Qalina Brejnevanın “söndürdüyü” qırmızı işıqlar – narkotacirlərə baş katibin qızı da dəstək verib.

Qalina Brejnevanın “söndürdüyü” qırmızı işıqlar – narkotacirlərə baş katibin qızı da dəstək verib.

23 Sentyabr 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Qırmızı şüarlar, şablon iclaslar, sürəkli alqışlarla yanaşı sovet dövrünün ən yaddaqalan “rəmz”lərindən biri də statistik rəqəmlər olub. İllik hesabatlardakı rəqəmlərə görə SSRİ dünyada ən xoşbəxt ölkə sayılıb. Elə ölkədə narkotik vasitələrdən istifadə, onların qanunsuz dövriyyəsi də digər ölkələrlə müqayisədə minimum həddə olub. 1990-cı illərə qədər BMT-nin hesabatlarında SSRİ bu sahədə ən “təmiz” ölkələrin siyahısına düşüb.

Maraqlıdır, bəs əsl həqiqət necə olub, “məxfi” qovluqlardakı rəqəmlərlə ictimaiyyətə təqdim edilən rəqəmlər uyğun gəlibmi?

Əvvəlcə qeyd edək ki, bütün dünya ölkələrində olduğu kimi SSRİ-də də mövcud olduğu 70 il ərzində narkomaniya yüksələn xətt üzrə inkişaf edib. Bununla bağlı arxivlərdən maraqlı və fərqli göstəricilərin əks olunduğu çoxsaylı sənədlər ortaya çıxıb.

Həmin sənədlərdən biri 8 may 1964-cü ildə “məxfi” qriflə Rusiyanın daxili işlər naziri Vadim Tikunovun Mərkəzi Komitəyə göndərdiyi məktubdur. Nikita Xruşşova ünvanlanan məktubun ilk sətirləri belə başlayıb:

“Müvafiq instansiyaları pozaraq birbaşa sizə müraciət etməyim səbəbsiz deyil. Həm bir nazir, həm də bir vətəndaş kimi ölkədə sürətlə yayılan narkomaniya məni narahat etməyə bilməzdi. Əgər biz bunun qarşısını vaxtında almasaq, bir neçə ildən sonra sovet gənclərinin tam iflic vəziyyətdə olmasına şahidlik edəcəyik. Buna görə də bu məsələyə diqqət ayırmağınızı, şəxsi nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm...”

Vadim Tikunov məktubda konkret rəqəmlər göstərib. Narkomaniyanın daha çox Udmurtiyada, Şimali Qafqazda, Kuybışevdə, Orenburqda, Omskda və xüsusilə Moskvada geniş yayıldığını xüsusilə vurğulayıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin Orta Asiya respublikalarından başlandığını bildirən nazir onu da qeyd edib ki, narkotacirlərə himayədarlıq edənlərin arasında dövlət məmurları və milis əməkdaşları da var.

Həmin dövrdə ən çox yayılan narkotik vasitə həşiş sayılıb ki, onun bir dozası 1 rubla satılıb. 1 kiloqram həşişdən narkotacirlər 200-300 rubl qazanıblar.

Nazirin qeydlərində Vladimir Şneyderoviç adlı bir şəxsin (o digər adlarla da özünü təqdim edib) adı daha çox hallanıb və o, SSRİ-də dövriyyəyə ən çox narkotik vasitə buraxan narkotacir kimi qeyd olunub. Əldə olunan məlumata görə, Şneyderoviç təkcə 7 ay ərzində Omskda 50 min rublluq həşiş satıb. Mövcud dövr üçün bu böyük məbləğ sayılıb. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Nikita Xruşşov dövlət başçısı kimi 630 rubl maaş alıb. Şneyderoviç 4 il ərzində narkotik vasitələrin satışından 1 milyon 700 min rubl əldə edib. Orta Asiyadan Sibirə, Sibirdən Moskvaya, Moskvadan Şimali Qafqaza “mal” ötürən narkotacir kimlərinsə himayəsi altında heç vaxt ələ keçməyib.

Ayrı-ayrı bölgələrdə narkoticarətin səviyyəsini açıqlayan Vadim Tikunov Kazanda vəziyyətin daha acınacaqlı olduğunu bildirib. Kazanda hətta orta məktəblərdə narkotik vasitələrdən istifadə edildiyini qeyd edən general maraqlı bir fakt da açıqlayıb. Belə ki, şəhərin mərkəzində Safina soyadlı bir şəxsə məxsus mənzildən günün istənilən vaxtı çeşidli narkotik vasitələr almaq mümkün olub. Nazirin başçılığı ilə bu şəhərdə keçirilən üç günlük əməliyyat zamanı hər gün həmin mənzildən çox arxayınlıqla heç bir maneəsiz 70-80 nəfərin narkotik vasitə alması aşkar edilib.

Vadim Tikunovun 17 səhifəlik “məxfi” məktubunda bu cür faktlar saysız-hesabsız olub. Məktuba ciddi reaksiya verilməyib. Mərkəzi Komitə komsomola bu sahədə təbliğatın gücləndirilməsini və daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanlar üzrə inspektorlara əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə edib.

Araşdırmaçıların qənaətinə görə, SSRİ-də narkomaniya 1970-ci illərin sonlarından daha geniş vüsət alıb. Statistik rəqəmlərə görə Brejnevin hakimiyyəti illərində, xüsusilə, 1980-1982-ci illərdə narkomanların sayı 2 dəfə artıb. Belə bir fakt da ortaya çıxıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəyə buraxılmasında baş katibin qızı Qalina Brejnevanın da əli olub. O, böyük məbləğlər qarşılığında narkotacirlərin yollarında qırmızı işıqları söndürərək onların maneəsiz hərəkətinə şərait yaradıb.

Bütün bu real faktlara baxmayaraq beynəlxalq təşkilatlara göndərilən hesabatlarda SSRİ narkomanların sayına və narkotik vasitələrin qanunsuz dövriyyəsinin məhdudluğuna görə sonuncu pillələrdə yer alıb. Onu da qeyd edək ki, SSRİ-də narkomaniya, narkotik vasitələrin emalı, satışı, istifadəçiləri ilə bağlı bütün sənədlər “məxfi” qrif altında saxlanılıb.

Ən “maraqlı” fakt isə odur ki, SSRİ-də rəsmi dövlət qurumları narkomaniyaya qarşı mübarizədə mütilik və həvəssizlik nümayiş etdiriblər. Bu məsələ adətən ictimai təşkilatlara həvalə edilib. Yəqin ki, bunun da arxasında yüksəkçinlilərin marağı dayanıb. Musavat.com

..