Lenini “alman casusu” adlandıran sovet marşalı – Stalin onu güllələtdirib

Lenini “alman casusu” adlandıran sovet marşalı – Stalin onu güllələtdirib

9 Sentyabr 2023 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

O, 1917-ci ilə qədər Rusiya İmperator ordusunda xidmət edib, polkovnik rütbəsini daşıyıb.

Oktyabr inqilabından sonra Aleksandr Yeqorov hərbi-siyasi mövqeyini dəyişərək bolşeviklər tərəfə keçib, vətəndaş müharibəsinin fəal iştirakçılarından biri olub. Vaxtilə Lenini “alman casusu” adlandıran Yeqorov yeni qurulmuş hökumətdə özünə mövqe seçmək üçün bütün mümkün variantlara əl atıb. Bu məsələdə onun peşəkar hərbçi olmağı mühüm rol oynayıb.

eqor.jpg (42 KB)

1921-ci ildə 9-cu Ümumrusiya qurultayı keçiriləndə Mərkəzi İcraiyyə Komitəsinə üzvlər seçilərkən Yeqorovun da namizədliyi irəli sürülüb. Qurultay nümayəndələri onun namizədliyini birmənalı qarşılamayıblar. Qurultayda Yeqorovun vaxtilə Rusiya imperiyasına xidmət etdiyi dəfələrlə vurğulanıb. Sonda gərgin müzakirələrə İosif Stalin son qoyub:

“Yeqorov nə vaxtsa Rusiya imperiyasına xidmət edib, bu, danılmaz faktdır, o, pis kommunist ola bilər. Amma gəlin onu da nəzərə alaq ki, Yeqorov peşəkar və təcrübəli hərbçidir, bacarıqlı komandirdir. Məhz elə buna görə də biz onun namizədliyini təsdiqləməliyik...”

Beləliklə, Aleksandr Yeqorov Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib və onun hərbi karyerasında da yeni mərhələ başlanıb. 1930-cu illərin ortalarına qədər Yeqorov hərbi karyerasında böyük uğurlar əldə edib. O, bu yüksəlişdə həmişə Stalinin qayğısını, dəstəyini, himayəsini hiss edib. Ukrayna və Belarus hərbi dairələrində komandan, Çində hərbi attaşe vəzifələrindən sonra Yeqorov 1931-ci ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

1935-ci ildə SSRİ-də Sovet İttifaqı marşalı rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk 5 hərbçidən biri məhz Aleksandr Yeqorov olub. 1937-ci ilin may ayında marşal müdafiə komissarının (nazirinin) birinci müavini vəzifəsinə təyinat alıb. Həmin ərəfədə müdafiə naziri marşal Kliment Voroşilov olub və Yeqorovu özünə yaxın silahdaş sayıb.

Stalinin 1937-ci ildə yüksək vəzifəli hərbçilərə qarşı terror və repressiyası başlayanda Yeqorov bu kütləvi “tədbir”dən heç də narahat olmayıb. Sözsüz ki, marşal özünə, öz əməllərinə görə arxayın olub. Amma o, yanılıb, bəlkə də hələ vətəndaş müharibəsi illərindən tanıdığı Stalinə yaxşı bələd olmayıb.

bezum.jpg (63 KB)

1937-ci ilin noyabr ayında Yeqorov Moskvanın məşhur “Rublyovka”sında yerləşən “Barvixa” sanatoriyasında istirahət edəndə müdafiə komissarının digər müavini Şadenko və komissarlığın tikinti idarəsinin rəisi (sonralar SSRİ-nin yollar naziri) Xrulyov onu ziyarət etməyə gediblər. Marşal qonaqlarını sanatoriya yaxınlığındakı restorana dəvət edib. Məclis qızışdıqdan sonra söhbət vətəndaş müharibəsi illərindən düşüb. Şadenko və Xrulyov bu müharibədə Stalinin və Voroşilovun əvəzsiz ximətlərindən, qəhrəmanlıqlarından ağızdolusu danışmağa başlayıblar. Həmkarlarının bu tərifi içkili vəziyyətdə olan Yeqorovu qıcıqlandırıb və o, səsinin tonunu qaldıraraq reaksiya verib:

“Bəli, bu sizə elə gəlir, hər yerdə Stalin və Voroşilov. Bəs onda mən kim idim? Nənəmin arxasında gizlənən polkovnik? Xeyr, səhv düşünürsünüz. Vətəndaş müharibəsində mənim xidmətlərimi Stalinin və Voroşilovun ayağına yazmaq ədalətsizlikdir, haqsızlıqdır. Sizin kimilər isə yalnız Stalin və Voroşilov deyib dururlar…”

Bu görüş haqqında Şadenko Voroşilova yazılı şəkildə məlumat verib. Sözsüz ki, Voroşilov da öz növbəsində Stalini məlumatlandırıb.

