Rus efirinin “bülbül”ü – Solovyov Krımla bağlı 4 dəfə mövqe dəyişib, özünü “ölkə dustağı” edib

Rus efirinin “bülbül”ü – Solovyov Krımla bağlı 4 dəfə mövqe dəyişib, özünü “ölkə dustağı” edib

10 Sentyabr 2023 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Müasir rus millətçiliyinin iki parlaq və çığırqan propoqondisti var – biri erməni Marqarita Simonyandır, o biri isə yəhudi Vladimir Solovyov.

Rus efirinin “bülbül”ü – “solovey”i olan və solo ifalarla ad çıxaran Solovyovun ad-soyadına baxanda, inisialı onun milli mənşəyindən xəbər vermir. Ancaq bu, üzdə belədir. Adamın adı Vladimir, atasının adı Rudolfdur, əsl soyadı isə Vinitskovski olmalıydı. Amma onun atası Rudolf Naumoviç 1962-ci ildə anasının soyadını (Solovyov) götürüb, 1963-cü ildə doğulan gələcək teleaparıcı avtomatik olaraq Solovyov olub. Əslində onun anasının da əsli soyadı Şapirodur - İnna Solomonovna Şapiro. Görünür, rus cəmiyyətinə yaxşı inteqrasiya olmaq üçün onlar öz köklətini qazımağı, ruslaşmağı üstün tutublar.

Solovyov Moskvada, 72 nömrəli məktəbdə, Sov.İKP MK üzvlərinin, diplomatların övladları və nəvələri birlikdə oxuyub, 14 yaşında komsomolçu olub, 9-cu sinifdə oxuyanda karate ilə maraqlanıb, futbolçuluğa meyl edib, sonra boksa gedib və Moskva çempionu olub.

m-01.jpg (23 KB)

O, 1980-ci ildə Moskva Polad və Ərintilər İnstitutunun fizika-kimya fakültəsinə daxil olub və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirib.

1986-1988-ci illərdə SSRİ Gənclər Təşkilatları Komitəsində ekspert vəzifəsində çalışıb. Sov.İKP üzvlüyünə namizəd olub.

1989-1990-cı illərdə SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunda elmi işçi işləyib, eyni zamanda vaxtilə təhsil aldığı məktəbdə fizika, riyaziyyat və astronomiyadan dərs deyib.

Ancaq kim necə təşkil edibsə, himayə göstəribsə, 1990-cı ildə Solovyov Alabama Universitetində (ABŞ) iqtisadiyyatdan dərs deməyə dəvət olunub. Sanki o boyda Alabama ştatı moskvalı bir gəncin mühazirəsinə möhtac imiş.

Solovyov ABŞ-da bizneslə məşğul olmağa başlayıb – özü çox təcrübəliymiş kimi tikinti şirkətlərinə məsləhətlər verib. 1991-ci ildə “Wild Boys Land and Cattle Company”nin vitse-prezidenti olub.

1992-ci ildə o, Rusiyaya qayıdıb, yüksək texnologiyalar öz biznesini yaradıb, diskoteka avadanlığı istehsal edib. 1998-ci ildə Vladimir Solovyov öz biznesini satıb və “Qazprom”a investisiya qoyub.

xl-tass_500514.jpg (71 KB)

O, telejurnalistikaya 1999-cu ildə TNT kanalının baş direktoru Sergey Skvortsovun dəvəti ilə gəlib. Müxtəlif vaxtlarda TNT (1999-2002), ORT (1999-2001), TV-6 (2001-2002), TVS (2002-2003), NTV (2003) və "Rusiya-1" (2010-cu ildən) telekanallarında aparıcı olub.

Solovyov tanınmış aparıcı Aleksandr Qordon ilə birlikdə ORT kanalında apardığı, ölkənin ictimai-siyasi həyatına həsr olunmuş "Proses" proqramı ilə populyarlıq qazanıb.

