Putin jurnalistlərdən casus kimi istifadə edir – “Bild”

Putin jurnalistlərdən casus kimi istifadə edir – “Bild”

17 Mart 2021 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın “Bild” qəzetində Rusiyadan Almaniyaya göndərilən jurnalistlərdən casus kimi istifadə olunduğu haqda yazı dərc edilib.

“Putin Almaniyada “jurnalistlər”dən casus kimi necə istifadə edir?” başlıqlı yazının müəllifi “Bild”in əməkdaşı Yulian Röpkedir.

Oxuməni.az-ın verdiyi xəbərə görə bu barədə Novator.az-da gedən yazıda deyilir. Yazıda qeyd olunur ki, “Bild”in araşdırması Putin rejiminin 2020-ci ildə müxalif siyasətçi Aleksey Navalnını və onun iki silahdaşını Berlində izləmək üçün Rusiyanın media mənsublarından istifadə etdiyini üzə çıxarıb.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyada “Noviçok” adlı xüsusi maddə ilə zəhərlənib. Avqustun 22-də o, Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Sentyabrın 22-də müalicəsini başa vuran siyasətçi bir müddət Almaniyada qalıb, 2021-ci il yanvarın 17-də Rusiyaya qayıdıb. Həmin gün Moskvanın Şeremetyevo aeroportunda tutulan Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası ay yarım azaldılıb.

“Putin Almaniyada “jurnalistlər”dən casus kimi necə istifadə edir?” yazısında bildirilir ki, Navalnını Berlində izləmək üçün Rusiyanın “Russia Today” (RT) kanalının Almaniya bürosunun iki əməkdaşından istifadə olunub. Onlardan biri Daniel Lanqedir. Lanqe “Bild”ə eksklüziv açıqlamasında prosesdə iştirakçı olduğunu etiraf edib.

“Bild”in araşdırmasından sonra RT-nin Almaniya bürosu rəhbərliyinin elektron yazışmaları (“çat” yazışmaları) üzə çıxıb. Bu yazışmalar sayəsində Daniel Lanqe ilə bərabər daha bir alman jurnalistin casusluğa cəlb edildiyi aydınlaşıb.

Yulian Röpke yazır ki, jurnalistlərlə danışıqlara 2020-ci il avqustun 23-də – Navalnı “Şarite” klinikasına yerləşdirilən günün səhərisi başlanıb. RT-nin Almaniya redaksiyasının baş direktoru və baş redaktoru Dinara Toktosunova, onun sağ əli hesab edilən Yekaterina Mavrenkova, eləcə də kanalın onlayn redaksiyasının rəhbəri İvan Klepov jurnalist Daniel Lanqeni “Telegram” sosial şəbəkəsində yaratdıqları, əvvəlcə “N Berlin”, daha sonra “Berlin Spezial” adlandırılan qrupa dəvət ediblər.

Daniel Lanqe “Bild”ə müsahibəsində bildirib ki, şərtlərə görə, o, görəcəyi işlər barədə heç kəsə bir söz söyləməməli, bunu hətta redaksiyadan da gizli saxlamalı idi.

Daniel Lanqe əvvəlcə fikirləşib ki, ondan və həmkarı M-dən Navalnı haqda film çəkməyi, yaxud da yazı yazmağı istəyəcəklər. Ancaq o, yanılıbmış. RT-nin üç rusiyalı rəhbəri Lanqeyə və onun reportyor həmkarı M-ə Navalnı barədə ətraflı araşdırma aparmağı tapşırıblar. Onlar bunun konsultasiya xarakterli olduğunu söyləyiblər.

Daniel Lanqeyə və həmkarı M-ə “Şarite” klinikasını izləməklə yanaşı, öz müşahidələri barədə “Telegram”dakı məxfi qrupa məlumat ötürmək də tapşırılıb.

İki gün sonra Moskvadan xəbər gəlib ki, Navalnı deyəsən Bundesverin (Almaniya Ordusunun) hospitalında müalicə alır.

