"Mən ölən nənəmin "sən qayıtmalısan" sözlərini eşidirdim..."
"Mən işıqda nəhəng güc qalası olan, sevgi və hərarət saçan varlığı görürüdüm..."
İnsanlar ölümdən öncəki anda nə hiss edir?..
Amerikanın Nyu-York Universitetindən olan bir qrup alim çoxillik tədqiqat apararaq, ölümə yaxın olan və ya kliniki ölüm keçirən insanların vəziyyətini öyrənib.
Bu barədə "The New Zealand Herald" nəşri yazıb.
Tədqiqatın gedişində alimlər 500 pasiyenti müşahidə edib, onlardan yalnız 53 nəfəri uğurla reanimasiya edilib.
Altı nəfər iddia edib ki, kliniki ölüm keçirib, 11 nəfər ürəyi dayandıqdan sonra dərketmə hissi barədə məlumat verib. Tədqiqat rəhbəri, intensiv terapiya həkimi, Nyu-York Universitetinin Lanqondakı Akademik Tibb Mərkəzinin professoru Sem Parniya əmin edib ki, insanın beyni hətta uzunmüddətli ürək-ağ ciyər reanimasiyasından sonra da öz işini bərpa edə bilər.
Tədqiqat bir neçə il davam edib və alimlər ürəyin dayanmasından sonra "insanların beyin dalğalarının xatirələri, anlaqlı görüntüləri və bədəndənkənar hissləri təsvir etdiyinin" təkzibedilməz sübutlarını aşkar edib.
Alimlərin hesabatında uzun müddət ürəyi dayanan və həkimlərin deməsinə görə "texniki ölüm" keçirən pasiyentlərin sübutları müfəssəl təsvir edilib. Onlardan biri öz ölən nənəsinin səsilə "Sən qayıtmalısan" sözlərini eşidib.
Digəri bəyan edib ki, özünü xəstəxana çarpayısında uzanan bədəninin yanında hiss edib. Üçüncüsü deyib ki, tam qaranlıq yerdə kiminsə onun əlindən tutduğunu hiss edib.
"Mən daha öz bədənimdə deyildim. Mən çəkisiz və fiziki formasız üzürdüm. Mən öz bədənimin üzərində, intensiv terapiya palatasının tavanının altındaydım. Mən altımda baş verən ssenarini müşahidə edirdim...
Mən artıq cəmi bir an öncə mənə məxsus olan bədən deyildim, bir qədər yüksək görünən vəziyyətdəydim. Bu, mənim hər hansı maddi təcrübəmlə heç bir əlaqəsi olmayan bir yer idi", - o, deyib.
Parniya və onun komandası bu nəticəyə gəlib ki, insanlar həyat və ölüm arasında olan qısa müddət ərzində "gerçəkliyin yeni ölçülərini" hiss edir, burada fikirlər "kəskin və aydın, dərketmənin yüksək səviyyəsindədir".
Tədqiqat iştirakçılarından biri Parniyaya deyib ki, "işıqda nəhəng güc qalası olan, hərarət və sevgi saçan varlığı" görüb.
"Mənə həyatımın nəticələrini, ünsiyyətdə olduğum minlərlə insanı göstəriblər, onların mənə qarşı hiss etdiklərini mən də hiss edirdim, onların həyatını, onlara təsir etdiyimi görürdüm. Sonra mən öz həyatımın və öz hərəkətlərimin nəticələrini gördüm", - tədqiqat iştirakçısı deyib. Moderator.az