Bir çox telekanallarda populyar verilişlərinin aparıcısı kimi şöhrət qazanan Solovyov 2003-cü ilin iyununda TVS kanalı bağlandıqdan sonra NTV kanalına gedib və burada 2009-cu ilə qədər davam edən müəllif proqramı hazırlayıb.

2005-ci ildə Vladimir Solovyov Rusiya Federasiyası Prezidentinin Administrasiyası tərəfindən yaradılmış hərəkatın təsis qurultayında iştirak edib.

putsol.jpg (25 KB)

Onun çiçəyini çırtladan əsas hadisə 2015-ci ildə o, prezident Vladimir Putindən geniş müsahibə götürməsi olub. 2015-ci ilin payızında Suriyada Rusiyanın hərbi əməliyyatı başlayandan sonra o, Vladimir Putinin müsahibə verdiyi yeganə jurnalist idi.

İndi o, Rusiya militarizminin əsas təbliğatçılarından biridir. Onun apardığı "Vladimir Solovyovla axşam" verilişi əvvəllər çox aşağı reytinqə malik olsa da, Solovyovun hərcayı danışıqları, başqa dövlətlərə, millətlərə ağız atması onun verilişinə marağı, eləcə də də nifrət və rəğbəti artırıb. 44 günlük müharibə zamanı Solovyov ölkəmizə qarşı da çox hərzə-hədyan danışıb, nifrət püskürüb.

V. Solovyov ruslar arasında 2021-ci ilin ən populyar jurnalisti seçilib.

O, indiyədək 3 dəfə evlənib və 3 arvaddan 8 uşağı var.

Solovyov populyar jurnalist və teleaparıcı kimi ad çıxarsa da, düşüncə tərzi etibarilə biznesmen olaraq qalır və öz intellektindən varidat toplamaq üçün kifayət qədər yararlanıb.

Vladimir_Rudol'fovich_Solovyov_and_Vladimir_Putin.jpeg (24 KB)

Solovyovun Putinə rəğbətinin tarixi ən azı 2007-ci il noyabrından başlayır. O zaman o, Lujnikidə keçirilən seçkiqabağı forum-mitinqdə Putini dəstəkləyib və onu “güclü, ağıllı, istedadlı lider” kimi xarakterizə edib. Elə həmin il Solovyov “Vzqlyad” onlayn qəzetindəki köşə yazısında Rusiyanın sistemdənkənar müxalif siyasətçilərini (Eduard Limonov, Harri Kasparov, Mixail Kasyanov) kəskin tənqid edib.

Ancaq maraqlıdır ki, 2014-cü ilin fevral ayınının sonunda o, bir sıra rusiyalı jurnalistlər, ictimai və siyasi xadimlərlə birlikdə Ukrayna xüsusi təyinatlılarına dəstək məqsədilə yaradılmış “Hamımız Berkutuyuq” fondunun müraciətini imzalayıb. Bundan əvvəl, 2008-ci ildə onun Krımla bağlı mövqeyi belə olub:

“Rusiya ilə Ukrayna arasında müharibəyə başlamağa cəhd edən şəxs cinayətkardır və nə qədər böyük cani olduğunu təsəvvür edə bilmirəm. Ukraynada ruhu, qanı, ümumi tarixi olan qardaş xalq yaşayır, ona qarşı müharibə yalnız təsəvvür edilə bilən ən dəhşətli cinayətdir. “Sevastopol bizimdir!” deyə qışqırmağa ehtiyac yoxdur. “Krım bizimdir!” deyə qışqırmağa ehtiyac yoxdur”.

56cb588739f9f52f7da1906f54a2d1ec.jpeg (297 KB)

Bundan bir-iki ay sonra Solovyovun Krımla bağlı mövqeyi dəyişib: “Şərq torpaqları onsuz da elə yaşayır ki, Ukrayna olub-olmaması bəlli deyil; Krımla elə ünsiyyət qurulub ki, artıq onun nə olduğu anlaşılmır: müstəqil dövlətdirmi, ya sadəcə onlara nifrət edirlər, nədir? Təcili oraya qoşun yeritmək lazımdır. Rusiya pulları Ukraynaya daxil olur, bir az rahat nəfəs alın. Sonra biz Krımın və Ukraynanın şərqinin qayğısına qalarıq”.