Həmin görüşdən təxminən iki ay sonra, 1938-ci ilin yanvarın 20-də Kremldə keçirilən tədbirdən sonrakı ziyafətdə Stalin vətəndaş müharibəsinin qəhrəmanlarının şərəfinə badə qaldırıb, o cümlədən marşal Yeqorovun da adını xüsusilə qeyd edib. Yeqorov bir daha əmin olub ki, Stalin ona qarşı səmimi və xoş münasibətdədir. Amma cəmi iki gündən sonra hadisələr başqa istiqamətdə cərəyan edib.

Stalin yüksəkçinli hərbçilərlə keçirdiyi müşavirədə marşal Yeqorovu sərt tənqid edib:

“Bildiyiniz kimi, Yeqorov marşal rütbəsi daşıyan 5 hərbçidən biridir. Amma o, bu rütbəyə layiq olmayıb. Biz ona vətəndaş müharibəsindəki xidmətlərinə görə bu rütbəni verdik. Yeqorov hərbçi ailəsindən çıxıb, polkovnik olub və bizə o biri düşərgədən keçib. Təəssüf edirəm ki, bu illər ərzində o, həmin düşərgənin ab-havasından çıxa bilməyib. Belə davam edəcəyi halda Yeqorov öz həyatında və karyerasında çox şeyləri itirəcək…”

Stalinin bu ifadələri Yeqorov üçün ciddi xəbərdarlıq olub və elə müşavirədən bir neçə gün sonra marşal müdafiə komissarının birinci müavini vəzifəsindən azad edilərək Qafqaz hərbi dairəsinə komandan göndərilib. Əmrdə Yeqorovun vəzifəsinin öhdəsindən gəlmədiyi, baş qərargahın işini iflic vəziyyətə salması göstərilib.

Marşalın cəzası vəzifəsinin aşağı salınması ilə bitməyib. 1938-ci ilin fevral ayında Yeqorovun həyat yoldaşı Qalina Tseşkovskaya Polşanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq həbs edilib. Mart ayında isə növbə marşalın özünə çatıb, Yeqorov həbs olunub.

Marşal bir neçə dəfə özünə yaxın silahdaş saydığı Kliment Voroşilova məktub göndərib, ondan Stalinlə görüşməyinə şərait yaratmağı xahiş edib. Məktublar cavabsız və nəticəsiz qalıb.

stalin.jpg (100 KB)

1938-ci ilin iyul ayında “NKVD”nin rəhbəri Nikolay Yejov güllələnməyə razılıq almaq üçün 139 nəfərin adı olan növbəti siyahını Stalinə təqdim edib. Həmin siyahıda Yeqorovun adı da əks olunub. Stalin siyahını nəzərdən keçirdikdən sonra dərhal kənara qoyub: “Marşal Yeqorovu çıxmaq şərtilə icra edin”.

Maraqlıdır, Stalin hansı səbəbdən həbs etdirdiyi Yeqorovu siyahıdan çıxarıb?

Bəzi araşdırmaçıların qənaətinə görə, Stalin Yeqorovdan “aradan götürülməyi” nəzərdə tutulan marşal və generalların əleyhinə ifadə almaq məqsədini güdüb. Digərləri isə bunun Stalinin “mərhəməti” ilə bağlı olduğunu bildiriblər, Stalin hələ bir müddət də öz silahdaşına dəmir barmaqlıqlar arasında olsa da, yaşamaq şansı verib.

Nəhayət, 22 fevral 1939-cu ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası marşal Aleksandr Yeqorovu casusluqda, hərbi çevrilişə cəhddə ittiham edərək onu güllələnmə hökmünə məhkum edib. Hökm 23 fevralda, ordunun və hərbi dəniz donanmasının yaranması günü icra edilib. Musavat.com