvensimi sözün əsl mənasında “ölüm düşərgəsi”nə çevirib.

Yozef Mengelenin Osvensimdə əsas fəaliyyəti heç də düşərgədə saxlanılanlara tibbi yardım göstərmək yox, onların üzərində sınaq aparmaqdan ibarət olub. Mengele insan ağlına sığışmayan “sınaq”larını məhz bu düşərgədə həyata keçirib.

Mengele insan orqanizminin ağrılara dözümlük dərəcəsini “müəyyənləşdirmək” üçün düşərgədə saxlanılanlar üzərində əməliyyatlar aparıb, onların aşağı və yuxarı ətraflarını kəsib, qarın boşluğunu yararaq daxili orqanlarını çıxarıb və bütün bu əməliyyatlar narkozsuz, ağrıkəsicisiz aparılıb.

İnsan gözünün rənginin dəyişdirilməsi üçün Mengele xüsusi kimyəvi maddələr hazırlayıb, həmin məhlulları düşərgədə saxlınılan qadınların gözlərində sınaqdan keçirib.

Cəllad həkimin əsas təcrübələri əkizlər üzərində olub. O, alman qadınlarının daha çox əkiz uşaqlar dünyaya gətirməsi üçün bütün bilik və bacarığından “istifadə” edib, bu sahədə təcrübə toplamaq məqsədilə düşərgə sakinlərini amansızcasına məhv edib. Belə ki, Osvensimdə fəaliyyət göstərdiyi illər ərzində Mengele 1500 əkiz cütlüyün üzərində sınaqlar keçirib, onların orqanlarını və qanını dəyişib, cütlüyün birinin bütün orqanlarını çıxarıb, onları bir-birlərinə tikərək iki orqanizmin bir orqanizmdə yaşamasını yoxlayıb.

Osvensimdə Yozef Mengele əsas söz sahiblərindən biri sayılıb. Düşərgə rəhbərliyi onun Hitlerlə yaxınlığı haqqında məlumatlı olublar. Düşərgəyə yeni gətirilənləri qatar qarşısında o, şəxsən qarşılayıb. Məhz onun sözü ilə kimin düşərgəyə buraxılması, kimin isə yerindəcə öldürülməsinə qərar verilib.

300-500 nəfərin saxlanıldığı baraklarda əgər bir nəfər adi yoluxucu xəstəliyə tutulubsa, Mengele barakda olanların hamısının qaz kamerasında öldürülməsinə göstəriş verib.

Beləliklə, hər gün yüzlərlə əsir Mengelenin sınaqlarının və həkimlik fəaliyyətinin qurbanına çevrilib.

Almaniyanın məğlubiyyəti yaxınlaşdıqca, SSRİ-nin və mütəffiqlərinin qoşunları irəlilədikcə Mengele onu nə gözlədiyini yaxşı dərk edib. 1945-ci ilin aprel ayında o, ağ xalatını sıravi əsgər forması ilə dəyişərək Bavariyaya qaçıb. Cəllad həkim ad və soyadını dəyişərək yeni pasport almağa müvəffəq olub. Amma Mengele uzun müddət Bavariyada qala bilməyib. Hər dəfə axtarış siyahılarında öz əsl adını görəndə Mengele təhlükənin bir addımlığında olduğunu anlayıb və o, həbs təhlükəsindən qurtulmaq üçün 1949-cu ildə Argentinaya qaçıb.

Rahat və zəngin həyat tərzinə öyrəşən Mengele üçün Argentina həyatı çətin gəlib. O, maddi tələbatlarını ödəmək üçün qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olmağa məcbur olub. Qısa bir müddətdə cəllad həkim “abort” mütəxəssisi kimi tanınıb. Ancaq bu sahədə də onun bəxti gətirməyib. Belə ki, 1958-ci ildə gənc bir qadını abort edərkən həmin qadın həyatını itirib. Bu hadisə ilə bağlı onun haqqında cinayət işi açılıb. Mengele istintaq zamanı əsl kimliyinin açılacağından qorxaraq Argentinanı tərk etməyə məcbur olub.

Braziliyada məskunlaşan Mengele bu ölkədə də başqa ad altında qeyri-qanuni həkimlik fəaliyyətini davam etdirib. Okeanın o tayında isə cəllad həkimin axtarışları ilə bağlı iş davam etdirilib. Osvensimdə daha çox yəhudiləri məhv etdiyindən İsrailin xüsusi xidmət orqanları Mengelenin axtarışı ilə ciddi məşğul olublar. Onlara Yozef Mengelenin Argentinada başqa ad altında yaşadığı məlum olub. Daha sonra izə düşən xüsusi xidmət orqan əməkdaşları onun Braziliyaya keçdiyini də öyrəniblər. Amma hələ uzun illər hiyləgər həkimi ələ keçirmək mümkün olmayıb.

35 il ərzində törətdiyi cinayətlərdən yayınan Yozef Mengele 1979-cu ildə Brazilyada insultdan vəfat edib. Ancaq axtarışlar bütün Cənubi Amerika ölkələrində davam etdirilib. Mengelenin Bavariyada ad və soyadının dəyişməsi aşkar ediləndə axtarışlar öz nəticəsini verib. 1985-ci ildə, ölümündən 6 il sonra Yozef Mengelenin dəfn olunduğu yer tapılıb. Dəfn olunan şəxsin kim olduğunu dəqiqləşdirmək üçün eksqumasiya qərarı verilib, cəsədin qalıqları ekspertizaya göndərilib. Ayrı-ayrı bir neçə ekspert qrupu eyni rəyi verib – cəsədin qalıqları Yozef Mengeleyə məxsus olub.

Yozef Mengele rəsmi olaraq hərbi cinayətkar elan edilib. Amma sözsüz ki, onun sümüklərinə heç bir cəza kəsilməyib. Rəsmilər Mengele üçün qeyri-rəsmi bir cəza tətbiq ediblər. Mengelenin sümükləri San-Paulu Universitetinin tibb fakültəsinə verilib. Hazırda bu fakültədə təhsil alan tələbələr onun sümüklərindən təcrübə və sınaq üçün istifadə edirlər. Musavat.com