2013-cü ildə Vladimir Solovyovun Krıma münasibəti yenidən dəyişib: “Krım nəyinizə lazımdır? Xruşov onu tamamilə qanuni şəkildə verib. Əgər biz birdən-birə bu barədə danışırıqsa, bu, müharibə deməkdir. Ukrayna ilə döyüşmək istəyirsiniz? Çoxdan tatar ərazisinə çevrilmiş Krımı ələ keçirmək üçün nə qədər ukraynalı və rus canını verməyə hazırsınız? Krımlılar buna qarşıdır”.

2014-cü ilə “rus şovinisti”nin mövqeyi bir daha dəyişikliyə uğrayıb: “Bu günü bacardığımız qədər yaxınlaşdırdıq. Krım və Sevastopol yenidən Rusiyanın bir hissəsidir. Tarixi ədalət zəfər çaldı!”

İndi o, ağzı köpüklənə-köpüklənə Ukrayna millətçiyindən, banderaçıqlıdan danışır, bu xalqın məhv edilməsinə çağıran nasist çıxışlar edir. Bir zamanlar “çoxdan tatar ərazisinə çevrilmiş Krımı ələ keçirmək üçün nə qədər ukraynalı və rus canını verməyə hazırsınız” sualı qoyan adam indi hər gün minlərlə rusun və ukraynalının ölümünü sakitcə seyr edir və onların daha çox olmasını istəyir.

mastersov.jpg (95 KB)

Bəzən adamın beyni elə qızışır və özünü o dərəcədə təhlükəsizlikdə hiss edir ki, məsuliyyət hissini tamam itirir. 2022-ci ilin avqustunda “Rossiya-1” telekanalının efirində o, özünü terrorçu adlandırıb və sakinlərlə birlikdə Ukrayna şəhərlərini məhv etməyə çağırıb. Sitat: “Ümumiyyətlə, mən terrorçuyam, ümumiyyətlə deyərdim: bu belə deməkdir... Üç günə hamı Xarkovdan, Nikolayevdən, Odessadan dinc yola düşməlidir. Əgər bu edilməsə, məhəllə-məhəllə söküb-dağıdacağıq”.

Dünya bu adamı çoxdan öz lupasının altına alıb. Onu, addımlarını, danışıqlarını izləyirlər. 2021-ci il fevralın 18-də Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Vladimir Solovyovun ölkədə qalması arzuolunmaz şəxslər siyahısına daxil edildiyini açıqlayıb.

2022-ci ilin martında Kanada, Böyük Britaniya, Yaponiya, İsveçrə Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə Solovyova qarşı şəxsi sanksiyalar tətbiq edib.

2022-ci ilin aprelində onun adı Yeni Zelandiyanın, may ayında Avstraliyanın sanksiya siyahısına daxil edilib.

14 mart 2022-ci ildə Ukrayna Dövlət İstintaq Bürosu bəyan edib ki, Lıçakovski rayon məhkəməsi Solovyova qarşı cinayət işi açıb.

Martın 5-də “La Repubblica” Vladimir Solovyovun İtaliyada, Komo gölündəki iki villasının həbs olunduğunu elan edib. Bundan başqa, naməlum şəxslər onun villasının hovuzuna qırmızı boya axıdıb, Ukraynada axıdılan qanlarda onun da əli olduğuna dair mesaj veriblər.

756493346311935.jpg (682 KB)

Ona görə də V.Solovyov Rusiya ərazisini tərk etmək imkanını itirib. Əgər o, bir gün Rusiyadan çıxsa, məsələn, bu günlərdə yayılmış xəbərdə deyildiyi kimi, Türkiyəyə və başqa bir ölkəyə sığınsa, çox keçmədən həbs olunacaq.

Ondan da ötəsi, o, Putindən heç yerə, xüsusilə də Türkiyəyə qaça bilməz. Adamın, demək olar ki, bütün ölkələrə yolu bağlıdır. Musavat.com