Qorxulu generallar, təhlükəli marşallar – onlardan biri də Bakıda hərbi paradı qəbul edən Maslennikov olub...
SSRİ-nin 70 illik tarixinə nəzər yetirsək, şahidi olarıq ki, sovet liderləri bütün dövrlərdə general və marşallarla ehtiyatla davranmağa çalışıblar. Bu “ehtiyat” hətta o dərəcəyə çatıb ki, bəzi hallarda partiya rəhbərləri ali rütbəli hərbçilərdən canlarını qurtarmaq üçün ölüm hökmünü verməkdən belə çəkinməyiblər. Xüsusilə, İosif Stalinin hakimiyyəti illərində general və marşallara qarşı münasibət daha sərt olub.
Hələ 1930-cu illərdə Stalin ölkənin ən bacarıqlı hərbçilərini aradan götürüb. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Belə ki, dünya tarixinə yaxşı bələd olan birincilərdə ayrı-ayrı ölkələrdə baş verən hərbi çevriliş hadisələri böyük bir qorxu yaradıb. Bu qorxunu dəf etmək üçün isə sovet liderləri hərbi vəzifəlilərin aradan götürülməsini ən yaxşı çıxış yolu seçiblər. 1930-40-cı illərdə Tuxaçevski, Blyuxer, Yeqorov, Kulik kimi marşallar, onlarla tanınmış generallar məhz bu “qorxu”nun güdazına gediblər. Sovet-alman müharibəsindən sonra da general və marşalların təcrid edilməsi ənənəsi davam edib. Elə Nikita Xruşşov da hakimiyyətə sahib olduqdan sonra nüfuzlu hərbçiləri böyük səhnədən uzaqlaşdırmağı vacib sayıb. Belə hərbçilərdən biri də general İvan Maslennikov olub.
Maslennikov sovet-alman müharibəsi illərində 29-cu ordunun komandanı vəzifəsini daşıyıb. Bu ordu müharibənin ilk günlərində “NKVD”-nin sərhəd və daxili qoşunlarının şəxsi heyətinin bazasında yaradılıb.
Müharibənin ən ağır cəbhələrində İvan Maslennikov ən uğurlu hərbi əməliyyatlarla fərqlənib. Sovet İttifaqı qəhrəmanı adına layiq görülən komandan ordu generalı rütbəsinə qədər yüksəlib. 1945-ci ildə Maslennikov Bakı hərbi dairəsinin, 1946-cı ildə isə Qafqaz hərbi dairəsinin komandanı olub. Məhz 1945-ci ildə Bakı qarnizonu qoşunlarının hərbi paradını Maslennikov qəbul edib. 1948-ci ildə ordu generalı İvan Maslennikov SSRİ daxili işlər nazirinin müavini təyin edilib, həmçinin nazir müavini kimi daxili qoşunların kuratoru olub.
Maslennikov SSRİ-nin hərbi elitasında dəmir xarakteri, yüksək sərkərdəlik bacarığı və xalq arasında böyük nüfuza sahib olması ilə fərqlənib. Bir çox hərbi vəzifəlilər onun haqqında “Maslennikovun bir çağırışı böyük bir ordunu ayağa qaldırmaq imkanına malikdir” kimi fikirlər söyləyiblər. Sözsüz ki, belə fikirlər də Kreml rəhbərliyinin çox da ürəyincə olmayıb. Xruşşov üçün isə Maslennikov qorxulu generallardan birinə çevrilib. Stalinin vəfatından sonra Xruşşovun yaxın ətrafı ona belə bir məlumat verib ki, Maslennikov Beriyanın göstərişi ilə daxili qoşunları Kremlə yeridərək hərbi çevriliş etməyi planlaşdırır.
Maslennikov hədəfə düşdüyünü yaxşı anlayıb. General Xruşşovun ona qərəzli münasibətini dərk edərək həbs olunacağını hər an gözləyib. Əslində, Maslennikov uzun illər Beriyanın tabeliyində işləsə də, xidməti münasibətlərdən başqa onunla heç bir yaxın əlaqəsi olmayıb. Amma general bu münasibətləri Mərkəzi Komitə rəhbərlərinə anlada bilməyib.
Bu gərgin münasibətlər Maslennikovun uğurlu hərbi karyerasını acı sonluqla yekunlaşdırıb. Qollarına qandal taxılmasını general şərəfinə sığışdırmayan Maslennikov 16 aprel 1954-cü ildə kabinetdə özünün güllələyərək intihar edib.
Generalın intiharı hamı üçün gözlənilməz olsa da, hərbi və siyasi elitada intiharın səbəbi hamıya gün kimi aydın olub. Maslennikov öz intiharı ilə Xruşşova onu həbs etməyə imkan verməyib.
Müasirləri Maslennikov haqqında həmişə yüksək fikirlər söyləyiblər, onu müsbət tərəfdən xarakterizə ediblər. Marşal Jukov öz xatirələrində Maslennikov haqqında aşağıdakı fikirləri bölüşüb:
“Maslennikov silahlı qüvvələrdə ən peşəkar, hərb elminin incəliklərini bilən generallardan biri idi. Onun keçirdiyi döyüş əməliyyatları zərgər dəqiqliyi ilə yerinə yetirilirdi. Bu ona görə dəqiq olurdu ki, Maslennikov səhra şəraitində nəzəri bilikləri tətbiq etməyi bacarırdı. Ən əsası isə Maslennikov öz işi ilə məşğul olan hərbçilərdən idi. Siyasətdən və konfliktlərdən uzaq olan hərbçi. Mən əminliklə söyləyə bilərəm ki, Maslennikovun Beriya ilə xidməti münasibətlərdən başqa heç bir yaxın münasibəti olmayıb. O, mövcud rejimin iyrənc oyunlarının qurbanına çevrildi. Onun aramızdan belə tezliklə getməsi məni çox təəssüfləndirir...”
Qeyd edək ki, İvan Maslennikov 1900-cü ildə Saratovda anadan olub. İki illik təhsildən sonra çox erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. Poçtda, dəmiryolu stansiyasında işləyib. 1918-ci ildə ordu sıralarına xidmətə yollanıb. Vətəndaş müharibəsinin iştirakçısı olub. Vətəndaş müharibəsindən sonra Maslennikov gələcək həyatını hərb sahəsinə bağlayıb, Frunze adına Hərbi Akademiyada ali təhsil alıb.
Stalin Maslennikovun müharibədəki xidmətlərini yüksək qiymətləndirib. Hətta bəzi versiyalara görə Stalin 1953-cü ilin sonlarında planlaşdırdığı kadr islahatlarında Maslennikovu Daxili İşlər Nazirliyinə rəhbər təyin etməyi planlaşdırıb. Amma bu təyinata nə Stalinin, nə də Maslennikovun ömrü çatmayıb... /Musavat.com/