Məlumatı yoxlamaq üçün RT direktorunun müavini Yekaterina Mavrenkova Daniel Lanqeyə ehtiyatlı şəkildə hospitalda olan bütün əsgərlərin fotosunu çəkməyi tapşırıb. Daniel Lanqe həmin məkanda çəkiliş aparılmasının qanuna zidd, qadağan olunduğunu söyləsə də, onu eşitmək istəməyən direktor müavini “Bizə o ərazidən fotolar lazımdır, şəkillərə mümkün qədər çox əsgər düşsün” deyə israr edib.

Tezliklə Moskvadan gələn informasiyanın yanlış olduğu bilinib. Bu dəfə RT jurnalistlərə diqqəti yenidən “Şarite” klinikasına yönəltməyi, xəstəxananı nəzarətdə saxlamağı və Navalnının müalicə aldığı binaya girməyi tapşırıb.

Yekaterina Mavrenkova “çat” müzakirəsində belə bir təklif yazıb: “Gəlin sabah “Şarite” klinikasına girməyə cəhd edək. Bizə yəqin ki, həkim qəbuluna yazılmaq da lazım olacaq”.

RT-nin rusiyalı rəhbərləri Lanqe və M-ə xüsusi mühafizə olunan xəstəxanaya pasiyent qismində daxil olmağı tövsiyə ediblər.

Daniel Lanqe “Bild”ə deyib ki, verilmiş tapşırığa əsasən, onlar klinikaya gedən bütün yolları yoxlamalı, habelə nəzarət məntəqələrinin sayını, ərazidəki mövqelərini dəqiqləşdirməliymişlər.

Lanqe və həmkarı M. klinikaya hansı yolla keçməyi öyrəniblər, Navalnının olduğu reanimasiya otağına yaxınlaşmağa çalışıblar. M. altı dəfə fərqli girişlərdən içəri keçməyə cəhd etsə də, hər dəfə təhlükəsizlik xidmətinin əməkdaşları və polislər onu saxlayıblar.

“Bild” yazır ki, bu hadisələrdən sonra Lanqe və M. polisin diqqətini cəlb ediblər. Jurnalistlərə bir daha klinikaya getməmək tapşırılsa da, onlar geri çəkilmək istəməyiblər. Lanqe ilə M-ə verilən növbəti tapşırıq həmin vaxt Berlində olan iki nəfəri – Rusiyada Qərbin casusu kimi qəbul edilən, xarici agentlər hazırlayan şöbənin rəhbəri olduğu deyilən Mariya Pevçixi və Navalnının yaxın silahdaşlarından olan Leonid Volkovu axtarıb tapmaq olub.

Daniel Lanqe inanır ki, onun “çat”da yazdıqlarının hamısı Moskvaya göndərilirmiş. Dinara Toktosunovanın RT-nin rəhbəri Marqarita Simonyanla çox yaxın münasibətlərdə olduğu da jurnalistə məlum imiş.

Məqalədə qeyd olunur ki, Daniel Lanqe onun topladığı məlumatların heç birinin itmədiyini, ötürdüyü bütün informasiyaların Rusiya rəhbərliyində oturanlara göndərildiyini düşünür.

“Bild” yazır ki, Lanqe ilə M. nə Volkovu, nə də Pevçixi tapa biliblər, axırda axtarışı dayandırmalı olublar.

Daniel Lanqe “Bild”ə deyib: “Mənə elə gəlirdi ki, kimsə məndən agent kimi istifadə edir”.

Məsələyə münasibət bildirən Leonid Volkov “Bild”ə açıqlamsında RT kanalının onu və əqidədaşlarını izləməsini, arxalarıyca casus göndərilməsini qıcıqlandırıcı hal adlandırıb: “RT-nin məni, o cümlədən həmkarlarımı izləməsi və kanalın birmənalı şəkildə Rusiya xüsusi xidmət orqanlarına işləməsi faktı adamda qıcıq doğurur. Əgər Rusiyada Almaniyanın hansısa dövlət kanalı buna bənzər addım atsaydı, əmin olun ki, həmin şəxslər cavabdeh kimi ən azı 15 il müddətinə azadlıqdan məhrum edilərdilər”.

“Bild” öz təhqiqatının nəticələrini RT kanalına təqdim edib. Kanalın cavabı belə olub: “RT-nin alman redaksiyası cənab Navalnını izləməyib”.